Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:51

Qatı sağçı namizəd Corceskunun Ruminiyada populyarlaşmasına TikTok kömək edib


Kelin Corceskunun TikTok-da kampaniyası gənc seçiciləri cəlb etməyə hesablanıb.
Kelin Corceskunun TikTok-da kampaniyası gənc seçiciləri cəlb etməyə hesablanıb.

Avropalı deputatlar TikTok-un baş icraçı direktorunu Avropa Parlamentinin sorğu-suala çəkməsinə çağırıb. "Poltico"nun bilgisinə dayanan AzadlıqRadiosu bildirir ki, "Yenilənən Avropa" liberal qrupunun rəhbəri Valeri Aye TikTok-un ötən həftə Rumıniyada keçirilən prezident seçkisində oynadığı rola toxunaraq deyib ki, ekspertlər səsvermədən öncə minlərlə saxta hesabın gizli fəaliyyətinə diqqət çəkiblər.

Səssayımı bitəndən sonra Kelin Corceskunun prezident seçkisinin birinci turunda gözlənilməz qələbəsi bir çox təhlilçini heyrətə salıb.

AzadlıqRadiosunun Praqadakı müxbiri Toni Veselovski və Rumıniyadakı əməkdaşı Simona Karlucea bunun səbəblərini araşdırıblar.

Corceskunun uğurunu sosial şəbəkələrdə apardığı kampaniyaya bağlamaq olar. Facebook və YouTube-dakı mövcudluğu ilə yanaşı, TikTok-da apardığı bacarıqlı kampaniya ona çoxmilyonlu gənc auditoriyanın dəstəyini təmin edib.

Öncə gənc seçicilər

Bu il Rumıniyada TikTok istifadəçilərinin sayı, az qala, 9 milyon nəfərə çatıb. Bu sosial şəbəkədən prezidentliyə digər namizədlər - baş nazir Marçel Çiolaku və qərbyönlü liberal Elena Laskoni də yararlanıb. Di gəl, ikinci turda qərbyönlü liberalla yarışacaq Corcesku Çinin "ByteDance" şirkətinə məxsus media platformasının bütün potensialından bəhrələnə bilib.

Onun əksər seçiciləri gənclərdir. İlk turda 18-24 yaş arası seçicilərin 31 faizi ona səs verdiyi halda, 65 yaş və yuxarı yaşlıların cəmi 8 faizi onu prezident görmək istəyib. Yaşı 44-dək olan seçicilərin onun lehinə, 45-dən yuxarı olanlarınsa əleyhinə olduğu düşünülür.

Kelin Corcesku
Kelin Corcesku

Corcesku seçicilərin korrupsiya və inflyasiya ilə bağlı məyusluğundan yararlana bilib və bir çox problemdə Aİ və ABŞ-ı suçlayaraq Rumıniyanın suverenliyinə hücum cəhdlərindən söz açıb. O, İkinci Dünya savaşı zamanı yəhudilərə nifrət püskürən ölkənin ovaxtkı faktik rəhbəri Yon Antoneskunu və Avropanın ən qəddar antisemit təşkilatlarından sayılan "Dəmiq qvardiya"nın rəhbəri Zelya Kodryanu Korneliunu tərifləyib.

Corcesku seçkiöncəsi kampaniyasında Rumıniyanın NATO və Aİ-dəki üzvlüyünü və Rusiya təcavüzü ilə mübarizə aparan Ukraynaya yardımı pisləyib. Hətta seçkilərə bir neçə gün qalmış televiziyadakı çıxışında Ukraynaya yardımın dayandırılmasına çağırıb.

TikTok-da uğurun resepti

Onun TikTok-da ən populyar videoçarxlarından biri ukraynalı uşaqların rumıniyalı yaşıdlarından daha çox dövlət yardımı alması haqqında idi.

"Ukraynada uşaq müavinətinin nə qədər olduğunu bilirsinizmi? Rumıniya, Rumıniya dövləti onlara nə təklif edir? Deyim sizə: 3 min 700 ley (780 dollar – red.), onların rumıniyalı yaşıdlarına isə 248 ley (53 dollar)", - bilgilərin sonradan gerçəyə uyğunluq dərəcəsi yoxlanılan və yalan olduğu təsdiqlənən videoçarxda Corcesku belə deyib.

