Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:31

‘100-ə nə qaldı?’: Cümhuriyyət nazirləri: Ədliyyə naziri Xəlil bəy Xasməmmədli [9-cu yazı]


AXC Ədliyyə naziri Xəlil bəy Xasməmmədli
AXC Ədliyyə naziri Xəlil bəy Xasməmmədli

BİOQRAFİYASI

Xəlil bəy Xasməmmədli 1873-cü il oktyabrın 25-də Gəncədə əsilzadə ailəsində doğulub. O, şəhərdəki Klassik Gimnaziyada təhsil alıb və daha sonra Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib (1895). Bir müddət Rusiyanın Yekaterinodar məhkəməsində işlədikdən sonra Gəncəyə dönüb və burada Dairə Məhkəməsində çalışıb. Yelizavetpol (Gəncə - red.) quberniyasından II və III Dövlət Dumasına vəkil seçilib. Dumada yaradılan “Müsəlman Fraksiyası”nın üzvü, III Dövlət Dumasında Cənubi Qafqaz müsəlmanlarının yeganə nümayəndəsi olub. Gəncədə yaradılan “Qeyrət” və “Difai” təşkilatlarının fəallarındandır. 1913-17-ci illərdə Yelizavetpol şəhər bələdiyyəsinin rəisi, qəza icraiyyə komitəsinin sədri çalışıb. 1917-ci ildə Nəsib bəy Yusifbəyli ilə birlikdə “Türk Ədəmi-Mərkəziyyət” partiyasını qurub. Bu partiya “Müsavat”la birləşəndə, Mərkəzi Komitənin üzvü seçilib. Zaqafqaziya Seyminin üzvü olub. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Cümhuriyyəti elan olunanda, Milli Şuraya üzv seçilib. Cümhuriyyətin ədliyyə naziri, daha sonra daxili işlər naziri olub. 1920-ci ilin aprelində Cümhuriyyətin Türkiyədəki səfiri təyin olunub. Ancaq təyinat yerinə çata bilməyib. Cümhuriyyətin işğalından sonra 1920-ci ilin iyunun 20-də Tiflisdə Fətəli xan Xoylunu qətlə yetirənlər yanındakı Xəlil bəyi də boğazından yaralasalar da, o sağ qalıb və Türkiyəyə mühacirət edib. Türkiyədə Azərbaycan davasına qoşulub və ömür boyu bu davaya sadiq qalıb. Türkiyədə qurulan mühacir təşkilatlarında çalışıb və onların mətbu orqanlarında saysız yazılarla çıxış edib. Xəlil bəy 1945-ci ildə Vətəni, doğma Gəncəni görmədən dünyayla vidalaşıb. Məzarı İstanbul Feriköydədir.

Buna da bax: '100-ə nə qaldı?..': 'İstiqlal Bəyannaməsi' kimin əsəridir? [1-ci yazı]

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

XƏLİL BƏYİN TARİXDƏ QALAN FİKİRLƏRİ:

“Mən heç də demək istəmirəm ki, Qafqaz yalnız qafqazlılar üçündür. Mən yalnız onu demək istəyirəm ki, birincisi, Qafqaza köçürmə dayandırılmalıdır, ikincisi, yerli əhalinin tezliklə və dərhal torpaqla düzgün təmin olunmasına başlanmalıdır. Elə şərait yaratmaq lazımdır ki, istər rus əhalisi, istərsə də yerli əhali dinc yaşayıb işləyə bilsin. Cənablar, dövlətdə əhalinin bir hissəsinin bədbəxtliyi üzərində o biri hissəsinin xoşbəxtliyini qurmaq olmaz. Bu prinsipə dözmək olmaz və buna yol verilməməlidir”.

“Zaqafqaziyanın bütün müsəlman əhalisinin üzərinə hərbi mükəlləfiyyət – 500 min rubl məbləğində xüsusi pul vergisi qoyuldu... Mən bunu bildirməyi öz borcum hesab edirəm ki, Zaqafqaziya müsəlmanları bu vergini özlərinə layiqsiz, acı təhqir sayırlar... Hərbi mükəlləfiyyət elə bir dəyərə malikdir ki, onu heç bir pulla əvəz eləmək olmaz. Bu nöqteyi-nəzərdən iki yoldan biri seçilə bilər: müsəlmanlar ya natural hərbi mükəlləfiyyət çəkməli, ya da hər hansı pul əvəzləyicisi olmadan hərbi mükəlləfiyyətdən azad edilməlidirlər, çünki hər hansı pul ekvivalenti süni tədbir olaraq vətəndaşların hüquqlarını pozur və onları acı təhqir edir... bununla da, göstərilir ki, onlar ümumi vətənin o cür oğulları deyil, yalnız ögey oğullarıdır”.

