Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:58

Paşa Holdinq haqda bilmədikləriniz


Hotel tikirsiz? Şəhərin mərkəzində?

Bunun üçün İçərişəhər qala divarını və başqa tarixi abidələri sökmək lazımdır?

Yolüstü qabağınıza qədim tunel keçsə, onu beton altında basdırmaq istəyirsiz?

Bəs dağların qoynundakı dövlət qoruğunda necə? Şahdağda dövlət büdcəsi hesabına abadlaşdırılan ərazidə tendersiz biznesə nə deyirsiz?

Hotel tikmək üçün yerli fermerlərin torpaqlarının əlindən zorla alınması da problem deyil.

Qanunlar? Cinayət məsuliyəti?

Nə danışırsınız! Bu imkanlar və cəzasız qanun pozuntuları adi Azərbaycan vətəndaşları üçün deyil. Gərək prezidentlə qohumluğun ola. Verilən imkanlar artıqca, qohumluq dərəcəsi də yaxınlaşır. Elə Paşa Holdinqdə olduğu kimi.

BABADAN NƏVƏLƏRƏ

Paşa Holdinq Azərbaycan qeyri-neft iqtisadiyyatının ən böyük hissədarlarından biridir. Lakin prezidentin ailə konqlomeratının dinamikası ictimai fikri də bir addım qabaqlayır.

Belə ki, Paşa Holdinqin birinci ledinin qohumları - Paşayevlərin nəzarətində olması barədə xəbər artıq bir ilə yaxındır ki, köhnə xəbərdir. Holdinq ən azı ötən ilin ortalarından birbaşa prezidentin qızlarına məxsusdur.

Turan agentliyinin Paşabankın illik maliyyə hesabatına əsasən yaydığı məlumatdan görürük ki, Paşa holdinqin indiki sahibləri prezidentin qızları Leyla və Arzu Əliyevadır.

2012 və 2013-cü il hesabatlarınən hər ikisində bankın təsisçi strukturu eyni şəkildə göstərilib: Pasha Holding 60% Ador MMC 30% Arif Pashayev 10%


Burada Arzu və Leyla Əliyevalar mülkiyət bölgüsündə ancaq Ador MMC vasitəsilə və cəmi 30 fazilik payın daşıyıcılarıdırlar. Belə ki, Azadlıq Radiosu vaxtilə Ador-un sənədlərindəki ünvan ilə Azərbaycan Mərkəzi seçki komissiyasının seçici siyahısını tutuşduranda, məlum olmuşdu ki, eyni ünvanda həm Ador-un təsisçiləri, həm də Mehriban, Arzu və Leyla Əliyevalar qeydiyyatdan keçib.

Əlavə edək ki, bu həmin Ador MMC-dir ki, Bayraq meydanını və Cristall Hall-ı inşa etmiş AZENCOnun, habelə Expressbankın və Sumqayıt Texnologiya Parkında onlarla zavodun da təsisçisidir.

Paşabankın təsis sənədlərindəki yeni məlumat ona görə diqqəti cəlb etmişdi ki, burada Paşa Holdinqin sahiblərinin dəyişməsi faktı öz təsdiqini tapırdı. Lakin Paşabankın Gürcüstan qanadının maliyyə sənədlərindən məlum olur ki, bu hadisə az qala 1 il əvvəl baş verib. Prezident qızlarının adları Paşabank Georgianın sənədlərindəki yekun sahiblik strukturunda hələ 2013-cü ilin iyununda və aşağıdakı nisbətdə peyda olub: Leyla Əliyeva 45% Arzu Əliyeva 45 % Arif Paşayev 10 %


Paşabank Gürcüstan 100 faiz Paşabank Azərbaycana aiddir, amma Gürcüstan qanunlarına əsasən, kommersiya qurumları hesabatlarında rəsmi təsisçilik edən hüquqi şəxsləri deyil, birbaşa gəlir götürən fiziki şəxsləri göstərməlidirlər.

Paşabank Gürcüstan da Paşaholdinq və Ador MMC-ni deyil, onların sahiblərini pay bölgülərinə uyğun şəkildə göstərib.

