Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:24

Fransa səfiri prezidentə, ABŞ səfirliyi AZTV-yə cavab verdi


Prezident İlham Əliyev və Fransanın səfiri Ann Buayon
Prezident İlham Əliyev və Fransanın səfiri Ann Buayon

Dekabrın 19-da Fransanın Bakıdakı səfiri Ann Buayon prezident İlham Əliyevin bir gün öncə Rusiya mediasına müsahibəsində Fransa barədə dediklərinə reaksiya verib. Prezident demişdi ki, "hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir".

Səfir isə X hesabında belə yazıb: "Fransa səfirliyinə göndərilən viza sorğuları bu il yenidən artmaqdadır. Uğursuz dövlətlərin sirli cazibəsi haradan gəlir?".

Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə X platformasında səfirə cavab verib ki, Fransanın Bakıdakı səfirliyi yalnız həmin ölkəyə səfər üçün viza vermir. O, əksinə, səyahət xəbərdarlığına baxmayaraq, Azərbaycana səyahət üçün Fransa vətəndaşlarının müraciətlərinin artdığını deyib.

Dekabrın 19-da ABŞ səfirliyi də sosial media hesablarında AZTV-nin yayımladığı süjetə münasibət bildirib. "Azərbaycanın "yox" cavabı ABŞ-ni silkələdi: Vaşinqtondan Bakıya qarşı "namərd diplomatiya"" adlı süjetdə iddia edilib ki, ABŞ dövlət katibi Antoni Blinkenin hökuməti haqsız tutulanları azad etməyə çağırışının arxasında Bakının Maltada onun vasitəçiliyi ilə Yerevanla təmasdan imtinası dayanır.

ABŞ səfirliyi isə bildirir ki, hökumətin azad mediaya və vətəndaş cəmiyyətinə təzyiqləri ilə bağlı beynəlxalq tənqidlər bir səbəbdən irəli gəlir: hökumətin göstərdiyi təzyiqlərdən: "2023-cü ilin noyabrından bəri 30-dan çox jurnalist və bloqerin həbs edilməsi artıq bir faktdır. Bunun səbəbini soruşmaq "namərdlik" sayılır? Yoxsa əsl "namərdlik" Azərbaycan ictimaiyyətini bu faktlardan yayındırmaq cəhdidir? Media Savadlılığı Həftəsi keçirilərkən, unutmayaq ki, müxtəlif məlumat mənbələrini araşdırmaq, gündəmdə olan iddiaları təhlil edib qiymətləndirmək və yanlış məlumatların təsirinə qarşı ayıq-sayıq olmaq vacibdir".

XİN-in sözçüsü A.Hacızadə bu bəyanatı da cavabsız qoymayıb. O, X platformasındakı paylaşımında yazır ki, "...əsl "namərdlik" ABŞ-nin "məşhur, dürüst və qərəzsiz" kimi təqdim edilən qurumları tərəfindən yalanın həqiqət kimi göstərilməsi və sırf geosiyasi məqsədlər üçün insan hüquqlarından bəhanə kimi istifadə olunmasıdır".

Bu söz atışmaları Azərbaycanın Qərblə münasibətlərinin gərginləşməsi fonunda baş verir. Rəsmi Bakı Fransanı Ermənistanı silahlandırmağa liderlikdə ittiham edir.

Son dövrlər ölkədə müstəqil media və vətəndaş cəmiyyətinə təzyiqlərlə bağlı Qərbdən gələn bəyanatları isə rəsmilər qərəzli sayır, ölkənin məhkəmə-hüquq sisteminə müdaxilə kimi dəyərləndirirlər.

XS
SM
MD
LG