TikTok-da bu videoçarxı 5.1 milyon adam izləyib, 213 mindən çox adam da bəyənib.

Ukraynalı qaçqın uşaqlarla bağlı açıqlamanın yalan olduğu müəyyən edilib.
Ukraynalı qaçqın uşaqlarla bağlı açıqlamanın yalan olduğu müəyyən edilib.

Rumıniyanın media eksperti Draqoş Stankanın fikrincə, Corcesku insanlara fikrini çatdırmaq üçün digər namizədlərdən xeyli çox halda TikTok-a bel bağlayıb.

"Kelin Corcesku rəqəmsal medialara, özəlliklə TikTok-a ideal şəkildə yaraşır. İstəkləri (düşüncəni, yaşam biçimini və parlaq gələcək təsəvvürlərini - red.) satır", - Stanka AzadlıqRadiosunun rumın xidmətinə belə deyib və əlavə edib: "Sosial medialar bizi bilgiləndirmək üçün deyil, alıcıya çevirmək üçün yaradılıb. Düşüncələr də məhsul sayıla bilər. Cənab Corcesku sosial şəbəkələrdə alıcısını tapan düşüncələri satır".

Ən uğurlu strategiyalardan biri Corceskunun televiziya və digər yerlərdə verdiyi müsahibələrin ayrı-ayrı bölümlərini TikTok-da yaymaq olub.

Noyabrın 13-də "Digi24" telekanalındakı müsahibəsini həmin kanalın saytında 70 min adam izləyibsə, TikTok-da paylaşılan həmin müsahibə 4.1 milyon baxış sayı toplayıb.

"Mən Ukrayna üçün yox, Rumıniya üçün namizədliyimi irəli sürürəm. İstər Putin, istərsə Ukrayna nə mənim tərəfdarlarımı, nə də Rumıniya xalqını maraqlandırır. Onları Rumıniya maraqlandırır. Gəlin elə edək ki, yaxşılıq, rifah, xoşbəxtlik, sabitlik və güvənlik olsun", - Corcesku 241 min bəyənmə, 14 min paylaşım və 8 min şərhin qeydə alındığı videoçarxda belə deyib.

TikTok-da paylaşılan və 3.1 milyon baxış sayı toplayan həmin müsahibənin digər hissəsində Putinə olan münasibəti barədə suala Corceskunun cavabı belə olub: "Görürəm ki, siz bu məsələdə çox israrlısınız. Bəs Rumıniya xalqının problemlərinə niyə təkid etmirsiniz? Niyə yoxsulluq probleminə, əlilliyi olan insanların probleminə, böyrək satan insanların probleminə təkid etmirsiniz?".

Temişoara şəhərində Kelin Corcesku əleyhinə etiraz aksiyası.
Temişoara şəhərində Kelin Corcesku əleyhinə etiraz aksiyası.

Yaxşı yönəldilən kampaniya

Corcesku siyasi baxışlarını yaymaqla yanaşı, TikTok-da kilsəyə getməsinə, cüdo və qaçışla məşğul olmasına dair videoçarxlar da paylaşır.

O, TikTok videolarına mümkün qədər geniş auditoriyanın baxması üçün öz izləyicilərini bu videoları paylaşıb yaymağa çağırıb və buna nail olub.

Seçkilərin birinci turu yaxınlaşdıqca, sağçı populistin adı olan həştəqlər və açar sözlərin də sayı artıb. Beləcə, TikTok sosial media platforması onu adını axtarış bölməsinə avtomatik şəkildə daxil etməyə başlayıb. Bu, TikTok-un populyar açar sözlərlə bağlı adi təcrübəsidir.

Bu strategiya indiyədək Corcesku üçün faydalı olub. Ancaq başlıca sual budur: dekabrın 8-də - seçkilərin ikinci turunda Laskoni ilə üz-üzə gələndə də həmin strategiya işə yarayacaqmı?

XS
SM
MD
LG