Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:35

Ailəsini atmış ata müharibədə ölən oğlunun kompensasiyasını istəyir


Ukrayna müharibəsində öldüyü bildirilən rusiyalı əsgər
Ukrayna müharibəsində öldüyü bildirilən rusiyalı əsgər

Natalya Olenikova deyir ki, Yevgeni Fotinlə evliliyi əvvəldən problemli olub.

Onlar 1996-cı ildə, Olenikova hamilə qalanda evləniblər. Boqdan doğulandan 3 il sonra, 1999-cu ildə isə ağır iqtisadi böhran vaxtı Fotin ailəni tərk edib. O, ailənin soyuducusu və mebelini də özü ilə aparıb, Olenikovanı dörd quru divardan ibarət mənzildə uşağı ilə tək qoyub.

99 min dolların davası

23 il ərzində Fotindən çox az xəbər tutublar. Ancaq ötən yay Boqdan 26 yaşında Ukraynada döyüşlərdə öldükdən sonra Fotin onun bioloji atası kimi dövlətin verdiyi kompensasiyaya iddia etməyə başlayıb.

İndi Olenikova Fotinin 6 milyon rublu (99 min dollar) ələ keçirməməsi üçün məhkəmədə çəkişir. Bu məbləğ Rusiyanın ən yoxsul bölgələrindən biri olan Xakasiyada illik maaşın on mislindən çoxdur.

"O bu illər ərzində oğluna bir şokolad da almayıb, bir hədiyyə də verməyib, onunla bir dəfə də görüşməyib. Heç Boqdanı öz oğlu kimi tanımayıb da”, – Olenikova AzadlıqRadiosuna danışıb.

"Ancaq Boqdan ölən kimi onu dərhal tanıdı”, – o deyir.

Uşaqların 20 faizi atasız böyüyür

Kiyev və Qərb kəşfiyyatının məlumatına görə, Prezident Vladimir Putin Ukraynaya qarşı müharibəyə başlayandan onminlərlə Rusiya əsgəri döyüşlərdə ölüb.

Fotinin kompensasiyanın xeyli hissəsinə yiyələnmək cəhdi yeganə hal deyil. Ailəsini tərk edib gedən atalar Rusiya cəmiyyətində çox ciddi problemdir. Müharibə bu problemi qabardır və onsuz da parçalanmış ailələr arasında qarşıdurmanı daha da ağırlaşdırır.

Rusiyada uşaqların təxminən 1/5-ni tənha analar böyüdür. Bu halların çoxunda atalar aliment ödəməkdən və uşağın böyüdülməsində iştirakdan belə imtina edir.

200 min dollar

Rusiya hökuməti ölən əsgərlərin ailələrinə azı 12 milyon rubl (200 min dollar) vəd edib. Rusiyalıların əksəriyyəti üçün bu çox böyük məbləğdir. Bəzi hallarda bu kompensasiya ödəmələri ailə üzvləri arasında mübahisəyə səbəb olur. Xüsusilə də ölən əsgəri tənha valideynin böyütdüyü hallarda belə mübahisələrə çox rast gəlinir.

Ukraynada ölən əsgərlərin çoxu 1990-cı illərdə doğulub. Həmin dövrdə SSRİ-nin parçalanmasının ardınca Rusiyada uzun müddət davam edən iqtisadi çətinliklər fonunda ailələrin dağılması kəskin artmışdı.

"Rusiyada atanın peyda olub pula yiyələnməsi normal haldır”, – Olenikova deyir. Onun sözlərinə görə, bir tanışı da bu yaxınlarda keçmiş əri ilə məhkəmə çəkişməsində qalib gəlib.

Daha bir ata

Rusiyanın müharibədə canlı itkiləri artdıqca bu kimi çəkişmələrin də sayı çoxalır.

Rusiyanın Uzaq Şərqində yerləşən Transbaykal bölgəsində üç oğlunu, demək olar, tək böyüdən 42 yaşlı Olesya Badrtdinova özünün ayrıca ailəsi olan keçmiş əri ilə məhkəmədə çəkişir. Keçmiş əri 21 yaşlı oğlu Vladislavın ölümünə görə ödənən kompensasiyanın milyonlarla rubluna yiyələnməyə çalışır.

