Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:47

Yanan binanın duş kabinəsi də var...


Yanan binada təmir yekunlaşır
Gözlə

No media source currently available

0:00 0:02:39 0:00

Yanan binada təmir yekunlaşır

-

Azadlıq prospekti 200/36-da yerləşən, mayın 19-da yanan binada təmir işləri iki həftəyə başa çatmalıdır. Təmir işini aparanlardan biri – «Azəraqrartikinti»nin sahə rəisi Sənan Şükürov AzadlıqRadiosuna deyir ki, təmirdən çıxan mənzillər sentyabrın 15-də sakinlərə təhvil verilməlidir.

Sahə rəisi bizi xəndəklərin üstündən keçirib bloka aparır. Bir yanda kisələrin qalaqlandığı, bir yanda da mərmər pillələr düzülən blokda addımlamaq xəndək üstündən adlamaqdan daha çətindir. Yanğından sonra pillələrin əyilib-dağılması diqqət çəkir.

TƏMİRİ BİTƏN MƏNZİLLƏRDƏ MEBEL DƏ VAR

Sənan Şükürov, xırda-para işləri çıxmaqla, mənzillərdə təmirin bitdiyini, ancaq blokda görüləsi işlərin qaldığını söyləyir.

Nəhayət, sahə rəisi bir mənzilin qapısını açıb bizi içəri dəvət edir. Onun göstərdiyi mənzildə təmir başa çatıb. Burada ağ rəngdə, son dəbə uyğun qonaq, yataq və mətbəx dəstləri yerləşdirilib, pəncərələrdənsə pərdələr asılıb.

Sahə rəisi deyir ki, otaqda hər şeyin şəklini çəkə bilərsiniz, bircə mebellərdən başqa. Səbəbini açıqlamır.

Otaqların küncündə qızdırıcı sistem quraşdırılıb. Hamam-tualetdə duş və əlüzyuyan quraşdırılıb.

Sənan Şükürov deyir: «Sentyabrın ikinci yarısınadək tamamlama işləri bitəcək və 59 mənzil sakinlərin ixtiyarına veriləcək. Yanğın zamanı tavan, örtük və divarlardakı inşaat izləri silinib, gərəkli alətlər sökülüb götürülüb. Mənzillərdə təmir-bərpa və bəzək işləri tamamlanıb. Hamam-tualetdə kafel və yer tavaları döşənib, indi aksesuarlar və duş kabinələri olan mənzillərin kabinələri quraşdırılır. Döşəməyə parket, divara kağız vurulub. Qapı-pəncərə yenisiylə əvəzlənib. Mənzillərdə yataq, mətbəx, qonaq dəsti qoyulub. Demək olar ki, işlər bitib. Binada bərpa işləri konstruktiv dəyişikliksiz başa çatdırılıb».

«BİZ ÖZÜMÜZ BELƏ MƏNZİLLƏRDƏ YAŞAMIRIQ»

Sənan Şükürov elektrik, kanalizasiya, istilik xətlərinin də yeniləndiyini bildirir.

Sahə rəisi təmiri tərifləyir: «Bircə onu deyim ki, biz özümüz belə mənzillərdə yaşamırıq».

Sakinlər nə deyir təmir haqqında? Təəssüf ki, sakinlər 20 günə yaxındır binaya buraxılmırlar. O üzdən, onların rəyini öyrənə bilmədik.

Sənan Şükürovun sözlərinə görə, təxminən 15-20 gün əvvələdək sakinlər istədikləri vaxt mənzillərinə baş çəkə, təmirin gedişiylə tanış ola biliblər:

«Hər gün aramsız baxış keçiriblər. Amma son 20 gündə ancaq icra hakimiyyətinin nümayəndəsi ilə təyin olunmuş vaxtda bura gəlib təmirlə tanış ola bilirlər. Bu da onunla bağlıdır ki, inşaata müəyyən qədər maneə yaradır, vaxt alırdılar. Təhlükəsizlik baxımından da problem yaranırdı...».

Sənan Şükürov təmir zamanı sakinlərin istəyi ilə bəzi mənzillərdə dəyişiklik aparıldığını da sözlərinə əlavə edir: «59 mənzildən təxminən 10- 12-sində qapı dəyişdirilib, hamamda, otaq arasında, divar hörgüsündə dəyişiklik edilib. Bu da Layihə İnstitutu ilə razılaşdırılıb».

MÜQAYİSƏ ÜÇÜN ALBOM VERİLƏCƏK?

Baş nazirin müavini, yanan binayla bağlı komissiyanın sədri Abid Şərifov bir qədər öncə mətbuata demişdi ki, sakinlərə evlərində aparılan təmir işləri ilə tanış olmaq üçün vaxt ayrılmasına ehtiyac yoxdur: «Düzdür, hərənin zövqü ayrıdır. Amma onlara təmir üçün icazə verilsə, işçiləri işləməyə qoymazlar».

A.Şərifov təmir bitdikdən sonra bina sakinlərinə mənzillərinin təmirdən əvvəlki və sonrakı vəziyyətinin müqayisəsi üçün albom veriləcəyini də söyləmişdi.

Bu il mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada yanğın olmuş, hadisə nəticəsində 15 nəfər ölmüşdü. Yanğına ilkin səbəb kimi binanın üzərinə çəkilmiş penoplast üzlüklər göstərilir. Yanan material olan üzlük bir anda alovlanmış və ani yanğın bütün binanı bürümüşdü.

XS
SM
MD
LG