Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:36

'Azərsun'la Əliyevləri bağlayan ofşor şirkətlər üzə çıxdı


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azersun-un İmişli rayonundakı şəkər istehsalı müəssisəsinin açılışında. 23 mart 2006-cı il.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azersun-un İmişli rayonundakı şəkər istehsalı müəssisəsinin açılışında. 23 mart 2006-cı il.

-

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (ICIJ) müxbiri
Stefan Candeanın araşdırması əsasında.


------------------

Araşdırmanın yayılmasından sonra prezidentin mətbuat katibi və Azersun şirkəti ona reaksiya verib. Onların fikirləri ilə mətnin sonunda tanış ola bilərsən.


HASSAN GOZAL ƏSLİNDƏ PREZİDENT AİLƏSİNİN İŞÇİSİ İMİŞ?

Paytaxtın ən gözəl guşələrindən birində göyə ucalan Alov Qüllələri, Heydər Əliyev mərkəzi, Şahdağ turizm kompleksi, lüks villalar, xörək duzundan tutmuş yağ istehsalınadək qida sənayesinin müxtəlif sahələrində inhisarçı mövqe, tikintidən başlayıb əsgər yeməyinə qədər müxtəlif xidmətlər üçün çoxmilyonluq dövlət sifarişləri... Bunların hamısı bir şirkətin – Azərsun holdinqin Azərbaycanda uğur hekayəsidir.

ICIJ (Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu) təşkilatının apardığı araşdırma isə göstərir ki, bu uğur hekayəsinin arxasında həm də böyük bir korrupsiya hekayəsi dayanır – Azərbaycan prezidentinin, onun övladlarının və xanımı Mehriban Əliyevanın ofşor şirkətlər vasitəsilə təmin etdiyi biznes maraqları.

Prezident Ilham Əliyev xanımı Mehriban Əliyeva ilə.
Prezident Ilham Əliyev xanımı Mehriban Əliyeva ilə.

ICIJ müxbiri Stefan Candea Azərsun Holdinqin rəhbərliyində olan Gözəl ailəsinin gizli ofşor şirkətlər vasitəsilə İlham Əliyevlə əlaqələrinə dair sənədləri əldə edib.

Sənədlər göstərir ki, iş adamı Həsən Gözəl (Hassan Gozal) Vircin Adalarında 2008-ci ildə prezidentin qızlarının adına qurulan Rosamund International şirkətinin direktoru imiş.

Şirkət təsis ediləndə İlham Əliyevin qızları Arzunun 19, Leylanın isə 23 yaşları vardı.

Sənədlər göstərir ki, İlham Əliyev və onun xanımı da ofşor zonada biznes qurubmuş.

Onlar bu şirkətə 2003-cü ilin əvvəlində sahiblənib. Elə həmin ilin sonunda İlham Əliyevin atası, o zamankı prezident vəfat edib və hakimiyyət İlham Əliyevin əlinə keçib.

Prezident ailəsinin bu şirkətləri hansı məqsədlə qurduğu bəlli deyil. Bəlli olan odur ki, ailə bu şirkətlərə sahibliyini gizlətmək üçün tədbirlər görməyə çalışıb, şirkətlərin qeydiyyatını və idarəetməsini agent-firmalar vasitəsilə həyata keçirib.

Prezidentin ailəsi və Gözəl ICIJ təşkilatının göndərdiyi sorğulara cavab verməyib.

Azərbaycan qanunvericiliyi vəzifəli şəxslərin gəlir və əmlakını bəyan etməsini tələb edir. Lakin indiyədək bu məlumatlar ictimaiyyətə açıqlanmayıb.

Mehriban Əliyeva 2005 və 2010-cu illərdə, İlham Əliyev isə 1995 və 2000-ci illərdə parlament üzvlüyünə namizəd kimi, eləcə də hər prezident seçkisində belə bir bəyannaməni təqdim etməliydi.

Lakin Mərkəzi Seçki Komissiyası bu bəyannamələrin təqdim olunub-olunmaması, təqdim olunan bəyannamələrdə hansı məlumatların əksini tapdığı ilə bağlı sualları cavablandırmayıb.

Sənədlərə görə, İlham Əliyevin ofşor şirkətə sahib olduğu zaman kəsimində deputat, ARDNŞ vitse-prezidenti, baş nazir və prezident vəzifələrini tutub. Azərbaycan konstitusiyası deputatlara və Nazirlər Kabinetinin üzvlərinə, Dövlət Qulluğu haqqında və Sahibkarlıq fəaliyyəti haqqında qanunlar isə ümumilikdə vəzifəli şəxslərə sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olmağı qadağan edir.

Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəylinin fikrincə, İlham Əliyev deputat, sonra da prezident olduğu dövrdə şirkət sahibi olmaqla qanunları pozub.

Prezident İlham Əliyev ailəsi ilə (soldan), qızı Arzu, oğlu Heydər, xanımı Mehriban və qızı Leyla
Prezident İlham Əliyev ailəsi ilə (soldan), qızı Arzu, oğlu Heydər, xanımı Mehriban və qızı Leyla

Arzu və Leyla Əliyevalar Vircin adalarındakı şirkətlərə 2008-ci ilin dekabrında, atalarının ikinci müddət prezidentliyini təsdiqləyən seçkilərdən iki ay sonra sahibləniblər.

