Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:02

Mərkəzi Asiyanın 'demokratiya adası' təhdid altında: Qırğızıstanda müxalifət əriyir


Temirlan Sultanbekov
Temirlan Sultanbekov

Qırğızıstanda bu həftəsonu yerli keneşlərə (şuralar) keçirilən seçkilərdən öncə Sosial-Demokratlar Partiyasının ofisində axtarış keçirilib. Nəticədə partiyanın bir neçə üzvü həbs edilib.

Kris Rikltonun qələmə aldığı məqalədə deyilir ki, partiyanın sədri Temirlan Sultanbekov və seçki kampaniyasının başçısı İrina Karamuşkina səslərin alqı-satqısında suçlanıblar.

Noyabrın 16-17-də baş tutan seçkilərdə sosial-demokratlar Bişkek şəhər şurası seçkilərində iştirakdan kənarlaşdırılıblar. Sözügedən insident Qırğızıstandakı rejimin fikir ayrılığına "allergiya" işartılarından biridir.

Sadır Japarovla müttəfiqlərinin hakimiyyətə gəlməsindən dörd il ötsə də, avtoritar Mərkəzi Asiyada Qırğızıstanın "demokratiya adası" imicinə ard-arda zərbələr endirilib - mediaya, vətəndaş toplumuna və siyasi rəqiblərə qarşı repressiyalar gerçəkləşdirilib. Qırğızıstanda, bir qayda olaraq, parlaq və gərgin keçən seçkilərin qonşu ölkələrdəki seçkilərə bənzəyə bilməsi narahatlıq doğurub.

Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev və prezident Sadır Japarov.
Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev və prezident Sadır Japarov.

Lütfən, tənqid etməyin

2020-ci il seçkilərindən sonrakı iğtişaşlar zamanı girov götürüldüyü deyilən 55 yaşlı Japarov həbs edildi. Onun prezident kürsüsünə gedən dramatik yolu növbəti il keçirilən seçkilərdə böyük fərqlə qələbə qazanması ilə tamamlandı.

Rastlaşdığı 16 namizədin bir neçəsi onun qətiyyətli tənqidçiləri idi. Hətta biri milli televiziyanın canlı efirində onu korrupsiyada suçladı.

Ovaxtdan bugünədək baş verənlər göstərir ki, indiki hakimiyyət dönəmində bir daha elə seçkilər keçirilməyəcək.

Korrupsiya ittihamlarını dilə gətirən Milli Güvənlik Komitəsinin sabiq başçısı Adil Seqizbayev seçkilərdən sonra yetkilərindən sui-istifadədə suçlanaraq bir ildən çox müddəti həbsxanada qaldı. Həmin çıxışla bağlı videoçarxı yenidən paylaşan yeniyetmə bir bloqer də bir neçə aylığa həbsə atıldı. Bir neçə başqa namizəd də məhbus və ya ev dustağı həyatı yaşadı.

Parlament gücsüzləşdirilib

2021-ci il seçkilərində ikinci yer tutan Adaxan Madurxanov səsvermə hüququndan məhrum edildi və dövlətə xəyanətdə suçlanaraq həbs olundu.

Xarizmatik, YouTube-a meylli və dini qruplarla yaxından bağlantılı Nurjiqit Kadırbekov da parlamentdəki yerindən imtina etdi. Kadırbekov və rəhbərlik etdiyi "İyman nuru" partiyası ara-sıra hökuməti tənqid etsə də, müxalifətə aid edilə bilməzdi. Di gəl, hər hansı populyarlıq təhdid təsiri bağışlaya bilərdi.

Nurjiqit Kadırbekov
Nurjiqit Kadırbekov

Beynəlxalq Respublikaçı İnstitutunun maliyyələşdirdiyi çoxsaylı sorğular göstərir ki, Japarov və onun, əslində, ölkəni yönəldən ortağı - Milli Güvənlik Komitəsinin sədri Kamçıbek Taşıyevdən sonra Kadırbekov populyarlıq və göstərilən etimad baxımından Qırğızıstanın sayca üçüncü siyasətçisidir.

Kadırbekov bir vaxtlar ianə fondunu yönəltmişdi. Oradakı mühasibat sənədlərində pozuntularla bağlı qəfildən araşdırma başladılınca, o, səs-səmirsiz parlamenti tərk etdi. Hakimiyyət bildirdi ki, bu fond Türkiyə hökumətinin dini tədrisə ayırdığı milyonlarla dollar haqqında düzgün hesabat təqdim etməyib. Düzdür, Kadırbekov indiyədək həbsdən yayına bilib.

