Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:37

‘100-ə nə qaldı?’: Bağırovun şəxsən güllələdiyi əmək və əkinçilik naziri Əhməd bəy Pepinov [13-cü yazı]


Əhməd bəy Pepinov
Əhməd bəy Pepinov

BİOQRAFİYASI:

Əhməd bəy Ömər ağa oğlu Pepinov 1893-cü il Ahıskanın Axalkələk kəndində doğulub. Tiflis gimnaziyasını qızıl medalla başa vurub. Moskva Dövlət Universitetinin hüquq və iqtisadiyyat fakültəsini bitirib (1913-18).

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

Tələbəlik illərində “Azərbaycan Həmyerlilər Təşkilatı"nın rəhbərlərindən olub, "Axalkələkli Əhməd Cövdət" imzası ilə "Açıq söz" qəzetinə məqalələr göndərib. 1918-ci ildə Bakıya gəlib və “neft və milyonlar səltənəti”ndə baş verən siyasi hadisələrə qoşulub. “Hümmət” partiyasına yazılıb. Zaqafqaziya Seyminin (1918) müsəlman fraksiyasının, cümhuriyyətin Milli Şurasının (1918) və parlamentinin üzvü, parlamentin katibi olub. Nəsib bəy Yusifbəylinin qurduğu ikinci hökumət kabinəsində, daha sonra cümhuriyyətin beşinci hökumət kabinəsində (24.12.1919 - 30.03.1920) əmək və əkinçilik naziri çalışıb. Aprel işğalından sonra Bakıda qalıb. Müxtəlif işlərdə çalışıb. Mədəni-maarif və nəşriyyat işlərinə rəhbərlik edib. 1930-cu ildən 1933-cü ilin iyulunadək Bakıda Xalq Daxili İşlər Komissarlığının (XDİK-in) həbsxanasında saxlanılıb. 1933-cü ilin iyulundan Ulyanovska sürgün edilib. Daha sonra Qazaxıstana köçüb. Hətta Qazaxıstanda maarif nazirinin müavini olub. 1937-ci ildə yenidən Ulyanovska qayıdıb və həbs edilib. 1938-ci il iyulun 3-də 15 dəqiqə içində ona ölüm hökmü çıxarılıb və hökm icra olunub. 1957-ci ildə elə həmin qurum ona bəraət verib.

ƏHMƏD BƏY PEPİNOVUN TARİXDƏ QALAN ƏMƏLLƏRİ:

Əhməd bəy Pepinov cümhuriyyət parlamentinin işində fəallıq göstərib. Mənsub olduğu Sosialistlər Fraksiyası adından önəmli məsələlərin, o sıradan Antanta ilə, Gürcüstan və Ermənistanla münasibətlərin, "Denikin təhlükəsi"nin, bir sıra qanun layihələrinin, o cümlədən parlamentin 1919-cu il oktyabrın 20-də qəbul etdiyi "Nəşrlər istehsalı haqqında" qanununun hazırlanmasında yaxından iştirak edib. Azərbaycan Müəssislər Məclisinə (Məclisi-məbusana - red.) seçkilər üzrə komissiya sədrinin müavini (sədr M.Ə. Rəsulzadə olub) seçilib. Əhməd bəy "Hümmət" partiyasının üzvü kimi, zaman-zaman müəyyən siyasi və iqtisadi məsələlərdə cümhuriyyət hökumətinin mövqeyi ilə razılaşmayıb, onun fəaliyyətini tənqid edib.

