Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:04

Türkmənistanda tələb: 'Pensiyanı almaq istəyirsən, ölmədiyini təsdiqlət'


Türkmənistan ağsaqqalları
Türkmənistan ağsaqqalları

Türkmənistanda təqaüdçülərin aprel ayı üçün pensiya almadıqları, onlardan sağ olduqlarını təsdiqləmələrinin tələb olunduğu bildirilir.

Ölkənin Balkan vilayətində pensiyaçılar və əlillik müavinəti alan vətəndaşlar apreldə pul almadıqlarını deyirlər. Hər ayın əvvəlində olduğu kimi, növbəti ödənişlərin intizarını çəkən vətəndaşlar, demələrinə görə, bank hesablarını yoxlayıblar və aprel ayının vəsaitinin daxil olmadığını aşkar ediblər.

"Türkmənbaşıda hər ayın 1-də pensiya və əlilliyə görə müavinətlər plastik kartlara keçirilirdi, amma bu aprel ayında belə olmadı. Səbəb isə odur ki, rayon pensiya idarəsi bütün pensiyaçıların və müavinət alan əlillərin sağ olduğuna əmin olmaq üçün yoxlama tələb edir", - AzadlıqRadiosunun türkmən xidməti xəbər verir.

Verilən məlumatlara görə, hazırda rayon sosial təminat uçotu şöbəsi 2-ci və 3-cü qrup əlillərdən, habelə bütün pensiyaçılardan sağ olduqlarını təsdiqləyən arayışları pensiya şöbəsinə təqdim etmələrini tələb edir.

Pensiyaçılardan mövcudluq faktını təsdiqləmə tələbi 2018-ci ildən bəri dəfələrlə irəli sürülüb. Əksər hallarda vətəndaşlara rəsmi xəbərdarlıq edilmədən birdən-birə səslənən bu tələblər cüzi təqaüdlə dolanmaqda çətinlik çəkdiyi bildirən insanların üzərinə əlavə yük qoyur.

Mərkəzi Bankın məzənnəsi ilə 156, qara bazar kursu ilə 25 dollar

"Bu bürokratik sistemdən bezmişəm. Dolanışığımızı çətinliklə qarşılayırıq. Dərmana və digər xərclərə çatmır. Pensiyam 1000 manatdır. 40 il müəllim işləmişəm. Qızlarım ailəlidir, yaşlı xanımımla yaşayıram. Həyat yoldaşım evdar qadın olduğu üçün 400 manat təqaüd alır. Xəstədir, məndə şəkər var. Dərmana, pəhrizə pul lazımdır", - adının çəkilməsini istəməyən təqaüdçü deyir.

Türkmənistanda minimum pensiya 500 manata yaxındır, ölkənin Mərkəzi Bankın məzənnəsi ilə 156 ABŞ dollarına, qara bazar kursu ilə isə 25 dollara bərabərdir. Türkmənistan dövlətinin təqaüdçülərə ödədiyi pul Orta Asiyada ən aşağı pensiya məbləği hesab olunur.

Türkmənistanlı təqaüdçülərin sözlərinə görə, bu pul yemək və dərmana çatmır.

"Yazıq qocalar. İnanıram ki, türkmən ağsaqqallarının çoxu mənim kimi bədbəxtdir. 20-30 dollar pensiya ilə yaşayırlar. 40 il işləmiş ali təhsilli müəllim olsam da, 50 dollar pensiya alıram. Bu pulla necə yaşamaq olar? Hökumət istehlak səbətini düşünmür", - təqaüdçü əlavə edir.

Türkmənistan rəsmiləri pensiyaların miqdarı, pensiyaçıların problemləri və onlara qarşı tələblər barədə rəsmi açıqlama vermirlər.

Amma adlarının açıqlanmasını istəməyən rəsmilərin AzadlıqRadiosuna deməsinə görə, son tədbirlərin əsas məqsədi pensiyaçılar vəfat etdiyi halda, onların plastik kartlarına köçürülən pulları yaxınlarının istifadə etməsinin qarşısını almaqdır.

XS
SM
MD
LG