Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:59

Rusiyadan gedənlər. 9 aya 14 milyard dollar


Qazaxıstanın Uralsk şəhərində tədbir
Qazaxıstanın Uralsk şəhərində tədbir

2022-ci ilin ilk üç rübü ərzində 100 mindən çox rusiyalı Ermənistana daxil olub

İyunda tədris ili bitər-bitməz 45 yaşlı Sergey Novosibirskdəki mebelyığma fabrikini bağlayıb, arvadını və uşaqlarını götürərək Rusiyanı tərk edib.

"Ümid edirəm, burada həmişəlik qala bilərik. Qazaxıstanda düşündüyümü deyə, azad nəfəs ala bilirəm”, – o deyir.

Rusiyanın rəsmi statistika qurumu “Rosstat”ın məlumatına görə, 2022-ci ilin ilk yarısında 419 min rusiyalı ölkəni tərk edib. Hələlik, son rəqəmlər açıqlanmasa da Prezident Vladimir Putinin səfərbərlik elanından sonra rəqəmlərin artdığını düşünmək olar. Ölkəni tərk edənlərin nə qədərinin uzun müddətə getdiyini bilmək çətindir. Ancaq Rusiyadan ciddi işçi qüvvə, sahibkar və ixtisaslı kadr axınının olduğu açıq-aydın görünür.

Mindən çox şirkət

“BCS Global Markets” təhlil şirkətinin məlumatına görə, ilin ilk 9 ayı ərzində fərdi vətəndaşlar Rusiyadan xaricə 14 milyard dollar vəsait göndəriblər.

Bundan əlavə, 1000-dən çox xarici şirkət Qərbin misli görünməmiş sanksiyaları nəticəsində Rusiyada fəaliyyətini dayandırıb. 320 xarici şirkət Rusiyanı yerli-dibli tərk edib. Yüzlərlə Rusiya şirkəti də əlverişli iş şəraiti dalınca xaricə üz tutub.

Ölkəni tərk edən rusiyalıların çoxu bu addımı siyasi deyil, iqtisadi səbəblərdən atıb. Başqa sözlə, onlar Putinin siyasətinə etiraz etmirlər, iş və təhlükəsizlik şərtlərinin pisləşməsinə görə Rusiyanı tərk edirlər.

Çox sayda rusiyalının Qazaxıstan, Ermənistan, Gürcüstan və Türkiyə kimi ölkələrə gəlməsi burada ev qiymətlərinin yüksəlməsinə və bəzi ərazilərdə gərginliyin artmasına səbəb olub. Buna baxmayaraq, bu ölkələrin miqrasiyadan xeyli iqtisadi gəlir əldə etdiyi bildirilir.


Qazaxıstan

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ötən ay 50 xarici şirkətin Rusiyadan bu ölkəyə köçdüyünü bildirib. Baş nazir Alixan Smayilovsa daha onlarla şirkətin Qazaxıstana köç etmək üçün danışıq apardığını deyib.

"Bu, ölkəmizin iqtisadiyyatına ciddi dəstək olacaq”, – Tokayev söyləyib.

Bundan əlavə 100-dən artıq Rusiya şirkəti, o cümlədən Tinkoff Bank, “InDrive” maşın paylaşma şirkəti, “Playrix” oyun şirkəti, “MNG Partners” proqram şirkəti ya artıq Qazaxıstana köçüb, ya da köçmək üçün danışıqlar aparır.

Qazaxıstanda İnsan Resursları İnkişaf Mərkəzinin prezidenti Daulet Arqandıkov deyir ki, ümumi kapital dəyəri 27 milyard dollar olan bu cür şirkətlər artıq ölkədə 4 min – 6 min iş yeri yaradıblar.

Qazaxıstanın mərkəzi bankının məlumatına görə, ölkə bankları da yaranmış vəziyyətdən faydalanır. Oktyabrın 10-dək Rusiya vətəndaşlarının Qazaxıstan banklarında açdığı depozit hesablarının ümumi həcmi 1,42 milyard dollar təşkil edib. Halbuki iyunda Qazaxıstanda yaşayan bütün xarici vətəndaşların depozitlərinin ümumi həcmi cəmi 692 milyon dollar idi.