Rusiyanın cənubundakı Volqoqrad bölgəsində isə Marina Qorbunova 28 yaşlı oğlu Sergey Semyonovun ölümünə görə ödənən kompensasiyanı keçmiş ərinin ələ keçirməsinin qarşısını almaq üçün məhkəməyə müraciət edib. Qorbunova keçmiş ərinin alkoqolik olduğunu, oğlunun beş yaşından bəri onun həyatında iştirak etmədiyini deyir.

Analar niyə məhkəməyə üz tutmur

Volqa bölgəsindəki Saratov məhkəməsi ananın müraciəti ilə bioloji atanın oğlunun ölümünə görə kompensasiyaya haqqı çatmadığı haqda hökm çıxarıb. Ana atanın oğlunu böyütməyə kömək etmədiyini, aliment ödəmədiyini sübut edib.

Tənqidçilər Rusiya hökumətinin uşaqların böyüdülməsində ataların üzərinə məsuliyyət qoymadığını, qanun sistemi korrupsiya içində olduğundan anaların məhkəmədən kömək istəməyə cəhd etmədiyini deyirlər. Hətta analar məhkəməni udsa belə, ataları aliment ödəməyə məcbur edəcək güclü mexanizm yoxdur. Üstəlik, onların çoxu tam gəlirlərini gizlədir.

Keçmiş ərlərindən maddi dəstək almayan bəzi tənha analar da Putinin səfərbərlik elanını fürsət bilib keçmiş ərlərinin yerini hərbi komissarlığa bildirməyə başladılar.

Müdafiə nazirliyi oktyabrın 31-də səfərbərliyin sona çatdığını elan etsə də, ekspertlər Kremlin yenidən bu addımı atacağını deyirlər.

Keçmiş arvadlar ödənməyən alimenti tələb edə bilirlər

Hökumət səfərbər olunan kişilərə ayda 200 min rubl (3300 dollar) ödəməyə söz verib. Bu isə Rusiyada orta əməkhaqqının üç misli deməkdir. Ödəmələr rəsmi olduğundan keçmiş arvadlar qanunla alimentin əvvəl ala bilmədikləri hissəsini tələb edə bilirlər.

Keçmiş ərləri döyüşlərdə öldürüləndə isə keçmiş arvadlar və onların uşaqları milyonlarla rubl kompensasiya ala bilirlər.

"Keçmiş ərim mənim üçün çoxdan ölüb. Əgər o, döyüşə göndərilsə və sağ çıxmasa, mən onun artıq mövcud olmamasının rəsmi təsdiqini və bununla bağlı bütün ödəmələri alaram”, – keçmiş əri haqda məlumatları hərbi komissarlığa ötürən Liliya Sergeyeva AzadlıqRadiosuna deyib.

Olenikova və Qorbunova isə keçmiş ərlərinin ələ keçirməyə çalışdığı pulun hərisi olmadıqlarını, həmin məbləği həvəslə xeyriyyə cəmiyyətlərinə verə biləcəklərini deyirlər.

“Onun maşına ehtiyacı yoxdur”

Olenikova Fotini oğlu Boqdanın maşınını miras kimi ələ keçirməyə çalışmasından sonra məhkəməyə verdiyini deyir. “Bu mənim üçün son damla idi. Onun maşına ehtiyacı yoxdur, onu satacaq. Mənim üçünsə maşın oğlumun yeganə xatirəsidir”, – o danışır.

Fotinin vəkili Gennadi Korovin AzadlıqRadiosunun açıqlama xahişini rədd edib. Olenikova Fotinin öz davranışına görə “utandığını” iddia edərək məhkəməyə gəlmədiyini söyləyir.

Olenikova oğlunu özünün 19 illik keçmiş ərinin soyadı ilə dəfn edib. Boqdanı böyütməyə də ögey atası kömək edib.

"Oğlum heç vaxt Fotin soyadını daşımaq istəməyib. O, atasına çox nifrət edirdi”, – o deyir.

XS
SM
MD
LG