Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:03

Türkmənistanda qızmar yay günlərində içməli su qıtlığı var


Son bir ay ərzində Türmənabadda ən azı üç dəfə su təchizatı dayandırılıb
Son bir ay ərzində Türmənabadda ən azı üç dəfə su təchizatı dayandırılıb

Türkmənistanın Türkmənbaşı sahil şəhərinin sakinlərinin vedrə və çənlərini doldurmağa cəmi 40 dəqiqə vaxtları var, çünki qızmar yay günlərində içməli su sərt qrafiklə verilir.

Suyu sakinlərə hər dəfə 20 dəqiqə olmaqda gündə iki dəfə verirlər - səhər 8-də və axşam 7-də. Camaat danışır ki, günün qalan hissəsi kranlardan su gəlmir.

"Əvvəllər səhər 30 dəqiqə, axşam 40 dəqiqə verirdilər, indi durum lap pisləşib", - hökumətin təqiblərindən qorxduğuna görə adını açıqlamayan Türkmənbaşı sakini deyib.

"Krandan günlərlə su gəlmədi"

AzadlıqRadiosunun türkmən xidmətinin müxbirləri xəbər verirlər ki, su böhranı şəhərin Avaza kurort rayonunda otel və bizneslərə təsir göstərib. Ancaq yenə də həmin ərazidə durum daha yaxşıdır, çünki gündə üç dəfə su verilir.

Xəstəxanalar, uşaq bağçalarına suyun qrafiklə verilib-verilmədiyi aydın deyil. Hakim orqanlar AzadlıqRadiosunun şərh üçün müraciətinə cavab verməyiblər.

Hazırda havanın temperaturunun 35-40 dərəcə olduğu Türkmənistanın bir çox yerində su qıtlığının olduğu bildirilir.

Türkmənabadda, şərqi Lebap vilayətində ətraf ərazilərdə sakinlər iyunun ortasından içməli suyun tez-tez kəsildiyini bildirirlər. Həm də kəsintilər barədə öncədən heç bir bildiriş verilmir, fasilələr günlərlə çəkir.

Onların sözlərinə görə, bir dəfə Türkmənabadda və yaxınlıqda Çarcev rayonunda iyulun 8-dən 12-cən su gəlməyib.

Aşqabad sakinləri tez-tez içməli suyu almalı olurlar.
Aşqabad sakinləri tez-tez içməli suyu almalı olurlar.

"Böyük problem idi, krandan günlərlə su gəlmədi", - bir sakin deyib.

Həmin vaxt sözügedən rayonda qablaşdırılmış suyun da bahalandığı, sakinlərin su dalınca qonşu rayonlara getdikləri deyilir.

Sakinlər böhranın səbəbini su borularının köhnəlməsində, hakim orqanların problemi həll edə bilməməsində görürlər.

Korrupsiya

AzadlıqRadiosunun müxbiri Farangiz Nacibullah yazır ki, Türkmənistanda içməli su istifadə müddəti bitmiş mərkəzləşdirilmiş şəbəkə vasitəli paylanılır. Bəzi şəhərlərdə borular sovet vaxtından dəyişilməyib.

Korrupsiyanın geniş yayıldığı bu ölkədə infrastrukturun yenilənməsinə ayrılan pulların da mənimsənildiyi güman edilir, bir çox sakinlər bundan şübhələnirlər.

"Şəhər hakimiyyətindən bu problemi birdəfəlik yoluna qoymağı xahiş etməkdən yorulmuşuq. Ancaq bilirik ki, şikayətlərimizin nəticələri olmayacaq. Hər dəfə deyirlər ki, problem tezliklə həllini tapacaq, amma əhali daha buna inanmır", - Türkmənabadın Üçpunkt mikrorayonunun sakini gileylənir.

Şəhərin bəzi məhəllələrində sakinlər təşəbbüsü ələ alıb, sınmış, paslanmış boruları dəyişmək üçün pul yığıblar.

"Hər evdən 30 dollar yığırlar", - 3-cü mikrorayon adlanan ərazidən bir sakin deyir.

Aşqabadda kran suyu
Aşqabadda kran suyu

Sarımtıl, metal iyi verən su

Su qıtlığından savayı, bəzi şəhərlərdə krandan keyfiyyətsiz suyun gəldiyi deyilir.

"Türkmənbaşıda yeni yaşayış binalarında, Avazada otellərdə kran suyu sarımtıl rəngdədir, metal iyi verir", - bir yerli sakin iyulun 18-də deyib.

Başqa bir sakin danışır ki, adamlar saatlarla sudakı çirkin dibə çökməsini gözləyirlər, sonra ondan çay, yaxud yeməkdə istifadə edirlər. Şəhərdə heç də hər kəs beş litrlik filtrlənmiş suya 4 dollar verə bilmir.

Mayda paytaxt Aşqabadda oxşar problem çıxanda şəhər rəsmiləri suyun keyfiyyətinə daşqın sularının təsir göstərdiyini deyirdilər. O zaman bir neçə nəfər şübhəli su zəhərlənməsi ilə xəstəxanaya yerləşdirildi. Amma hər işini qapalı görən hökumət səhiyyə böhranı yarandığını etiraf etmədi.

Ahal vilayətinin Annau şəhərində sakinlər suda duzun səviyyəsinin yüksək olduğunu deyirlər. Hakimiyyət orqanları isə suyun içməyə təhlükəsiz olması ilə bağlı hər hansı araşdırma aparıldığını açıqlamayıblar.

XS
SM
MD
LG