LEYLA VƏ ARZU ƏLİYEVALARIN BİZNES ŞƏBƏKƏSİ

Göründüyü kimi, Paşa Holdinqlə, Ador MMC-nin payı birbaşa Leyla və Arzu Əiyevanın sərəncamına keçib. Başqa sözlə, Azərbaycan prezidentinin qızları ölkədə tikintidən tutmuş, sığorta xidmətlərinə qədər, o cümlədən büdcə hesabına maliyyələşən kontraktlardan yararlanan şirkətləri özünə daxil edən bir iqtisadi nəhəngin - Paşa Holdinqin hakimi-mütləqinə çevrilib. Gəlin bu holdinqə daxil olan şirkətlərin siyahısına nəzər salaq

Pasha Bank
Pasha İnsurance
Pasha Life
Pasha Travel
Pasha Construction
Kapital Bank

Bunlar yalnız Pasha Holdinqin internet səhifəsində göstərilən törəmələridir. Bunlardan əlavə, Pasha Hotels and Resorts da Pasha Holdinqin 100 faiz törəmə şirkətidir. Bu şirkətin idarəsində Bakıda Four Seasons və Mariott Abşeron hotelləri, eləcə də Şahdağ qoruğunda yerləşən Şahdağ və Pik Palas hotelləri var.

“Şahdağ” Qış-Yay Turizm Kompleksi və müflis olan ətraf kəndlilər…
Gözlə

No media source currently available

0:00 0:06:04 0:00


Elə cəzasız qalan qanun pozuntuları da bu hotellərin tikintisi zamanı baş verib. Prezidentin qohumlarına məxsus holdinqə gözün üstə qaşın var deyən də olmayıb.
Tikintinin pozulması təhlükəsi qarşısında qədim tarixi tunnelin beton altında basdırılmasına, İçəri şəhər qala divarının bir hissəsi də daxil olmaqla onlarla tarixi abidənin dağıdılmasına kimin cürəti catardı ki? Yaxud kimin himayəsində olmalısan ki, heç bir tenderdən keçmədən dövlət təbii qoruğu ərazisində öz şirkətinin lüks hotellər şəbəkəsini tikəsən? Əlavə etsək ki, bu tikinti elə dövlətin 2 milyardlıq vəsaiti hesabına abadlaşdırdığı ərazidə həyata keçirilib, sualın cavabı ətrafında baş sındırmağa ehtiyyac qalmır.

MALİYYƏ MONOPOLİYASI VƏ DAŞINMAZ ƏMLAK BAZARI

Paşa Holdinq həm də Kapital Bank vasitəsilə Bakı Banklararası Valyuta Birjasının (40%) Beynəlxalq bankın (0.13 %) və Bakı Fond Birjasının (5.26%) səhmdarıdır.

Dövlət büdcə əməliyyatlarının böyük hissəsi məhz Kapital Bank vasitəsilə həyata keçirilir. Bir çox büdcə təşkilatlarının maaş ödəmələrindən əlavə, vergi, sosial müdafiə və başqa rüsumların ödənişlərinin ünvanı məhz Kapitalbankda açılan hesablardır. 2011-ci ildə mətbuat Maliyyə Nazirliyinin Kapitalbankın dövlət ödəmələri sistemində monopolist mövqe tutmasına şərait yaratdığını yazıb.

Turan agentliyi Pasha Holdinqin mülkiyyətində çoxsaylı daşınmaz əmlakın, o cümlədən, Port Baku, Port Baku Residence kimi lüks ofis mərkəzlərinin olduğunu da qeyd edir.

Prezident qızlarının bu holdinqinin dəyəri ilə bağlı mübahisələr var. Paşa Holdinqin öz internet səhifəsində yerləşdirdiyi reklam prospektində holdinqin aktivlərinin 2,6 milyard manat, öhdəliklər çıxılandan sonra kapitalının isə 576 milyon manat olduğu göstərilib.

