Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:14

Məhkəmə qərarı: polislər eyni adamlardan hal şahidi kimi yararlanır


Polis. Foto arxiv
Polis. Foto arxiv

Azərbaycanda vəkillərin ən çox şikayətləndiyi məsələlərdən biri də hal şahidliyidir. Hal şahidi, əslində, tərəfsiz, olayın özü və iştirakçılarıyla yaxından-uzaqdan heç bir əlaqəsi olmayan şəxs olmalıdır. Gözüylə gördüyünü də qərəzsiz və obyektiv şəkildə deməlidir. Vəkillər Azərbaycanda hal şahidlərinin çox vaxt hüquq-mühafizə orqanlarıyla qeyri-rəsmi əməkdaşlığından gileylənirlər. Başqa sözlə, polislər istədikləri zaman həmin adamlardan yararlanırlar.

Təsadüfən o ərazidən keçirmiş?

Narkotik suçlamasıyla həbs olunan ictimai-siyasi fəalların işlərinə məhkəmələrdə baxılanda da dəfələrlə bu məsələ qaldırılıb. Hal şahidləri, demək olar, həmişə ifadələrinə belə başlayırlar: «Təsadüfən o ərazidən keçirdim, polislər çağırıb, şahidlik eləməyimi istədilər, mən də razılaşdım...». Vəkillərsə o adamların həmin ərazidən təsadüfən keçmədiyinə, dəfələrlə başqa işlərdə də eyni statusla çıxış edib, həbs olunanların əleyhinə ifadə verdiklərini sübuta yetirməyə çalışırlar. Məhkəmədən də istəkləri bu olur ki, həmin hal şahidlərinin ifadələri mötəbər sübut kimi qəbul edilməsin. Bir çox hallarda vəkillərin bu cəhdləri nəticəsiz qalır, onların qaldırdığı məsələlərə önəm verilmirdi.

Artıq məhkəmələr də bu məsələyə diqqət yetirməyə başlayıb. Narkotik suçlamasıyla həbs olunan Bakı sakini Ricad Kazımova həm də bu fakta görə bəraət verilib. O, külli miqdarda narkotik satışı suçlamasıyla həbs olunubmuş. İddia edilmişdi ki, Suraxanı qəsəbəsində polislər onu saxlayıb, şalvarının cibindən 203 qram heroin tapıblar. Onun cibindən narkotik çıxmasını hal şahidləri İntiqam KərimovDərgah Quliyev də təsdiqləyibmiş.

Bakı Ağır Cinayətlər Məhkəməsi 35-yaşlı Ricada 6 il həbs cəzası kəsibmiş. Hökmdə onun suçlu olmasının sübutu kimi, polislərin və hal şahidlərinin ifadələri qeyd edilmişdi. R.Kazımov özü isə suçsuz olduğunu, cibinə narkotikin atıldığını iddia etsə də, məhkəmə bunu inandırıcı saymamışdı.

R.Kazımovun apellyasiya şikayəti nəticə verib

Bütün bunlardan sonra R.Kazımov hökmdən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi fərqli nəticəyə gələrək onun haqqında bəraət hökmü çıxarıb.

Bu dəfə prokurorluq narazı qalaraq Ali Məhkəməyə protest verib. Ali Məhkəmə də R.Kazımovun təqsirsiz olması nəticəsinə gəlib və apellyasiya instansiyasının qərarını qüvvədə saxlayıb.

Ali Məhkəmənin qərarında göstərilib ki, bu işdə hal şahidliyi edən İ.Kərimov, azı, 43 müxtəlif cinayət işlərində eyni vəzifəni görüb. O, təkcə Yasamal rayon Məhkəməsində baxılan 37 cinayət işində, Suraxanı rayon Məhkəməsindəki 2 cinayət işində, Xətai rayon Məhkəməsindəki 4 cinayət işində hal şahidi kimi dindirilib.

Bu, R.Kazımovun cibindən narkotik tapılmasına şahidlik etdiyini deyən başqa birinin – D.Quliyevin də ilk təcrübəsi deyil. Ali Məhkəmə öz qərarında yazır: «Digər hal şahidi Quliyev Dərgah Qulam oğlunun da əvvəl başqa istintaq hərəkətində hal şahidi qismində iştirakı aşkarlanıb».

AzadlıqRadiosunun araşdırması üzə çıxarıb ki…

Adları çəkilən şəxslərin ikisi də müxtəlif vaxtlarda ictimai-siyasi fəalların işlərində də hal şahidliyi edib.

Məsələn, İ.Kərimovun adı Nardaran əməliyyatı (ilahiyyatçı Taleh Bağırov və digərlərinin tutulması-red.), mərhum prezident Heydər Əliyevin heykəlinə şüar yazmış fəal Bayram Məmmədovun həbsiylə bağlı cinayət işlərində keçir.

B.Məmmədovun işinə baxılanda vəkil Elçin Sadıqov sorğusuna bu hal şahidinin Narkoloji Dispanserdə qeydiyyatda olması barədə rəsmi cavab almışdı.

D.Quliyevə gəlincə, o, Müsavat başqanının müavini Fərəc Kərimli həbs olunarkən ona qarşı ifadə vermiş şahidlərdəndir. D.Quliyev məhkəmədə dindiriləndə F.Kərimli deyirdi ki, «bu şəxs 100-dən artıq adamın əleyhinə ifadə verib». Lakin o zaman məhkəmə onun söylədiklərinə əhəmiyyət verməmişdi.

Həbs olunarkən AXCP üzvü olmuş, hazırda isə Müsavat Partiyasının sıralarında olan gənc fəal Elvin Abdullazadənin də işində iki hal şahidindən biri D.Quliyev olub.

XS
SM
MD
LG