Buna da bax: '100-ə nə qaldı?..': 'İstiqlal Bəyannaməsi' kimin əsəridir? [1-ci yazı]

BAKI DÖVLƏT UNİVERSİTETİNİN YARANMASI

1919-cu il aprelin 8-də Azərbaycan Cümhuriyyəti paytaxtda universitet açılmasıyla bağlı qərar qəbul edib. Universitetin 1919-20-ci tədris ilində işə başlaması barədə xalq maarif nazirliyinə tapşırıq verilib. Hökumət universitetin təsis edilməsi barədə qanun layihəsini iyunun 7-də təsdiq üçün parlamentə təqdim edib. Layihə parlamentdə qızğın müzakirələr doğurub. Pepinov bu müzakirələrin fəal iştirakçılarından sayıla bilər. O, istər müzakirələrin daha faydalı məcraya yönəlməsində, istərsə universitetin açılması üçün vəsait ayrılmasına böyük əmək sərf edib. Cümhuriyyət dövründə Bakıda keçirilən təntənəli "Türk gecələri" konsertinin və digər müsabiqələrin təşkili də Pepinovun adı ilə bağlıdır. 1919-cu ildə parlamentin orqanı olan “Azərbaycan” qəzeti yazırdı: “Gəncədə 23 mart 1919-cu ildə qoşun hissələrinin paradı keçirilmişdir. Paradda F. Xoyskinin başçılıq etdiyi hökumət və parlament üzvləri, o cümlədən Sosialist Fırqəsinin üzvü Ə. Pepinov, parlamentin hərbi məsələlər üzrə komissiyasının üzvü C. Hacınski iştirak etmişlər”.

CÜMHUURİYYƏT TƏLƏBƏLƏRİ

Əhməd bəyin parlament fəaliyyəti barədə daha bir fakt. 1919-cu ildə milli hökumət 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xaricdə təhsil alması üçün qanun qəbul edib. Parlamentin xaricə göndəriləcək gəncləri müəyyənləşdirmək məqsədilə yaratdığı müsabiqə komissiyasına Əhməd bəy də daxil idi. 1920-ci ildə cəmiyyətin müxtəlif təbəqələrindən təxminən 100 tələbə xaricə - Avropanın ən yaxşı ali məktəblərinə göndərilib. Təhsil Nazirliyinə buna görə 7 milyon rubl ayrılıb. Bolşevik işğalından sonra onların çoxu təhsilini davam etdirə bilib. Təhsilini bitirib Bakıya dönənlərin bir çoxu 30-cu illərdə “Azərbaycanın müstəqilliyinin bərpasına çalışma” və “Almaniyaya casusluq etmə” ittihamıyla repressiyaya uğrayıb. Eynən Əhməd bəy Pepinov kimi. Bu barədə ayrıca yazıda bəhs edəcəyik.

Buna da bax: '100-ə nə qaldı?': 'Azərbaycanda onların heç birinin qəbri yoxdur' [2-ci yazı]

ŞAMAXI ZƏLZƏLƏSİNDƏ AZ QALA ÖLƏN 9 YAŞLI ƏHMƏD, ŞAİR SABİRİN SON ANI...

Əhməd bəy Axalkələkdə doğulsa da, anası xəstə olduğundan dayısının himayəsində yaşayıb. Dayısı da kim ola? - “Molla Nəsrəddin” dərgisinin qurucularından - Ömər Faiq Nemanzadə. Faiq Əfəndi həyatının bəlli dövrlərində Şamaxıda və Tiflisdə yaşadığından, balaca Əhmədi də özüylə bu şəhərlərə aparıb. Hətta məşhur Şamaxı zəlzələsi baş verəndə (1902-ci il - red.) ailə həmin şəhərdə olub. Yaşadıqları ikimərtəbəli ev uçub, Faiq Əfəndi özü yaralanıb. Həyat yoldaşı uçuqların altından canını güclə qurtarıb. Ömər Faiq sonralar yazdığı xatirələrində həmin günü belə təsvir edir: “Yoldaşım özündən başqa evimizin divarı altında qalıb ölüm halına düşən bacım oğlu Əhməd Pepinovu daşların altından çox çətinliklə çıxarıb qurtarmışdı”. Tiflisdə “Molla Nəsrəddin” dərgisinin nəşr olunduğu binanın birinci mərtəbəsində “Qeyrət” mətbəəsi yerləşib, ikinci mərtəbədə isə Cəlil Məmmədquluzadə ilə Ömər Faiq yaşayıblar. M. Cəlil gənc Əhmədə o vaxtlar ağır xəstə olan böyük şair Sabirə qayğı göstərməyi xahiş edib. Sabir Əhməd bəyin gözü qarşısında, onun qollan arasında canını tapşırıb...