"Burada birdəfəlik yerləşmək haqda ciddi düşünürük. Həyat yoldaşım həkimdir və artıq iş tapıb. Uşaqlarımız rus məktəbinə gedirlər və deyəsən, yeni şərait xoşlarına gəlir. Mən burada daşınmaz əmlak agenti işləyirəm və eyni zamanda yeni iş imkanlarına baxıram. Görək hansı imkanlar var və hansı sahələrdə tələb var. Mənə elə gəlir, burada biznes üçün yaxşı imkanlar var. Ona görə də biz Qazaxıstanda yerləşməyə çalışacağıq”, – Novosibirskdən olan Sergey deyir.


Ermənistan

2021-ci ilin sonunda Ermənistanın 2022-ci il üçün iqtisadi artımın 5% olacağı proqnozlaşdırılırdı. Ancaq Rusiyanın Ukraynaya hücumundan sonra, Ermənistanın Rusiya ilə iqtisadi bağlarının çox sıx olduğunu nəzərə alaraq, bu proqnoz 1,6%-ə endirildi.

Oktyabrın 18-də isə Ermənistan mərkəzi bankının sədri Martin Qalstyan bu rəqəmi yenidən nəzərdən keçirib.

"Biz indi rusiyalıların nəhəng axınını görürük və bu il iqtisadi artımın 13% olacağını gözləyirik. IT sahəsində insan kapitalında 25% artım görürük. İndi istedadlı, yaxşı təhsil görmüş insanlar Ermənistana köçür və bunun uzunmüddətli effekti ola bilər”, – o deyib.

2022-ci ilin ilk üç rübü ərzində 100 mindən çox rusiyalı Ermənistana daxil olub. Bu müddət ərzində Rusiya kapitallı 300-dək iri və 2500-dək kiçik şirkət Ermənistanda qeydiyyatdan keçib. İlin ilk yarısında Rusiyadan Ermənistana pul transferləri 1,1 milyard dollar təşkil edib. Məlumatı ArmInfo/FinPort maliyyə xəbərləri saytı yayıb.

36 yaşlı moskvalı Aleksandr bu il öz rəqəmsal dizayn şirkətini Ermənistana köçürüb.

"Müharibə başlayandan sonra mən və komandam qərara gəldik ki, köçməliyik. IT sahəsində hər kəs üçün sanksiyalar bütün perspektivlərin bitməsi demək idi. Ən yaxşı halda Çin avadanlığından istifadə edə bilərdik, bu isə sadəcə işə yaramayacaqdı”, – o deyir.

Ölkədən çıxarkən komanda üzvlərinin hərəsi özü ilə maksimum 10 min dollar nağd pul götürüb.

"Qalan pulları kriptovalyuta ilə köçürdük. Yazda Ermənistan bankları xaricilərə hesabları sərbəst və pulsuz açırdılar. Biz də bu fürsətdən yararlandırq”, – Aleksandr deyir.

O, şirkətini çox tez və asanlıqla qeydiyyatdan keçirdiyini və IT sektoruna vergi güzəştlərindən yararlandığını deyir: “Bir saatdan az çəkdi”. “Rusiyadan hər gün yeni adamlar gəldiyinə görə” Aleksandr işçi tapmaq sarıdan narahat deyil.
"İdeyaları müzakirə etməyə insanlar var, kommunikasiya üçün məhsuldar mühit var, birlikdə böyüyə biləcəyimiz adamlar var”, – o deyir.

Gürcüstan

Gürcüstan da rusiyalıların güclü axınından iqtisadi mənfəət götürən ölkələrdəndir. Oktyabrın 11-də Beynəlxalq Valyuta Fondu (BVF) bu il ölkənin iqtisadi artımının 8,8% olacağı proqnozunu verib. Gürcüstan milli bankının rəhbəri Koba Qvenetadze daha irəli gedərək artımın 10% olacağını deyib.

