Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:10

Uzun illər hal şahidi kimi polisə xidmət edib, özü də indi...


Polis
Polis

Bakı Ağır Cinayətlər Məhkəməsində 60 yaşlı Abduləli Həbibovun mühakiməsi gedir. O, külli miqdarda narkotik satışında suçlanır. Amma üstündən tapılan narkotikin əslində, onun olmadığını deyir: ​«Danışanda Allahla danışmaq lazımdır, məni döyən olmayıb. Narkotik mənim üstümdən çıxmışdı. Amma mənim olmadığını sübut edə bilmirdim. Ona görə də könüllü qəbul elədim ki, mənimdir».

İttihamda yazılıb ki, A.Həbibov Qaxda naməlum mənbədən külli miqdarda narkotik alıb, Bakıya gətirib. Paytaxtın Bayıl qəsəbəsində Həbibov taksidən düşəndə polis əməkdaşları onu saxlayıb.

***Buna da bax-12 işdə 'üzəduran' bu dəfə dindar fəalın məhkəməsində...

«Masallıda qeydiyyatdayam. Bir neçə aydır ailəmlə Xırdalanda kirayədə yaşayırdıq. Ev keçmiş prokurorun idi, bizə pulsuz vermişdi. Gündəlik fəhləlik edib çörəkpulu qazanırdım. Bir gün Xırdalanda fəhlə bazarında durmuşdum, iş axtarırdım. Bir nəfər yaxınlaşdı, adının Rüstəm, ləqəbinin də «Makara» olduğunu dedi. Məndən soruşdu ki, günü neçəyə işləyirsən? Dedim, 20 manata. Qayıtdı ki, gündə 30 manat verirəm, amma iş Qaxdadır. Razılaşdım, başqa qazanc yerim yox idi. Üç günlük iş üçün Qaxa getdim. Qayıdanda Rüstəm mənə sellofan verdi, dedi ki, Bakıda məndən götürəcəklər. Taksidən düşəndə polislər məni saxladı, sellofandan narkotik çıxdı. Hal şahidləri gətirdilər, çəkiliş oldu...», – A.Həbibov özü isə hadisəni belə danışır.

Bu hadisədə diqqətçəkən məsələ isə A.Həbibovun özünün bundan öncə dəfələrlə narkotiklə bağlı cinayət işlərində hal şahidi qismində iştirakıdır. Bunu da məhkəmədə özü danışıb: «Mən özüm Masallıda polis əməldaşlarına kömək edirdim. Hal şahidliyi eləmişəm. Ondan çox işdə hal şahidi qismində iştirakım olub. O işlərin çoxu narkotik, oğurluq işləri idi. Dünyadır da, indi özüm mənim olmayan narkotikə görə burdayam...».

Vəkil Y.İmanov
Vəkil Y.İmanov

Polis hal şahidi axtaranda qarşılarına eyni adamlar çıxır?

Bir adamın özünün də etiraf etdiyi kimi, 10-dan artıq işdə hal şahidi qismində iştirakı təsadüf ola bilərmi?

Cinayət Prosessual Məcəllənin 94-cü maddəsi hal şahidliyindən bəhs edir. Yazılıb ki, hal şahidi qismində cəlb olunanın özünün mütləq razılığı, onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyəti olmalıdır.

Vəkil Yalçın İmanov isə deyir ki, istintaq orqanları bir çox hallarda hal şahidliyi ilə bağlı qanunun tələblərini pozurlar. Məsələn, əqli baxımdan sağlam olmadığı həkim rəyi ilə təsdiqlənmiş adamların hal şahidi kimi istifadə olunması halları var. Vəkilin sözlərinə görə, eyni adamdan dəfələrlə hal şahidi kimi istifadə praktikası isə Azərbaycanda çox geniş yayılıb: «Hüquqlarını müdafiə etdiyim bir dindar fəal vardı, Əhsən Nuruzadə, onun işindəki hal şahidlərindən biri Adil Əhmədov 12 başqa cinayət işində eyni rolda çıxış etmişdi. Hələ 12-si bizim əldə etdiyimiz faktlar idi və məhkəməyə təqdim olunmuşdu. Hal şahidi təsadüfən hadisə yerinə dəvət olunan şəxs olmalıdır. Necə oldu ki, istintaq orqanının əməkdaşları hal şahidi axtaranda elə həmişə bu adam qarşılarına çıxdı?».

***Buna da bax-Vəkil: 'Alkoqolizmdən... əziyyət çəkəndən üzəduran kimi istifadə olunur'

Y.İmanovun sözlərinə görə, elə həmin işdə başqa bir hal şahidi (Namət İbrahimov-red.) vardı ki, Respublika Narkoloji Mərkəzindən vəkil sorğusuna cavabda onun alkoqolizmdən, psixi fəaliyyətin pozulmasından əziyyət çəkdiyi göstərilmişdi.

«Aralarında narkotik asılılığı olanlar çoxdur»

Keçmiş prezident Heydər Əliyevin heykəlinə şüar yazdıqdan sonra narkotik ittihamı ilə 10 il həbs cəzası alan gənc fəal Bayram Məmmədovun məhkəməsində də hal şahidi ilə bağlı eyni məsələ ortaya çıxmışdı. Vəkil Elçin Sadıqov məhkəməyə Bayramın cibindən və evindən narkotik çıxmasını öz gözü ilə gördüyünü iddia edən hal şahidi İntiqam Kərimovun bir xeyli başqa işdə də eyni missiyanı yerinə yetirdiyini təsdiqləyən sənədləri təqdim etmişdi.

Hal şahidliyini az qala, özünə peşə seçmiş adamları müəyyənləşdirmək üçün Facebook-da səhifə yaradılıb. «Cinayət işləri üzrə standart hal şahidlərinin reyestri» adlı səhifədə həmin şəxslərin adları, çıxdıqları cinayət işləri paylaşılır.

«Düzdür, bir nəfərin bir neçə işdə hal şahidi olmasıyla bağlı qanunvericilikdə məhdudiyyət yoxdur. Amma problem başqadır. Təsadüf iki, uzağı üç dəfə olar. Bir adam 12-15 işdə hal şahidi olursa, bu, artıq şahidlik deyil. Qanunda hal şahidliyi ilə bağlı tələblərdən biri də həmin şəxsin cinayət təqibində maraqlı olmaması, yəni neytral biri olmasıdır. Aydın məsələdir ki, eyni istintaq orqanının apardığı 10-15 işdə iştirak edən şəxs həmin orqanla qeyri-rəsmi əməkdaşlıq edir. Yəni o, orqandan asılıdır. Asılı edən səbəblər də müxtəlif olur. Maraqlıdır ki, hal şahidliyi edən şəxslər arasında xeyli sayda narkotik asılılığı olanlar var. Hal şahidlərinin şəxsiyyəti ilə bağlı vəkil sorğularına aldığımız cavabdan görünür», – Y.İmanov bildirib.

Vəkillər həm də məhkəmələrin bu cür hallara göz yummasından, faktlara əhəmiyyət verməməsindən şikayətlənir.

Məhkəmə-Hüquq Şurasından AzadlıqRadiosuna bildirilib ki, vəzifəsindən asılı olmayaraq, hər kəsin, o cümlədən vəkillərin məhkəmələr və hakimlərin hərəkətlərindən bu quruma ünvanladıqları şikayətə baxılır və lazımi addım atılır.

XS
SM
MD
LG