XƏLİL BƏYİN XİDMƏTLƏRİ

Xəlil bəy Xasməmmədlinin xidmətlərini tarixçi alim Kamran İsmayıl və Xəlil bəyin qardaşı Nağı bəyin nəvəsi Toğrul Cuvarlı AzadlıqRadiosu-na açıqlayır:

AzadlıqRadiosu:- Xəlil bəy Xasməmmədli yetərincə öyrənilibmi? Cümhuriyyət fədailəri sırasında layiqli yerini tuta bilibmi? Toğrul bəy, yoxsa sizin ananız rəhmətlik Dilguşə xanım demişkən, Xəlil bəy həmişə ikinci planda qalıb, unudulub?

Toğrul Cuvarlı (T. C): - Məncə, bu suala ən yaxşı cavabı tarixçilər verə bilər. Burda tarixçilərin günahını da görmürəm. Çünki Cümhuriyyət hökumətinin hər bir nümayəndəsi şəxsiyyət idi, həm də çox idilər onlar. Ona görə də, mənə elə gəlir ki, heç tarixçilərin əli çata bilmir bu mövzuya. Bu yaxınlarda Aydın Balayevin Cümhuriyyətlə bağlı kitabını oxudum. 30-cu illərdə Müsavatın içinə düşən çaxnaşma, N. Şeyxzamanlının, X. Xasməmmədlinin təcrid olunması orda əks olunub. Mənə də çox maraqlı idi. Bu kitabda qismən cavab tapdım. Xasməmmədli və tərəfdarları Türkiyə tərəfə çəkirdilər, M. Ə. Rəsulzadə qərargahın Polşada olmasını istəyirdi.

Buna da bax: '100-ə nə qaldı?': 'Azərbaycanda onların heç birinin qəbri yoxdur' [2-ci yazı]

Mən bütün bunları başa düşürəm. Amma fikirləşirəm ki, bu məsələnin yəqin ki, dərin qatları da vardı. Bax o mənada, təbii ki, boşluqlar var. Çox maraqlıdır. İkisi də şəxsiyyət, ikisi də milli ideyanın fədaisi. Bəs bu fikir ayrılığı nədir? Aydın Balayevin kitabında o dövrü oxuyanda indiki dövrü xatırladım. Kimisə partiyalardan təcrid edirlər. Bilmirsən ki, bu təşkilati problemdir, yoxsa dərin bir ideoloji ayrılıq var? Bax, bu mənada boşluqdur. Rəhman Bədəlovun bir sözü var. Deyir: Biz bu dövrü dilləndirməliyik! Hələ ki, dilləndirə bilməmişik.

Kamran İsmayıl (K.İ): - Toğrul bəy doğru qeyd elədi. Cümhuriyyəti yaradanlar böyük şəxsiyyətlər idi. Elə tarixdə də böyük iz qoyub gediblər. Xəlil bəy çox geniş diapazona malik şəxsiyyət olub. Onun siyasi fəaliyyəti Cümhuriyyətdən çox əvvəl - Moskva Dövlət Universitetində oxuyan vaxtdan başlayıb. Müsəlman-Qafqaz Həmyerlilər Cəmiyyətindəki iştirakı, Yekaterinodar dairə məhkəməsində, Gəncə məhkəməsindəki işi, xüsusən II və III Dövlət Dumasındakı fəaliyyətinə nəzər salsaq, onun çox böyük mübariz olduğunu görərik. Görün, Dumada hansı məsələləri qoyurdu Xəlil Bəy Xasməmmədov? Ana dilində təhsil, məhkəmə islahatları, rusların Azərbaycana köçürülmə siyasəti, torpaq məsələləri...

Buna da bax: ‘100-ə nə qaldı?’: Nə üçün Gəncə? [3-cü yazı]

Xəlil bəyin qardaşı Nağı bəyin nəvəsi Toğrul Cuvarlı
Xəlil bəyin qardaşı Nağı bəyin nəvəsi Toğrul Cuvarlı

T.C: - Azərbaycanlıların orduda xidmət etməsi...

K.İ: - Bəli, bəli. Çarizm dövründə azərbaycanlıları orduya aparmırdılar. Orduya getmədikləri üçün də vergi ödədirdilər. Xəlil bəy də, Dövlət Dumasındakı çıxışında «Ya onları bir vətəndaş kimi orduya çağırın, ya da vergidən azad edin!» tələbini qoyurdu. Demək istədiyim odur ki, hələ çarizm dövründə Xəlil bəy özünü əsl fədai, millətsevər, vətənsevər siyasi xadim kimi göstərmişdi.