Mərkəzi bank 2022-ci ilin ilk 10 ayı ərzində Rusiyadan Gürcüstana köçürülən pulun 1,135 milyard dollara çatdığını bildirib. Bu 2021-ci ilin eyni dövründən dörd dəfə çoxdur. Bu ilin mart və iyun ayları arasında Rusiya vətəndaşları Gürcüstanda 6 min 419 şirkət qeydiyyatdan keçiriblər. Daxili İşlər Nazirliyi yanvar və sentyabr ayları arasında 112 min 733 rusiyalının Gürcüstana daxil olduğunu bildirib. Qurum Putinin sentyabrın 21-də səfərbərlik elan etməsindən sonra bu rəqəmin əvvəlkindən xeyli artıq olduğuna diqqət çəkib.

Rusiyalı mühacirlərin axını, xüsusən də Tbilisidə, kirayə qiymətlərinin yüksəlməsinə səbəb olub. İndi azgəlirli ailələr və tələbələr bundan əziyyət çəkirlər. Mütəxəssislər deyirlər ki, bu artım uzunmüddətli olmaya bilər.

"Bilməliyik ki, bu il artımı böyüdən bütün bu amillər müvəqqətidir. Bu, qarşıdakı illərdə dayanıqlı artıma təminat vermir. Buna görə də ehtiyatlı olmaq lazımdır”, – Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə aparıcı iqtisadçısı Dmitar Boqov deyir.

Azərbaycandan 'beyin axını': 'Qarşısı mütləq alınmalıdır!'
Gözlə

No media source currently available

0:00 0:07:32 0:00


Əri ilə birlikdə Novosibirskdən gələn 32 yaşlı kafe sahibi Oksana Gürcüstanda biznesini dəqiqələr içində qeydiyyatdan keçirdiyini və bütün formaları ingiliscə doldura bildiyini deyir:

"Burada nəhəng imkanlar var. Əsas məsələ isə odur ki, burada əsl azadlıq var. Burada istədiyini edə, düşündüyünü deyə bilərsən... Yarada, çiçəklənə, biznes aça bilərsən – bütün yollar açıqdır. … Ümid edirəm ki, rusiyalı qaçqınlar Gürcüstan cəmiyyətinə üzvi şəkildə birləşəcəklər, Gürcüstan bizim yeni vətənimiz olacaq. Bizim qayıtmağa yerimiz yoxdur və bizə qucaq açdıqları üçün onlara minnətdaram”.

Türkiyə

Türkiyə Rusiyaya sanksiya tətbiq etməyən yeganə NATO ölkəsidir. İyunda Türkiyənin Rusiyaya ixracatı ötən ildəkinə nisbətən 46% artaraq 791 milyon dollar təşkil edib. Bu rəqəm həm də 2010-cu ildən bəri bir ayda qeydə alınmış ən yüksək göstəricidir. İl ərzində isə iki ölkə arasında ticarət dövriyyəsinin 60 milyard dolları keçəcəyi gözlənilir.

İlin ikinci rübündə Türkiyə iqtisadiyyatında artım proqnozları aşaraq 7,6% təşkil edib. Bununla da Türkiyə G20 qrupunda ən sürətli iqtisadi artım nümayiş etdirən ölkələrdən biri olub.

Rusiyada İT üzrə mütəxəssis səfərbərliyə görə meşədə qurduğu gizli çadırdan işləyir
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

Rusiyalılar Türkiyədə daşınmaz əmlakın aparıcı xarici müştərilərinə çevrilib. Türkiyə statistika qurumu təkcə avqustda rusiyalıların orta hesabla gündə 34 mənzil aldıqlarını bildirib. Putinin səfərbərlik elanından sonra isə tələb daha da artıb.

Türkiyə qanununa görə, azı 75 min dollarlıq daşınmaz əmlak alan əcnəbilər daimi sakin statusu üçün müraciət edə bilərlər.

XS
SM
MD
LG