Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:01

Kadırovun çeçenləri utandırma kampaniyası. ‘Dar şalvarlı, tum çırtlayanlar...’


Ramzan Kadırov (solda) və Çeçenistanın Daxili işlər naziri Ruslan Alxanov
Ramzan Kadırov (solda) və Çeçenistanın Daxili işlər naziri Ruslan Alxanov

Müxalifət fəalı İbragim Yanqulbayev “The Insider”ə deyib ki, etiraz edənlərin oğulları, ərləri və digər ailə üzvləri “könüllü” olaraq Ukraynaya göndərilib

Rusiya ordusu Ukraynada böyük itkilərə məruz qalır. Çeçenistan da bu baxımdan istisna deyil. Oktyabrın 24-də Xerson regionunun Kayirı yaşayış məntəqəsində onlarla çeçen əsgərin qaldığı binaya artilleriya zərbəsi endirilib, əsgərlər həlak olub.

Çeçenistan lideri Ramzan Kadırov həmin gün paylaşdığı qəzəbli “Telegram” postunda iddia edib ki, Ukraynadakı çeçenlər “öz dinlərini və ailə dəyərlərini qoruyurdular”. O, müharibəyə Çeçenistandan daha çox adam göndərilməsini istədiyini deyib.

"Bizim 1,6 milyon insanımız var. Onların azı 300 mini, yaxud 400 mini – mən müharibəyə göndərilə biləcək kişi əhalisinin dəqiq sayını bilmirəm… Yaş rol oynamır. İstənilən halda, hamınız hərbi komissarlıqda olmalı və hazırda döyüşən hissələrə qoşulmalısınız", – o, divanda uzanmış halda çəkdiyi videoda deyib.

Rusiyanın rəsmi statistika qurumunun məlumatına görə, Çeçenistanın əhalisi 2021-ci ildə 1,51 milyon olub. Onlardan 420 minini təqaüdçülər, 551 minini isə uşaqlar təşkil edir.

Mindən artıq vakansiya

Çeçenistana rəhbərlik etdiyi 15 il ərzində ağır insan haqları pozuntuları ilə məşhurlaşan Kadırov Rusiyanın Ukraynaya hücumunun ən aqressiv dəstəkçi və təbliğatçılarından biridir. O, Rusiya komandirlərini daim tənqid edir, onları müharibədə çox yumşaq davranmaqda suçlayır.

Oktyabrın 25-də paylaşdığı videoda Kadırov bütün Ukraynanın “bizim Rusiya ərazisi” olduğunu deyib, ukraynalıları əsir götürməyə, “yandırmağa” çağırıb. Ancaq onun bu zaman bütün Ukrayna xalqını, yoxsa yalnız döyüşçüləri nəzərdə tutduğu aydın deyil.

İndi Çeçenistan rəsmiləri kişiləri könüllü Ukraynaya getməyə məcbur etmək üçün aqressiv utandırma kampaniyasına başlayıblar. Parlamentin spikeri Maqomed Daudov hökumət nümayəndələri ilə görüşündə “Ukraynada xüsusi hərbi əməliyyatın məqsədlərini izah etmək” üçün yeni tədbirlərin başlandığını elan edib, Çeçenistan polisi və milli qvardiyası sıralarında 1000-dən artıq vakansiyanın olduğunu deyib.

Təşviq mesajları

Bu görüşdən az sonra Çeçenistan sakinlərinə din xadimlərindən mesajlar gəlməyə başlayıb. Mesajlarda sakinlərə yaxınlarını Ukraynada xidmətə təşviq etmək tapşırılır.

Hökumətin yaydığı videolarda çeçen əsgərlər “faydasız çeçenləri” “Rusiyanın maraqlarını qorumaq üçün” yetərincə səy göstərmədikləri üçün tənqid edirlər.

"Aranızda o …dar şalvarlı, tum çırtlayan və böyük-böyük danışanlar var. Allaha and içirəm ki, qardaşlarımın döyüşərək öldüyü zamanda küçəyə çıxmağa utanardım. Tariximizi ləkələyirsiniz. Evə qayıtsaq, sizə küçələrimizin heç birinə çıxmağa imkan verməyəcəyik”,Rustam Aquyev adlı bir polis rəisi oktyabrın 30-da Çeçenistanın Mətbuat və İnformasiya Naziri Axmed Dudayevin “Telegram” kanalında paylaşılmış videoda deyir.

