Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:34

‘Şaymuratov batalyonu’ könüllüsünün başına gələnlər


Şaymuratov batalyonunun öldürülmüş əsgərləri
Şaymuratov batalyonunun öldürülmüş əsgərləri

37 yaşlı başqırdıstanlı Anatoli iyunda orduya yazılıb, üç ay sonra isə Ukraynaya qarşı vuruşmaq üçün cəbhəyə göndərilib. Onun hərbi birliyi cəbhədəki 2 həftə yarımı ağır keçirib.

"Bütün o müddətdə daimi yeməyimiz olmadı. Sursatımız yox idi, ətrafdakı meşədə avtomat darağı axtarmalı olurduq. Bizə yeni avadanlıq və silah-sursat söz vermişdilər, ancaq artıq 3 dəfə istifadə olunmuş avtomat silahlar payladılar. Bəzilərinin lüləsi əyilmişdi, bəziləri ikinci atəşdən sonra ilişib qalırdı. Ağır silahımızsa heç yox idi”, – o deyir.

Bir-iki həftə sonra

Döyüş zonasına atıldıqdan bir-iki həftə sonra Anatoli və onlarla başqa müqaviləli əsgər müqavilədən imtina edərək evə qaytarılmağı tələb ediblər. Onların hamısı “Şaymuratov batalyonu” adlı regional hərbi birlikdə vuruşurdular.

Anatolinin hekayəsi Rusiyanın gözlədiyindən daha uzun çəkən bu müharibədə ordusunun üzləşdiyi təchizat və əhval-ruhiyyə problemlərini əks etdirir.

Dəqiq rəqəmlər bilinməsə də, bəzi Qərb kəşfiyyat məlumatlarına görə, müharibədə öldürülən və yaralanan rusiyalıların sayı 80 minə çatıb. Amma bu rəqəmi müstəqil təsdiqlətmək mümkün deyil.

Rusiya itkilərin yerini doldurmaq üçün orduya cəlb etməyə çalışdığı yeni könüllüləri pulla şirnikləndirmək, məhbusları cəbhəyə göndərmək, xarici muzdlulara vətəndaşlıq təklif etmək kimi yollara əl atır.

Canlı qüvvə problemləri çox sayda könüllü “müqaviləli” əsgərin müqavilədən və döyüşməkdən imtinası sayəsində daha da dərinləşir.

20-40 faiz

Rusiya Prezidenti Vladimir Putin səfərbərlik elan edərkən eyni zamanda könüllü əsgərlərin müddətinin avtomatik uzadıldığını da bildirmişdi. Bununla da prezident onların döyüşməkdən imtinasının qarşısını almağa çalışırdı.

Müqavilələrini pozan könüllülərin dəqiq sayı bilinmir. Ancaq qeydə alınan bu cür halların yüzlərlə olduğu bildirilir. “Münaqişə məlumat komandası” adlı Rusiya QHT-sinin təsisçisi Ruslan Leviyev “Nastoyaşeye Vremya”ya “imtina fenomeninin sistematik hal aldığını” deyib.

"Hesablamalarımıza görə, Ukraynadan qayıdan və yenidən döyüşə göndərilməyə hazırlanan müqaviləli əsgərlərin 20-40 faizi qayıtmaqdan imtina edir", – o, apreldə deyib.

Media, açıq kəşfiyyat və Ukrayna rəsmilərinin məlumatlarında problemin daha da ağırlaşdığı bildirilir.

800 əsgər

Başqırdıstanın “Şaymuratov batalyonu” Rusiyanın canlı qüvvə azlığı probleminin həllindən ötrü yaratdığı könüllü birliklərdən biri idi.

Mayın sonlarında qurulan bu birliyin məqsədi 800 əsgər cəlb etmək olub.

Könüllülərə orduya yazıldıqları üçün ilkin olaraq 200 min rubl (3300 dollar) ödəniş və günə 2 min rubl (33 dollar) günlük xidmət haqqı vəd edilmişdi. Bu maaşlar Başqırdıstandakı orta əməkhaqqından yüksəkdir. Başqırdıstan Respublikası iri neft yataqlarına baxmayaraq, Rusiyanın yoxsul regionlarından sayılır.