POLİQLOT ƏHMƏD

Müasirlərinin dediyinə görə, yüksək mədəniyyətə malik Əhməd bəyin bir özəlliyi də varmış. Əhməd bəy poliqlot olub. O, türk, rus, gürcü, alman, fransız və yunan dillərini bilirmiş.

İŞĞAL

1920-ci ilin bolşevik işğalı Əhməd bəy Pepinovun da həyatını mürəkkəbləşdirib. Hələ işğaldan öncə - 1920-ci ilin aprelinin ilk günlərində bolşeviklərin Bakıya gəlişini önləmək üçün onu parlament üzvü Rəhim bəy Vəkilovla danışıqlar aparmaqdan ötrü Qroznıya göndəriblər. Danışıqların heç bir nəticə vermədiyi məlum... İşğaldan sonra Pepinov Bakıya qayıdıb. Serqo Orconikidze ilə tanışlığı sayəsində burda yaşamağa davam edib. Müxtəlif işlərdə çalışıb. İyirminci illərin dövri mətbuatında çıxış edib. Latın qrafikalı Azərbaycan əlifbasının ilk variantının yaradıcılarından biri olub. Amma heç bir fəaliyyət onun yox edilməsinin qarşısını ala bilməyib.

AİLƏSİ

Əhməd bəy Pepinov cümhuriyyət parlamenti sədrinin müavini doktor Həsən bəy Ağayevin qızı Xurşud xanımla evli olub. Bolşeviklər bəlkə də bu faktı ona bağışlamayıblar. Üstəlik, bu evlilik bolşevik işğalından - Həsən bəy Ağayevin Tiflisdə qətlindən sonra olub. Həmin evlilikdən onların Sevda adlı qızları dünyaya gəlib. Həbs olunandan sonra Əhməd bəy həyat yoldaşını qorumaq üçün ona boşanma təklif edib və Xurşud xanım onun bu istəyiylə razılaşıb. Hətta təzədən ailə qurub. Maraqlıdır ki, bu boşanma Əhməd bəyin 2659 saylı həbs anketində də qeyd edilib: “Ə. Pepinov 1893-cü ildə Tiflis quberniyasında anadan olub, iqtisadçı, 1930-cu ildə Az.SSR CM-in 64-cü maddəsi ilə ittiham edilib, həbs altında saxlanılıb, boşanıb, qızı Sevda 11 yaşında”. Əhməd bəyin yeganə övladı Sevda nənəsinin himayəsində böyüyüb. Ona Həsən bəyin həyat yoldaşı Xədicə xanım baxıb. Sevda xanım sonralar bənzərsiz gülüş ustası Lütfəli Abdullayevin həyat yoldaşı olub. AzadlıqRadiosu-nun “İz” proqramının arxivində onların qızı, Əhməd bəyin nəvəsi Xurşud xanım Abdullayevanın səsi qorunub saxlanır:

Pepinovun nəvəsi Xurşud xanım
Pepinovun nəvəsi Xurşud xanım

Buna da bax: ‘100-ə nə qaldı?’: Nə üçün Gəncə? [3-cü yazı]

“YA SEVDA, YA HEÇ KİM!”