1900-CÜ İLİN BAŞLANĞICI BÖYÜK ÜMİDLƏR DÖVRÜ İDİ

AzadlıqRadiosu: - Bu səviyyəyə necə çatmışdı, necə təhsil almışdı Xəlil bəy?

Toğrul Cuvarlı: "Mənə elə gəlir ki, heç tarixçilərin əli çata bilmir bu mövzuya"
Gözlə

No media source currently available

0:00 0:23:05 0:00
Direct-ə keçid

T.C: - 1900-cü ilin başlanğıcı böyük ümidlər dövrü idi. Zərdabidə də bu ümidlər vardı, hətta Axundovda da vardı, cəmiyyətdə də vardı. Hamı bu fikirdəydi ki, bu başqa dövr olacaq. Maarifçilik, savadlanmaq ümidləri aşıb-daşırdı, rasional düşüncə artırdı. İmperiya daxilində muxtariyyət arzulayanlar vardı. Əsrin başlanğıcında Xəlil bəyin cəmi 25 yaşındaydı. Bu yaş gələcəyə böyük ümidlər bəslənilən bir dövrdür. Təsəvvür edin ki, bu ailədə 4 qardaş olub, üçü - Xəlil bəy, Ələsgər bəy, Ələkbər bəy hüquqçu olub. Bircə mənim babam Nağı bəydən başqa...

Buna da bax: '100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Baş nazir Fətəli xan Xoyski [4-cü yazı]

K.İ: - Onların əmisi uşaqları da hüquqşünas olub - Adil xan, İsmayıl xan...

T.C: - Boşluqlardan danışdıq. Bax, Ələkbər bəylə təzə-təzə maraqlanmağa başlayıblar. Gəncədə ilk qurumlar - Qeyrət, Difai yarananda, bu üç qardaş həmişə öndə idi. Ələkbər bəy tutduğu mövqenin qurbanı oldu. O, Müsavat dövründə yaradılan komissiyanın (həmin vaxt törədilən qırğınla bağlı yaradılan Fövqəladə İstintaq Komissiyasının – red.) sədri olduğundan bir neçə il ona əl vurmadılar. Amma sonralar bolşeviklərin köhnə zabitləri güllələməsi başlayanda, Ələkbər bəyi də tutub güllələdilər... Ələkbər bəyin o komissiyanın işində böyük zəhməti olub. Azərbaycanı gəzib, erməni millətçilərin dağıtdığı, yandırdığı kəndləri görüb, yazıb, toplayıb. Amma hələ indi-indi ona maraq oyanıb. Solmaz Tohidi sağ olsun, onu araşdırır. Xəlil bəyin özü elə bil bizim ailənin möhürü idi, taleyin qoyduğu möhür. Nə dayım, nə anam onu görmüşdülər. Amma dayımı 15 yaşında Xəlil bəyə, Ələkbər bəyə görə evdən qovdular, ailə didərgin oldu. Dayım çox çətinliklə bir təhər institutu qurtardı, müharibəyə getdi. Əsir düşdü, əsirlikdən qayıdanda yenə də 1949-cu ildə onu sürgün elədilər...”

Buna da bax: '100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Nəsib bəy Yusifbəyli [5-ci yazı]

Səbuhi Əliyev: "Özümə söz vermişdim ki, o qəbri tapacam"
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

XƏLİL BƏYİN MƏZARI NECƏ TAPILDI?

AzadlıqRadiosu-nun “İz” proqramının Xəlil bəy Xasməmmədliyə həsr olunmuş “Tənha cümhuriyyətçi” verilişində Xəlil bəyin qardaşı nəvəsi Toğrul Cuvarlı iki dəfə İstanbulda olsa da, onun məzarını tapa bilmədiyini demişdi. Hətta Toğrul bəy Türkiyədə oxuyan azərbaycanlı tələbələrdən Feriköy məzarlığında Xəlil bəyin qəbrini tapmaqda ona yardımçı olmağı da xahiş etmişdi. Qəribədir ki, veriliş efirə gedəndən xeyli sonra Xəlil bəyin məzarını Bakıda yaşayan bir vətənpərvər gənc üzə çıxardı - Səbuhi Əliyev.