Bütün siyasət məhəlli xarakter daşıyır

Ümumdövlət siyasəti ilə müqayisədə yerli siyasətin önəmi böyük deyil. Japarovun mərkəzləşmə islahatlarından sonra isə bu önəm daha da azalıb. 2021-ci ildə parlament yeni konstitusiyanın qəbulundan sonra hakimiyyəti hökumətə ötürdüyü kimi, daha şəhər şuraları da merləri seçmir. Əvəzində şəhər rəhbərlərini prezident təyin edir. Bu da vəzifə tutan şəxsi əvvəlkindən daha çox mərkəzdən asılı duruma salır.

Ancaq partiya və siyasətçilər hələ də danışıqlar masasında öz yerini tutmaq istəyir. Bu, özəlliklə görüləsi bir çox işin olduğu paytaxt Bişkekə və cənubdakı Oş şəhərinə aiddir. Toplam 40-a yaxın partiya və 5 mindən çox namizəd noyabrın 17-də keçirilən yerli seçkilərə qatılıb.

Qırğızıstanda yerli seçkilərdə səsvermə.
Qırğızıstanda yerli seçkilərdə səsvermə.

Bişkekdəki seçkilərdə iştirakdan uzaqlaşdırılsalar da, sosial-demokratlar beş bölgə mərkəzində şəhər şuralarına düşmək üçün 5 faizlik həddi adlaya bildilər. Yenidən qeydiyyatdan keçsə də, Qırğızıstanın 10 ildən çox hakim partiyası olan və hələ də keçmiş prezident Almazbek Atambayevə sıx bağlı qalan Sosial Demokratlar Partiyasına böyük rəğbət var. Di gəl, tarix göstərir ki, Qırğızıstanın siyasi partiyaları öz rəhbərliklərinə şiddətli basqılardan əziyyət çəkir.

Beynəlxalq Respublikaçılar İnstitutunun dəstəklədiyi sorğuya görə, ötən ilin may ayında ən populyar partiya kimi tanınan "İyman Nuru" Bişkek və Oş şəhər şurasına seçkilərə qatılmayıb və ölkə üzrə cəmi altı yerli seçkidə gücünü sınayıb.

Madumarovun "Bütün Qırğızıstan" partiyası yalnız bir yerli seçkiyə qatılıb. Partiya cənubda yerləşən Kerben şəhərində çətinliklə gərəkən həddi aşa bilib.

Şəhər şuralarında yer qazanmaq üçün hakimiyyət düşərgəsini "Jana Qırğızıstan" (Yeni Qırğızıstan) partiyası təmsil edib. Partiyanın tarixi olmasa da, hakim duetlə sıx əlaqəsi var.

Sosial-demokratları səslərin satın alınmasında suçlamağa guya əsas verən internetdə qəfildən peydə olmuş telefon danışığıdır. Pul paylaşımı barədə danışsalar da, keçmiş prezidentin oğlu və partiyanın rəhbər üzvlərindən biri olan Kadır Atambayev deyir ki, səs yazısında söhbət kampaniya fəallarına ödənişlərdən gedib.

Partiyanın 26 yaşlı lideri Sultanbekov noyabrın 13-də və 14-də 20 saatdan çox sorğu-suala çəkilib.

"Gələcək seçkiyə də inamı məhv etməyi bacaranlar"

Ötən həftə parlamentdə çıxış edən Taşıyev deyib ki, Sosial-Demokratlar Partiyasının fəalları səslərin satın alınmasına birbaşa qatılıblar. Ancaq hökumətin seçkilərə müdaxilə etdiyi günlərin geridə qaldığını söyləyən Milli Güvənlik Komitəsinin sədri ittihamını təsdiqləyən heç bir dəlil təqdim etməyib.

Ötən ildən Qırğızıstanda yasaqlanan "Kloo" araşdırma və xəbər nəşrinin həmsədri, jurnalist Rinat Tuhvatşin bildirib ki, "ölkə rəsmiləri yalnız bu xırda seçkilərə deyil, indiki rejim dönəmində baş tutacaq istənilən gələcək seçkiyə də inamı məhv etməyi bacarıbar".

Bütün bunların daha dağıdıcı fəsadları vardı, axı "bütün çətinliklərə baxmayaraq, seçkilər cəmiyyətimizdə mühüm bir institut olaraq qalırdı", - Tuhvatşinin sözləridir.

XS
SM
MD
LG