“Bu cütlük qeyri-adi cütlük idi. Bir tərəfdən də sanki bu insanlar bir-biri üçün yaranmışdı. Müxtəlif təbiətli, fərqli mədəniyyətli insanlar 1943-cü ildə tanış olmuşdular. Müharibə vaxtı incəsənət işçiləri üçün yeməkxana açılmışdı. O vaxt nənəm Xurşud xanım Ağayeva (xatırladaq: Həsən bəy Ağayevin qızı - red.) konservatoriyanın rektoru, əməkdar incəsənət xadimi idi. Xurşud xanımın o yeməkxanaya talonu vardı. O, talonunu qızı Sevdaya veribmiş. Sevda hər gün orada yemək yeyər və musiqili komediya teatrında çalışan atam da o yeməkxanaya gələrmiş. O, anamı görən kimi vurulub və yanındakı dostuna deyib ki, onunla evlənəcəyəm. Heç adını, kim olduğunu da bilmirmiş. Sonralar bilib ki, anam Əhməd bəy Pepinovun qızı, Həsən bəy Ağayevin nəvəsidir... Atama deyiblər ona yaxın düşmə. Xalq düşməninin qızı kimi tanınır və sənin karyerana ziyan dəyər. 48, ya 49-cu ildə atamı KQB-yə də çağırıblar. Deyiblər əl çək bu xanımdan. Atam deyib ya onunla evlənəcəyəm, ya heç kimlə! Daha atama dəyməyiblər ondan sonra”.

Xurşud xanım və Əhməd bəy Pepinov
Xurşud xanım və Əhməd bəy Pepinov

XƏDİCƏ XANIM AĞAYEVA: “HƏYATIMIN YEGANƏ SƏHVİ...”

“Anamın nənəsi (Həsən bəy Ağayevin həyat yoldaşı Xədicə xanım - red.) tatar knyaginyası idi. Evdə fransızca, almanca danışırdılar. Və təbii ki, onlar atamı bəyənmirdilər. Nənəm deyərmiş ki, ay Sevda, heç olmasa dram artisti olaydı, muzkomediya nədi? Və 15 il anamı atama verməyiblər. Şəmsi Bədəlbəyli danışırdı ki, bir dəfə mən elçiliyə getdim. Xədicə xanım dedi ki, sən - Bədəl bəyin oğlu utanmırsan, gör kimə görə mənim qapıma gəlmisən? 15 ildən sonra - 1957-ci ildə onlar evlənirlər. Ancaq anam deyirdi ki, Xədicə xanım can verəndə deyib ki, mən bütün həyatımda bircə dəfə səhv etmişəm. Anlamamışam ki, Lütfəli kimdir...

Atamla-anam çox gözəl yaşadılar. Anam deyərdi ki, Lütfəli mənimçün birincisi ata, sonra qardaş, dost və ən sonda həyat yoldaşı oldu. Hər qadın bu sözü deyə bilməzdi (Lütfəli Abdullayev evləndikdən sonra Sevda xanımı öz soyadına keçirməyib. Deyib ki, sənin atanın - Əhməd bəy Pepinovun oğlu olmayıb, öz soyadını daşısan yaxşı olar - red.)”.

Buna da bax: '100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Baş nazir Fətəli xan Xoyski [4-cü yazı]

İSTİNTAQ. ƏHMƏD BƏYİN DİNDİRİLMƏSİ

Həbs edildikdən sonra Əhməd bəy Pepinovun dindirilməsi Lətif Şüküroğlunun “Cümhuriyyət hökuməti repressiya məngənəsində” kitabında əks olunub. Kitabdan parçalar:

Müstəntiq: Siz bu gün öz əksinqilabi fəaliyyətiniz barədə danışmaq fıkrindəsinizmi?

Cavab: Mən heç bir əksinqilabi iş aparmamışam.

Sual: Siz əksinqilabi mövqedə dayanan elmi işçilərdən kimi tanıyırsınız?

Cavab: Heç kimi tanımıram.

Sual: Professor Bəkir Çobanzadə sizə əksinqilabçı millətçi kimi tanışdırmı?