Mətn şəkilin altında davam edir





Prezident İlham Əliyev Şahdağ turizm mərkəzində olarkən bu əraziyə daha çox dövlət investisiyası qoyulacağını deyib və yerli iş adamlarının bölgəyə sərmayə qoymasını təqdir etdiyini vurğulayıb.Amma bölgədə biznesdən yararlanan ən böyük şirkətin Azərbaycanda vergi ödəyicisi olub olmadığı da dəqiq deyil. Vergilər Nazirliyinin onlayn məlumat bazası bu holdinq barədə heç bir məlumat göstərmir. Bu məlumatın orada olmadığı, yaxud vətəndaşlardan gizlədildiyi aydın deyil.

Bu yazının mayın 7-də dərc olunan ilkin variantında ORBİS beynəlxalq hüquqi sənədlər bazasından alınan sənədə əsasən, Azərbaycanda Kapital Bank və Paşabankın sahibi olan Pasha Holding BV-nin Hollandiyada qeydiyyatdan keçdiyi göstərilmişdi. Mayın 15-də ORBİS hüquqi sənədlər bazasından müxbirimizə məlumat verilib ki, onların sənədlərində yalnışlıq olub. Kapital Bankın təsisçisi olan Paşa Holdinqin harada qeydiyyatdan keçdiyi onlara məlum deyil. Pasha Holding B.V. isə həqiqətən Hollandiyada qeydiyyatdan keçib, lakin Azərbaycanla əlaqəsi yoxdur.

"Bir qalanın sirri"
Gözlə
Embed

No media source currently available

0:00 0:14:58 0:00


“BİZ BAZAR İQTİSADİYYATINI VERGİ YOLU İLƏ TƏNZİMLƏMƏLİYİK”

Heydər Əliyevin bu çağırışına onun bizmesmen nəvələrinin nə dərəcədə qoşulduğunu demək çətindir. Azərbaycan Vergilər nazirliyi ölkədə iri holdinqlərin vergiləri haqda məlumatları paylaşmadığından Leyla və Arzu Əliyevanın da dövlət xəzinəsinə nə qədər xeyir verdiklərini deyə bilməyəcəyik. Paşa Holdinqin internet səhifəsində də belə bir məlumat yoxdur.

Odur ki, 2,6 milyard manat dəyərində aktivlərin və 576 milyon manat təmiz kapitalın qazanılmasından mənfəət vergisinin hansı ölkədə, və ya ümumiyyətlə ödənilib-ödənilmədiyini bilmirik.

Əliyevlərin ailə biznesində getdikcə daha çox bilinməz məqam aşkara çıxır. Şirkətlərə sahibliklərini gizlətmək üçün xarici ölkələrdə mürəkkəb sxemlər quran Əliyevlərin bizneslərinin bir qismi jurnalist araşdırmaları, bir qismi isə başqa ölkələrdə məcburi olan şəffaflıq mexanizmləri vasitəsilə aşkara çıxır.

Amma bu bizneslərin çiçəklənməsi üçün yol verilən qanun pozuntuları hüquq-mühafizə orqanlarının marağını cəlb etmir.

OCCRP Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin baş redaktoru Paul Radu deyir ki, bəzən hüquq mühafizə orqanları korrupsiyaya qurşanmış siyasətçilərin təsiri altında olduğu üçün cinayətlərə qarşı tədbir görmürlər. “Amma ruhdan düşmək lazım deyil. Zamanı gəlir və bu jurnalist araşdırmaları ədalətin bərpa olunmasında böyük rol oynayır”.

Misallardan biri Misirin keçmiş prezidenti Hüsni Mübarəkin hakimiyyəti dövründə büdcədən oğurlanan pulların qaytarılması üçün elə Paul Radunun da həmmüəllifi olduğu araşdırmaların oynadığı roldur.

“Despotik rejimlər daimi deyil. Biz Misirdə Mübarəkin yıxılmasından sonra araşdırma jurnalistikasının rolunu gördük. Hamı onun taxtda daim oturacağını düşünürdü, amma dəyişikliklər baş verdi və onun pullarını gizlətmək üçün etibar etdiyi adamlar məhkəmə önünə çıxarıldı, həbs olundu. İndi Yanukoviçsonrası Ukraynada da eyni şey baş verir. Əvvəllər “nə olsun ki” deyib keçilən araşdırmalar da yeni gözlə nəzərdən keçirilir və orada araşdırılan faktlar üzrə tədbirlər görülür.”

XS
SM
MD
LG