İstanbul Feriköy məzarlığında Xəlil bəy Xasməmmədlinin məzarı. 2012
İstanbul Feriköy məzarlığında Xəlil bəy Xasməmmədlinin məzarı. 2012

UNUDULMUŞ TƏK MƏZAR

Səbuhi Əliyevin dediyinə görə, İstanbul Feriköy məzarlığında axtarışların bir nəticə vermədiyini görəndə, ağlına bu sual gəlib. Məzarlıq baxıcılarından soruşub: «Elə bir məzar varmı ki, onu heç kəs ziyarət eləmir? Dedilər biri var, heç kəs ziyarət eləmir… Məni düz gətirib Xəlil bəyin məzarının üstünə çıxardılar. Yadıma düşdü ki, sizin verilişinizdə qohumu Toğrul Cuvarlı demişdi ki, onun övladı qalmayıb, təkcə Nəsib bəyin doğmaları vardı, onlar da rəhmətə gediblər…»

Buna da bax: '100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Doktor Həsən bəy Ağayev [6-ci yazı]

ONUN ÖVLADLARI BÜTÜN AZƏRBAYCAN XALQIDIR!

Səbuhi Əliyev Azadlıq Radiosu «İz» proqramının «Cümhuriyyət fədailəri» silsiləsindən hazırladığı «Tənha Cümhuriyyətçi» verilişini dinləyəndən sonra çox təsirləndiyini deyir: «Məzarı görəndən sonra Xəlil bəyin, doğrudan da, siz deyən kimi, tənha cümhuriyyətçi olduğunu gördüm. Bir az da kövrəldim. Nə olsun ki, onun övladı qalmayıb? Onun övladları bütün Azərbaycan xalqıdır...».

XƏLİL BƏYİN SİNƏDAŞI SINIBMIŞ

Səbuhi Əliyev qəbrin sinədaşının qopub düşdüyünü söylədi: «Bilmirəm deyim, ya deməyim? Sinədaşı sınmışdı. Eləcə çəkdim, sonra düşündüm ki, yaxşı deyil, qoy düzəldək. Çağırdım məzarlığın baxıcılarını. Mənə kömək etdilər, qəbrin üstünü qaydaya saldıq. Amma məzarın yüngül bərpaya ehtiyacı vardı. Orada soruşdum. Dedilər, 200 dollar olsa yetər».

Xəlil bəy Xasməmmədlinin qəbri
Xəlil bəy Xasməmmədlinin qəbri

Buna da bax: '100-ə nə qaldı?': Rəsulzadə - müstəqil dövlət yaradan adam [7-ci yazı]

XƏLİL BƏYİN SON MƏNZİLİ AĞAOĞLULARIN YANINDADIR

Səbuhi Əliyev bir maraqlı nüansa da diqqət çəkdi: «Əhməd bəy Ağaoğlunun bütün doğmaları Xəlil bəyin qonşuluğunda dəfn olunub. Baxdım ki, 2007-ci ildə torpağa tapşırılan da var (Əhməd bəyin sonbeşiyi Gültəkin xanım həmin ildə dünyasını dəyişib – red.). Onların məzarı abaddır və gəlib-gedən var. Bəs, axı, görürsən ki, burada bir azərbaycanlının dağılmış məzarı var… Bu, bir daha bizim millət olaraq bir-birimizə sevgimizin azlığını göstərir».

XƏLİL BƏYİN MƏZARI GİRİŞ HİSSƏDƏDİR

S. Əliyev məzarın giriş hissədə olduğunu söylədi: «2-ci adadadır. Toğrul bəyə səhv məlumat veriblər. 22-23-cü ada deyiblər. Ona görə də, məzarı tapa bilməyib. Qəbrinin üstündə Xəlil bəyin 1945-ci ildə rəhmətə getdiyi yazılıb. Onun ölüm tarixini bəzən səhv yazırlar - 1947 yazırlar. Doğum tarixini də 1873, 1875 deyirlər, amma üstündə 1870 yazılıb. Yəqin bu, daha düzdür».

Buna da bax: ‘100-ə nə qaldı?:’ ‘Azərbaycan davasının yorulmaq bilməyən vəkili’ – Topçubaşı [8-ci yazı]

FERİKÖY İSTANBULUN AVROPA YAXASINDA - ŞİŞLİDƏDİR

Qonağımız İstanbula bu səfərinin ikinci olduğunu qeyd etdi: «Birinci dəfə 2010-cu ildə getmişdim. Bir günlüyə. Odur ki, istədiyimi edə bilmədim. Soruşdum ki, Feriköy məzarlığı haradadır? Dedilər, mərkəzdə - Şişlidədir. Üstündən iki il keçdi. İkinci dəfə gedəndə, sizin elektron adresinizi öyrəndim və yazdım ki, Xəlil bəyin məzarını tapan oldumu? Yazdınız ki, yox, Türkiyədə oxuyan bir tələbə söz vermişdi ki, imtahanlardan sonra axtarışa başlayacaq, amma xəbər çıxmadı… Təəccübləndim və dedim ki, gedib tapacam».

