Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:41

Putin Trampın prezident seçilməsinə necə yanaşır?


Moskvanın mərkəzindəki suvenir mağazasında Vladimir Putin və Donald Trampı təsvir edən matryoşka.
Moskvanın mərkəzindəki suvenir mağazasında Vladimir Putin və Donald Trampı təsvir edən matryoşka.

Dünya liderləri Donald Trampı ikinci dəfə ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edərkən Vladimir Putindən təbrik mesajının gəlməsinə heç bir işarə yox idi.

Kremlin rəsmi saytındakı xəbərə görə, elə həmin vaxtlar Putin, onlayn qatılsa da, ABŞ və digər ölkələrlə resurslar uğrunda rəqabət apardığı Arktikada Rusiyanın varlıq rəmzinə diqqət çəkir, yeni nüvə buzqıran gəmisinin yolasalma mərasiminə qatılırdı. Bu, Kremlin və Putinyönlü medianın ABŞ-dakı səsvermənin nəticələrinə biganə qaldığını göstərmək cəhdləri idi. Noyabrın 7-də Putin Soçidə Trampı qeyri-rəsmi təbrik edənədək ABŞ seçkilərinin nəticələrini şərh etməkdən çəkinib.

"Münasibətlərin bərpası"

AzadlıqRadiosunun əməkdaşı Stiv Quttermanın yazısında deyilir ki, Putin iyulda Trampı sui-qəsd cəhdində göstərdiyi cəsarətə görə alqışlayıb. O, Trampın münasibətləri bərpa etmək, Ukraynadakı savaşı sonlandırmaq istəklərinin "diqqətəlayiq" olduğunu deyib.

Ekspertlərin fikrincə, Kreml Trampın qalib gələcəyi halda, ABŞ-ın Ukraynaya dəstəyinin azalacağına, Harris cüzi fərqlə üstün olsa, seçki sonuclarını mübahisələndirməyə və beləcə, ABŞ siyasətində xaosa yol açmağa ümid bəsləyirdi.

"Tramp qalib gəlsə .....Avropa səksəkəyə düşəcək və NATO parçalanmaq təhlükəsi ilə üzləşəcək", - Rusiya üzrə analitik Mark Qaleotti verdiyi bir müsahibə belə söyləyib. Qərbi ələ salmaqla ümid və planlarını təxmin etdirməyi xoşlayan Putin sentyabrda Harrisə üstünlük verdi və dövlət televiziyasında Trampın tənqidi ilə bağlı çoxlu material göstərildi.

Rusiyanın "Birinci" Kanalında hərbi şərhçi Dmitri Drozdenko Trampı "dərin dövlətin köləsi" və "acizin biri" adlandırır, Kremlyönlü teleşərhçi Vladimir Solovyov isə "2016-cı ildə biz Trampı daha çox sevdik, ancaq sonda nə qazandıq" sualını verirdi.

Di gəl, noyabrın 6-dakı axşam şousunda Solovyov sevincək-sevincək ABŞ-dakı seçki sonuclarından danışır, "Baş verənləri maraqla izləməli və ağlabatan nəticələr çıxarmalıyıq", - deyirdi.

Finlandiyanın paytaxtı Helsinkidəki ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin əl sıxırlar.
Finlandiyanın paytaxtı Helsinkidəki ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin əl sıxırlar.

Təbrikin gecikmə səbəbi

Putinin digər dünya liderləri ilə eyni gündə Trampı təbrik etməməsinin bir neçə səbəbi var.

Birincisi, o, Ukraynadakı genişmiqyaslı işğalı təcavüzkar və mənəvi cəhətdən çökmüş Qərbə qarşı sivilizasiya savaşının bir hissəsi kimi təqdim edir. Bu anlamda Putin Moskva ilə Vaşinqton arasında buzların əriməsinə ümid bəsləsə də, Ukrayna savaşı kimi digər mübahisəli məsələlərdə mövqeyini yumşaldıb güzəştə gedəcək adam təəssüratı yaratmaq istəmir.

Trampın pandemiya zamanı Putinə gizli şəkildə COVID test avadanlığı göndərdiyi və Ağ evi tərk edəndən sonra bir neçə dəfə onunla əlavə saxlaması barədə yayılan iddialardan sonra Putin Trampdan uzaq durmağa üstünlük verib.

Kremlin ehtiyatlılığı Moskvanın Ukraynaya müdaxiləsinə Trampın necə cavab verəcəyi ilə bağlı qeyri-müəyyənlik ilə də açıqlana bilər.

Co Bayden dönəmində ABŞ-ın Ukraynaya göndərdiyi on milyardlarla dollarlıq silah və digər yardımları Tramp və Devid Vansın tənqid etməsi Qərbin Kiyevə dəstəyinin tez bir zamanda səngiyəcəyinə və bunun savaş meydanında Rusiyaya üstünlük verəcəyinə Kremlin ümidlərini artırıb.

Tramp dəfələrlə demişdi ki, seçilərsə, savaşı tez bir zamanda bitirəcək. Bu da ABŞ-ın Kiyevə az, Moskvaya isə (işğal etdiyi ərazilərin Rusiyanın nəzarətində qalacağı da daxil) çox şey vəd edən razılaşmanın üzə çıxacağına bir işarə idi.

Ancaq Tramp hər iki tərəfi danışıqlar masasına necə oturdacağı barədə az danışıb. Hələlik, Putin Rusiyanın şərtləri nəzərə alınmasa, hər hansı sülh danışığına hazır olmaqda maraqlı görünmür.

Putinin Soçidəki çıxışından bir müddət əvvəl onun Təhlükəsizlik Şurasının katibi və keçmiş müdafiə naziri Sergey Şoyqu Ukraynadakı müharibə haqqında sərt ifadələr işlədib: "Qərb seçim qarşısındadır – ya onlar (Kiyevin Rusiya işğalına qarşı müdafiəsini) maliyyələşdirməyə və Ukrayna əhalisini məhv etməyə davam edəcək, ya da mövcud gerçəklərlə razılaşıb, danışıqlara başlayacaq".

XS
SM
MD
LG