Cavab: Professor Bəkir Çobanzadəni mən ancaq millətçi kimi tanıyıram.

Sual: Daha kimi tanıyırsınız?

Cavab: Professor Qubaydulin və Kazımovdan başqa daha heç kimi tanımıram.

Sual: Onlar öz əksinqilabi millətçi görüşləri barədə sizə danışırdılarmı?

Cavab: Professor Çobanzadənin millətçi görüşləri mənə onunla şəxsi söhbətlərdən məlum idi, Qubaydulini onun əsərlərindən, Kazımovun fəaliyyətini isə universitetdən bilirdim.

Sual: Siz onların əksinqilabi görüşləri ilə şərik idinizmi?

Cavab: Mən ayn-ayrı məsələlərdə onların millətçi görüşləri ilə, milli kadrlar yetişdirilməsi sahəsində akademik mübarizələri ilə şərikdim.

Buna da bax: '100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Nəsib bəy Yusifbəyli [5-ci yazı]

Sual: Məgər partiya və hökumət milli kadrlar yetişdirməyin əleyhinə idi?

Pepinov şantaj xarakterli olan bu suala cavab verməkdən imtina edib.

Əhməd bəy Pepinov həbsdə olan zaman
Əhməd bəy Pepinov həbsdə olan zaman

NÖVBƏTİ DİNDİRİLMƏ:

“Mən əmin oldum ki, istintaq mənim əksinqilabi fəaliyyətim barədə kifayət qədər məlumata malikdir, qərara gəldim ki, tam tərksilah olaraq öz əksinqilabi fəaliyyətim barədə istintaqa hərtərəfli danışam”.

Sual: Yaxşı, indi cavab verməzdən əvvəl, deyin, nəyə görə 1930-cu ildə Az. DSİ (DSİ - Dövlət Siyasi İdarəsi – red.) tərəfindən həbs edilərkən əksinqilabi fəaliyyətinizi gizlətmişdiniz?

Cavab: Etiraf edirəm ki, 1930-31-ci ildə DSİ tərəfindən həbs edilərkən mən əksinqilabi təşkilatın fəaliyyət göstərdiyini inkar etmişdim. Mən də başqa iştirakçılar kimi ümid edirdim ki, beləliklə DSİ orqanları tərəfindən ittiham olunmaqdan yaxa qurtara bilərəm.

Buna da bax: '100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Doktor Həsən bəy Ağayev [6-ci yazı]

Sual: Yalnız bu səbəbə görəmi gizlətmişsiniz?

Cavab: Əlbəttə, başqa səbəblər də vardı. Biz, əksinqilabi təşkilatın üzvləri bir sıra məsul şəxslərin köməyinə ümid bəsləyirdik. Zaqafqaziya Xalq Komissarları Sovetinin sədri Q. Musabəyov, Azərbaycanın keçmiş Xalq Komissarları Sovetinin sədri D. Bünyadzadə kimi şəxslərə. Bizim təşkilatın üzvlərinin Firuz Ordubadskinin Q. Musabəyovla, Hacınskinin isə D. Bünyadzadə ilə yaxşı münasibətləri vardı.

Sual: Q. Musabəyov, D. Bünyadzadə millətçi əksinqilabi təşkilatın mövcudluğundan xəbərsiz idilər?

Cavab: Mənə bu şəxsən məlum deyildi və bu barədə heç kim mənimlə söhbət etməmişdi.

Sual: İstintaqa məlumdur ki, sizin təşkilata Q. Musabəyovun, D. Bünyadzadənin və başqalarının rəhbərlik etdikləri yaxşı təşkil edilmiş paralel gizli mərkəz rəhbərlik edib.

Cavab: Paralel gizli mərkəzin fəaliyyət göstərdiyi barədə mənə heç nə məlum olmayıb.