DÜŞÜNÜRDÜM Kİ, 500 TƏLƏBƏ SÖZ VERƏCƏK!

Səbuhi cəmi bir tələbənin söz verdiyinə üzüldüyünü də söylədi: «Mən elə bilirdim 500 tələbə söz verəcək! Əyləncəyə vaxt ayırırlarsa, bir dəfə də çay içməyib məzarı axtarmağa gedərdilər… Mən məzarı axtarmağa gedən gün güclü yağış yağdı. Dostum dedi, gəl, gedək Boğaziçində gəzək, sonra axtararıq. Dedim, yox! İnanın ki, məzarı axtararkən yağış kəsdi… Elə bil yağış da bizə kömək oldu...».

2-ci Dövlət Duması. Xəlil bəy Xasməmmədli (soldan 5-ci)
2-ci Dövlət Duması. Xəlil bəy Xasməmmədli (soldan 5-ci)

AİLƏSİ

Türkiyəyə mühacirət edəndən sonra Xəlil bəy İstanbulda Suad adlı bir gənc xanımla evlənib. Onların Rauf Yekta adlı bir oğlu dünyaya gəlib. Qalatasaray liseyində təhsil alan Rauf ən yaxşı şagirdlərdən sayılırmış. Tale elə gətirir ki, Rauf 12 yaşında xəstəlikdən vəfat edir... Ahıl yaşlı Xəlil bəyin nələr çəkdiyini bir təsəvvür edin. Əlimərdan bəy Topçubaşının Parisdən göndərdiyi məktub bu kədərin miqyasını anlamağa kömək edir. Parisdə gənc oğlu Rəşidi vərəmdən itirən Topçubaşı onun ölümündən sonra çəkdiyi iztirabları məktubunda təsvir edir və Xəlil bəyə belə təsəlli verirdi:

Xəlil bəy Xasməmmədli (1873-1945)
Xəlil bəy Xasməmmədli (1873-1945)

“ÜZƏRİMİZƏ GÖTÜRDÜYÜMÜZ BORC, VERDİYİMİZ QURBANLAR...”

“İnanıram ki, həyatı erkən puç olmuş əziz Rauf Yekta haqqında bu cür xatirələrə dalmaqla siz də həqiqi təsəlli tapacaqsınız, insanlara yardımınızı, yolunda uzun illər canla-başla çalışdığınız xalqa eyni həqiqət və inam meyarlarına əsaslanan xidmətinizi davam etdirəcəksiniz. Məhz belə hərəkət edəcəyinizə qətiyyən şübhəm yoxdur. Bunu bizdən üzərimizə götürdüyümüz borc, verdiyimiz qurbanlar tələb edir. Üstəlik, ictimai işlərimizin hələ də hər şeyi sarmış hərəkətsizlikdən, hətta deyərdim ki, iflicdən heç vəchlə özünə gələ bilmədiyini də gərək əsla yaddan çıxarmayaq. Bu mənada hamımızın üzərinə ciddi məsuliyyət düşür. Hətta icazənizlə, sizin və özümün məsuliyyət payımızın daha böyük olduğunu deyə bilərəm. Yazışmalarımızda yaranmış belə uzun fasilə də içərisində çapaladığımız mənəvi vəziyyətin göstəricisidir”.

Buna da bax: Əli Kərimli: 'İlham Əliyev Cümhuriyyət dəyərlərinə sadiq olsaydı...' [video]

XƏLİL BƏYİN DOĞUM VƏ ÖLÜM İLİNDƏKİ YANLIŞLIQLAR

“Tənha cümhuriyyətçi” Xəlil bəy 1945-ci ildə İstanbulda gözlərini əbədi yumdu. Vətəndəki qaynaqlar onun 1873-cü ildə doğulduğunu, 1947-ci ildə dünyadan köçdüyünü yazsalar da, Feriköydəki məzar daşına belə həkk olunub: 1870-1945. Bir insanın, hələ o tənha biri isə, məzar daşında doğum ili səhv yazılmış ola bilər, amma ölüm ilinin yanlışlığı mümkünsüzdür!

“Cümhuriyyət-100” davam edəcək.

XS
SM
MD
LG