Dudayev posta əlavə olaraq yazıb ki, “hətta cəsur qadınlarımız da” döyüş zonasında fəal olmalıdırlar.

Dəyişən ritorika

Kadırovun özü oktyabrın 27-də paylaşdığı videoda döyüşməyən çeçenlərin “əski parçasından başqa heç nə olmadığını” deyib.

"Ey, çeçenlər! Gecələr evinizdə necə rahat yata bilirsiniz? Sizə məəttəl qalmışam. Niyə …məscidlərdə, hərbi komissarlıqlarda və birliklərdə toplaşmırsınız? Necə adamlarsınız? Ailələrinizə nə deyəcəksiniz? Arvadının hesabına yaşayan kişilərdən olacaqsınız”, - o deyib.

Çeçenistan liderinin ritorikası bir neçə ay ərzində çox dəyişib. Kadırov apreldə çeçenlərin “böyük ölkəmizin bütün sakinlərinə nümunə olduğunu” deyirdi. “Bütün ruslar bunu görüb dəyərləndirirlər”, – o, “Telegram”da danışırdı.

Avqustda o, Çeçenistanın Qudermes şəhərindəki özəl hərbi təlim mərkəzinin hər həftə Ukraynaya 200 təlim görmüş döyüşçü göndərdiyini deyirdi. Həmin mərkəz Qroznı ilə Kadırovun dəbdəbəli sarayının olduğu Tsenteroy şəhərinin arasında yerləşir.

Kadırovun kampaniyası davam edir

Rusiya Prezidenti Vladimir Putinin səfərbərlik kampaniyası rəsmən bitmiş elan edilsə də, Kadırov oktyabrın 29-da Çeçenistan ərazisində çağırış vərəqələrinin hələ də göndəriləcəyini bildirib. O, Çeçenistanda əlavə, təlim görmüş birliklərin yaradılmasına çağırıb.

Rusiya Müdafiə nazirliyi noyabrın 1-də səfərbərliyi bitmiş elan edib.

Almaniyadakı çeçen azadlıq hərəkatının nümayəndəsi Xızır Suleymanov deyir ki, Çeçenistanda səfərbərlik ayrıseçkilik prinsipi ilə gerçəkləşdirilib. Onun sözlərinə görə, orduya çağırış vərəqələri göndərilərkən İçkeriya Respublikasının 1990-cı və 2000-ci illərdə Rusiyaya qarşı müharibəsinə qatılan döyüşçülərin ailələri xüsusilə hədəfə alınıb.

"Kiminsə Çeçenistanın müstəqilliyinin tərəfdarı olduğunu bilsələr, evinə hərbi formalı bir neçə adam gəlib çağırış vərəqəsini verəcək. Təkcə son bir neçə gündə mənimlə eyni bölükdə vuruşan bir nəfərin həm oğlu, həm də qardaşı oğlunun aparıldığını öyrənmişəm”, – Suleymanov deyir.

Etirazçıların ailə üzvləri hədəfdə

Çeçenistanda fəallar bildirirlər ki, yaxın zamanlarda pasport üçün müraciət edənlər və səfərbərliyə qarşı çıxanların ailə üzvləri də hədəfə alınıb, onlara çağırış vərəqələri göndərilib.

Müxalifət fəalı İbragim Yanqulbayev “The Insider”ə deyib ki, etiraz edənlərin oğulları, ərləri və digər ailə üzvləri “könüllü” olaraq Ukraynaya göndərilib.

Rusiyalı insan haqları fəalı Svetlana Qannuşkina hökuməti utandırma taktikası seçdiyinə görə qınayıb. O bu hərəkəti “primitiv” və “qanunsuz” adlandırıb.

"Bu qədər ağır, qanunsuz hərəkətlərə rəğmən Çeçenistanda etirazlar davam edir. Etiraz edənlər əsasən qadınlardır, çünki ən azı indiyə qədər onlara qarşı davranış kişilərə nisbətən daha yumşaqdır”, – o deyib.

XS
SM
MD
LG