Buna da bax: '100-ə nə qaldı?': Rəsulzadə - müstəqil dövlət yaradan adam [7-ci yazı]

Sual: Siz hansı şəraitdə və kim tərəfindən əksinqilabi təşkilata cəlb edilmisiniz?

Cavab: Mən AMP-yə (görünür, Azərbaycan Millətçi Partiyasına – red.) keçmiş Zaqafqaziya Plan Komitəsi sədrinin müavini Məmmədhəsən Hacınski tərəfindən 1930-cu ildə, Tiflis şəhərində cəlb edilmişəm. Kasıb ailədən çıxdığım üçün mən universitet təhsili alana qədər fərdi dərs verməklə məşğul olmuşam. Fevral inqilabı başlanarkən Tiflisdə “Hümmət” sosialist təşkilatına keçdim. Ancaq orada menşevik görüşlərinin üstünlük təşkil etməsinə görə, bu mənim sonrakı fəaliyyətimdə və həyatımda əsaslı rol oynadı. Mənim əsas işim 1930-cu ilə qədər inqilabın ilk illərində keçmiş millətçi kadrların mühüm yer tutduğu təhsil nazirliyində oldu. Menşevik-millətçi bazam da öz rolunu oynadı və mən millətçi siyasətin yeridilməsi ilə məşğul oldum. Qubaydulin, Çobanzadə, İsmayıl Hikmət, Cavad Axundzadə, Mədinə Qiyasbəyli kimi şəxslərin köməyi ilə mən gənc millətçi kadrların hazırlanması ilə məşğul oldum. Dövlət nəşrkomun müdiri olarkən gəncləri milli ruhda tərbiyələndirməyə xidmət edən 216 dərsliyin nəşrinə geniş imkan yaratdım. Onda maarif komissarlığının rəhbər işçiləri R. Axundov, A. Sultanova, Hənəfi Zeynallı, Eminbəyli tərəfindən nəinki müqavimət görmədim, əksinə, tam müdafiə edildim. İşimlə bağlı Ordubadski, Məlikaslanov, M. Hacınski ilə görüşdüm. Partiya və hökumətin kənddə kollektivləşdirmə haqqında qərarı bizdə daha böyük narazılıq doğurdu. Bizim son fikrimiz bu idi ki, bu siyasət düzgün deyil və kənd təsərrüfatının dağılmasına gətirib çıxaracaq.

Buna da bax: ‘100-ə nə qaldı?:’ ‘Azərbaycan davasının yorulmaq bilməyən vəkili’ – Topçubaşı [8-ci yazı]

Sual: Əksinqilabi təşkilat qarşısına hansı vəzifələri qoymuşdu?

Cavab: Əksinqilabi təşkilat qarşısına Azərbaycanı Sovet İttifaqından ayırıb, Dağıstanla birləşdirərək milli-burjua respublikası yaratmaq vəzifəsi qoymuşdu.

Sual: Təşkilat bu məqsədə hansı yollarla çatmağı nəzərdə tutmuşdu?

Əhməd bəy Pepinovun Bakıda yaşadığı bina
Əhməd bəy Pepinovun Bakıda yaşadığı bina

Cavab: Təşkilat Sovet İttifaqına qarşı aşağıdakı üsullarla mübarizə aparmaq fikrində idi: 1. Kapitalist ölkələri SSRİ-yə qarşı müharibə elan edəndə, sovet hökumətinə qarşı silahlı üsyan təşkil etmək. 2.Sənaye və kənd təsərrüfatında təxribatlar, ziyankarlıqlar törətməklə. Sovet hökumətinə qarşı bu mübarizə metodları haqqında mənə birinci dəfə M. Hacınski bizim gizli əksinqilabi yığıncağımızda məlumat vermişdi.

Sual: Əksinqilabi təşkilat hansı respublikaların millətçi əksinqilabi təşkilatları ilə əlaqə saxlayırdı?