Anatoli etiraf edir ki, onun orduya yazılmaq qərarı həm də pulla bağlı olub: “Pul məsələsinin rolu vardı. Düşündüm ki, borclarımı qaytararam və ailəm üçün bir balaca pul qazanaram”, – o deyir.

42 əsgər müraciət yazıb

AzadlıqRadiosuna Başqırdıstandan telefon və sosial media mesajları vasitəsilə danışan Anatoli özündən başqa daha 42 əsgər yoldaşının sentyabrın 17-də döyüşməkdən imtina üçün müraciət etdiyini deyir.

"Onların (ukraynalıların) artilleriyası o qədər dəqiq idi ki, bizim səngərləri metrinə qədər tapıb atəşə tuta bilirdilər. 10 sıra səngərimiz var idi, sıra ilə onların hər birini vururdular”, – o deyir.

Anatolinin sözlərinə görə, o və əsgər yoldaşları döyüşdən imtina müraciəti etdikləri günün səhəri “zampolit” (sovet dövründən qalma vəzifə; əsgərlərin siyasi mövqeyini izləyən və dövlətin siyasi təbliğatını aparan kadr) qrupla “söhbət aparmağa” gəlib. Sentyabrın 20-də onları Xerson regionuna aparıblar. Putinin səfərbərlik əmri verdiyi sentyabrın 21-də isə onlara hissə-hissə Krıma aparılacaqları deyilib.

Ufadan hadisə yerinə gedən dövlət rəsmisi

Əsgərlər 2 gün yarım bir qarajda saxlandıqdan sonra videomüraciət çəkərək onu Başqırdıstan rəhbəri və onun səfərbərliyə cavabdeh köməkçisi Alik Kamaletdinova göndərə biliblər. Daha sonra sosial mediada başqa bir video da paylaşıblar.

Kamaletdinov AzadlıqRadiosunun açıqlama müraciətini rədd edib.

Bir gün sonra Kamaletdinovun özü ta Ufadan gəlib, 30 əsgəri cəbhəyə qayıtmağa razı salıb, 13-ü isə qarajda qalıb. Anatolinin sözlərinə görə, Kamaletdinov həmin 13 əsgəri fərqli birliklərə göndərməyi təklif etsə də, onlar razılaşmayıblar.

"Bizi köpək adlandırdı, özümüzə də vətəndə xain sayılacağımızı dedi. O dedi ki, biz “atılacağıq” və yaxınlarımız “gün görməyəcək”. Sonra da çıxıb getdi və biz daha onu görmədik”, – Anatoli danışır.

Anatoli oktyabrın 9-dək həmin qarajda və daha 9 gün başqa bir yerdə saxlandığını deyir. Oktyabrın 18-də zabitlər ona və digər yoldaşlarına sənədlərini verərək azad olduqlarını bildiriblər.

Krıma, sonra Ufaya

Anatolinin sözlərinə görə, onların bəziləri avtostop, bəziləri isə avtobusla Krıma gedib, Anatoli və daha 4 yoldaşı isə oktyabrın 22-də Ufaya gəlib. Anatoli döyüşmək üçün qalan əsgərlərin başına gələnlərdən xəbərsiz olduğunu deyir.

Oktyabrın 28-də müqaviləsinin müddəti rəsmən başa çatan Anatoli müqaviləsini yekunlaşdırmaq üçün hərbi komissarlığa getməkdən çəkinir. O yenidən tutularaq həbsxanaya, yaxud daha betər yerə – Ukraynaya göndəriləcəyindən qorxur.

Anatoli ona vəd edilən 200 min rublluq bonusu və gündəlik xidmət haqqının çox hissəsini ala bilmədiyini deyir. Ona cəmi 34 min rubl (560 dollar) ödənib.

"Elə çıxır ki, Ukraynada o qədər günü boş yerə keçirmişəm”, – o söyləyir.

XS
SM
MD
LG