Buna da bax: ‘100-ə nə qaldı?’: Cümhuriyyət nazirləri: Ədliyyə naziri Xəlil bəy Xasməmmədli [9-cu yazı]

Cavab: Tiflis şəhərində M. Hacınskinin yanında keçirilən gizli əksinqilabi yığıncaqlardan birində o dedi ki, bizim təşkilat gərək sovet hakimiyyəti əleyhinə mübarizədə qüvvələri birləşdirmək məqsədilə Gürcüstan və Ermənistandakı millətçi əksinqilabi təşkilatlarla əlaqə yaratsın. Azərbaycanda millətçi əksinqilabi təşkilat Dağıstandakı təşkilatla da əlaqə yaratmışdı...

Sual: Əksinqilabi millətçi təşkilatın rəhbər heyətinin tərkibinə kimlər daxil idi?

Cavab: Məmməd Həsən Hacınski, mən, Xudadat bəy Məlikaslanov, Şamo Naxçıvanski və Çingiz İldırım...

Sual: Azərbaycanın hansı rayonlarında təşkilatın ilk təşkilatları yaradılmışdı?

Cavab: Bakıda, Gəncədə və Nuxada (Şəki nəzərdə tutulur – red.).

Sual: Əksinqilabi millətçi təşkilat mühacir dairələrlə kimin şəxsində əlaqə saxlayırdı?

Cavab: Təşkilat Parisdə Topçubaşovla əlaqə saxlayırdı, o isə İstanbulda M. Ə. Rəsulzadə ilə. Topçubaşov ilk dəfə 1928, yaxud 29-cu illərdə mühacirətdən qayıdan Yaqub Vəzirov vasitəsilə M. Hacınski ilə əlaqə yaratmışdı. Sonra Topçubaşovla əlaqə İstanbulda ticarət nümayəndəliyində işləyən M. Xəlilov vasitəsilə yaradıldı.

Buna da bax: ‘100-ə nə qaldı?’: Cümhuriyyət nazirləri: Milli təhlükəsizlik təşkilatının rəhbəri Nağı bəy Şeyxzamanlı [10-cu yazı]

Azərbaycanda əksinqilabi işin genişləndirilməsi barədə göstərişlər əvvəl Vəzirov, sonra Xəlilov vasitəsilə əldə edilirdi”.

Xurşud xanım Abdullayeva: "O, anamı görən kimi vurulub və yanındakı dostuna deyib ki, onunla evlənəcəyəm"
Gözlə

No media source currently available

0:00 0:04:04 0:00
Direct-ə keçid

İSTİNTAQ BİTDİ

Uzun dindirmələrdən sonra 1938-ci il martında istintaqın bitdiyi barədə protokol imzalanıb. Yekun ittiham aktında yazılırdı:

“1936-cı ilin sonlarında Az.SSR XDİK Bakıda qarşısına silahlı üsyana hazırlıqla, casusluq, ziyankarlıq və partiya, hökumət rəhbərlərinə terror tətbiq etməklə Azərbaycanı SSRİ-dən ayırmağı məqsəd qoymuş millətçi terrorçu təşkilat aşkarlanıb və ləğv edilib.” Özünün əksinqilabi fəaliyyətində millətçi təşkilat trotskiçi-zinovyevçi-terrorçu mərkəzlə və sağların mərkəzi ilə əlaqədə olub. İstintaq tərəfindən müəyyən edilmişdir ki, keçmiş müsavat hökumətinin xadimlərindən olmuş Ə. Pepinov 1920-ci ildən həbs edilənə qədər Azərbaycanda sovet hökumətinin devrilməsi və burjua tipli dövlət yaradılması üçün müntəzəm surətdə sovet hakimiyyəti əleyhinə əksinqilabi mübarizə aparmışdır. Beləliklə,... 1930-cu ildə 5 illiyə sürgün edilmiş Ə. Pepinov 64; 69; 70 və 73-cü maddələrlə günahkar hesab edilir. İstintaq-həbs materialları 1934-cü il 1 dekabr qanununa görə, SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına göndərilir”.

Buna da bax: ‘100-ə nə qaldı’: Cümhuriyyət nazirləri: daxili işlər naziri Behbud xan Cavanşir [11-ci yazı]

1938-ci il iyulun 2-də Pepinova ittihamın surətini aldığına dair imza atdırırlar. İyulun 3-də SSRİ Ali Məhkəməsi hərbi kollegiyasının səyyar sessiyasının qapalı iclası Kolpakov və Kulikin sədrliyi altında cəmi 15 dəqiqə ərzində Ə. B. Pepinovun ən ağır cəzaya layiq görülməsi haqqında qərar çıxarıb. Hökm həmin gün yerinə yetirilib.

Əhməd bəy Pepinov yaşayan binadakı memorial löhvə
Əhməd bəy Pepinov yaşayan binadakı memorial löhvə

SONSÖZ. ƏHMƏD BƏYİ KİM GÜLLƏLYİB?

Ancaq uzun illərdir mətbuatda və danışıqlarda Əhməd bəyi şəxsən Mir Cəfər Bağırovun NKVD-dəki 100-cü otaqda güllələməsi haqqında söz-söhbətlər dolaşır. Əhməd bəyin qızı Sevda xanım da vaxtilə “Günay” qəzetinə verdiyi müsahibədə bu faktı təsdiqləyib: “Mənim atamı əvvəlcə 1930-cu ildə həbs etdilər, güllələmək istəyirdilər, sonra sürgünə göndərdilər. Sürgündən o, 1935-ci ildə qayıtdı, ona şəxsən M. C. Bağırov partiya sıralarına keçməyi təklif etmişdi, o, etiraz etmişdi - vicdanına qarşı çıxmaq istəməmişdi. Buna görə cavab verməli oldu, onu yenidən, ilyarım sonra Alma-Atada həbs edib Bakıya gətirdilər. Burada onu M. C. Bağırov şəxsən özü güllələmişdi. Bu, onun məhkəməsində sübut olundu”.

Elə Əhməd bəyin bacıları Kəbirə və Nəzirə xanımlar da 1955-ci il iyununda Ə. Pepinovun işi üzrə şahid qismində dindirilərkən bu barədə danışıblar.

Buna da bax: ‘100-ə nə qaldı?’: Cümhuriyyət nazirləri: son baş nazir Məhəmməd Həsən Hacınski [12-ci yazı]

Kəbirə xanım: “Birinci dəfə həbs edilənə qədər Ə. Pepinov xalq maarif komissarının müavini işləyirdi. Sürgün yerindən Bakıya qayıtdıqdan sonra, 1935-ci ildə o, artıq Az.SSR-də rəhbər vəzifədə olan Bağırov tərəfindən çağırıldı. Bağırov Ə. Pepinova keçmiş XDİK-də məsul vəzifə təklif etmiş, o isə imtina etmişdi. Onlar Bağırovla siyasi görüşlərinə görə kəskin surətdə ayrılmışdılar. Yuxarıdakı göstərilənlərlə bağlı Ə. Pepinov mənə dedi ki, o, Bağırova görə Azərbaycanda qala bilməz, getməyə məcburdur. Elə həmin il də Ə. Pepinov Ulyanovsk şəhərinə getdi”.

Sevda xanım Pepinovanın DTK-ya müraciətindən sonra SSRİ Ali Məhkəməsinin kollegiyası 1957-ci ildə Əhməd bəy Pepinova “hərəkətlərində cinayət işi olmadığına görə” bəraət verib.

Bolşevik rejimi Əhməd bəyin kiçik qardaşlarından da qisas alıb. Məmməd bəy və Zəki bəy tutulub sürgünə göndərilərək, həyatlarını da elə sürgündə başa vurublar.

Cümhuriyyət-100 davam edəcək.

XS
SM
MD
LG