Arbor Investments LTD şirkəti Arzu Əliyevanın adınadır. Leyla Əliyeva isə LaBelleza Holdings LimitedHarvard Management Limited şirkətlərinin sahibidir. Bu üç şirkətin qurulması üçün Malayziyada yerləşən Naziq & Partners şirkəti vasitəçilik edib. Şirkətlərin üçü də Sinqapurda yerləşən Portcullis TrustNet ofşor xidmətlər firması tərəfindən qeydiyyata alınıb.

Gənc xanımlar şirkətlərdə hüquqi ünvan kimi Dubaydakı lüks mənzilləri göstəriblər. Mənzillər Marina Le Reve adlanan kurort zonasında ən dəbdəbəli göydələnlərdən birində yerləşir. Həmin binada satışa çıxarılan mənzillərin sahəsi 2000 kvadrat metrdən çoxdur və 6 milyon dollara yaxın qiyməti var.

ALOV QÜLLƏLƏRİ

Azərbaycanda ən böyük biznes qurumlarından birinin sahibi olan Həsən Gözəl Leyla və Arzu Əliyevaların işçisi imiş. Prezident qızlarının Vircin adalarında açdığı şirkətlərdə onun adı direktor kimi keçir.

Alov Qüllələri
Alov Qüllələri

Həsən Gözəl və onun qardaşı Əbdülbari Gözəl əslən İrandandırlar. Qardaşlar bizneslərini əsasən Dubaydakı Cəbəl Ali Azad Ticarət Zonasından idarə edirlər.

Həsən Gözəl İntersun Holding çətiri altında birləşmiş ondan artıq şirkətin rəhbəridir. İntersunun özününsə rəhbərliyini qardaşlar paylaşır - Əbdülbari Gözəl şirkətin prezidenti, Həsən Gözəl vitse-prezidentidir.

Sənədlər sübut edir ki, vaxtilə İlham Əliyevin vitse-prezident işlədiyi Azərbaycan Dövlət Neft Şirkəti Gözəl qardaşlarına böyük imkanlar yaradıb. Gözəl qardaşlarının rəhbərlik etdiyi Petro-Trans FZCO şirkətinin ARDNŞ-la birgə yaratdığı SOCAR Energy Georgia birgə müəssisəsi, Middle East Petroleum və Azərsun holdinqin terminalları, neft daşımaları üzrə böyük layihələr bu əməkdaşlığın yalnız bir hissəsidir.

Əliyeva bacılarının şirkətini idarə edən Gözəlin neft gəlirlərindən birbaşa və dolayısı ilə pul qazanmaq imkanı olub. Neft pulları hesabına Bakının simasını dəyişən tikinti bumunda da Gözəl qardaşlarının payı var.

Ümumilikdə Gözəl qardaşları Bakı və onun ətrafında ümumi dəyəri 4.5 milyard dollara çatan tikinti layihələri həyata keçirir:

Azərsun Bakı yaxınlığında 300 hektar ərazidə Dream İsland meqa layihəsini həyata keçirir.

Heydər Əliyev Mərkəzi
Heydər Əliyev Mərkəzi


İntersun Holdinqinin tərkib hissəsi olan Dia Holdinq əsasən büdcə pulları hesabına maliyyələşən 2,5 milyard dollarlıq tikinti layihələri gerçəkləşdirib. Bunlara Alov qüllələri, Heydər Əliyev Mərkəzi və prezident administrasiyası üçün lüks villalar kompleksi daxildir.

Azərbaycan ordusu, Daxili Qoşunlar və Sərhəd qoşunları da Azərsun holdinqin müştəriləridir. 2011-ci ildə təkcə Dövlət Satınalmalar Agentliyinin xətti ilə keçirilən tenderlərdə Azərsun holdinqin tərkibindəki Qafqaz Ticarət MMC ümumi dəyəri dörd milyon manatdan artıq olan sifarişlər udub.

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş idarəsi Marqarinin satın alınması"Qafqaz Ticarət" MMC148 400 AZN
Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş idarəsi Mal əti konservinin satın alınması"Qafqaz Ticarət" MMC487 500 AZN
Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsiBitki yağının satın alınması"Qafqaz Ticarət" MMC148 400 AZN
Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsiŞəkər tozunun satın alınması"Qafqaz Ticarət" MMC166 600 AZN
Müdafiə NazirliyiPavidlonun satın alınması"Qafqaz Ticarət" MMC49 020 AZN
Dövlət Sərhəd XidmətiŞəkər və şəkər məmulatlarının satın alınması"Qafqaz Ticarət" MMC308 000 AZN
Dövlət Sərhəd XidmətiƏt konservlərinin satın alınması"Qafqaz Ticarət" MMC1 209 000 AZN
Dövlət Sərhəd XidmətiYağların satın alınması"Qafqaz Ticarət" MMC985 400 AZN
Dövlət Sərhəd XidmətiYarmaların satın alınması"Qafqaz Ticarət" MMC510000 AZN


Azərsun Holdinqə və Gözəl qardaşlarının ünvanına göndərilən sorğular cavabsız qalıb. Suallardan biri də bu dövlət sifarişlərinin qazanılmasında prezident ailəsi ilə biznes əlaqələrinin rolu barədə idi.

AİLƏ MÜLKLƏRİ

Əliyevlər ailəsinin əmlakı ilə bağlı suallar yeni deyil.

Keçmiş prezident Heydər Əliyev (ortada) əsrin neft müqavilələri üzrə ilk neftin çıxarılması mərasimində oğlu, indiki prezident İlham Əliyevlə (solda)
Keçmiş prezident Heydər Əliyev (ortada) əsrin neft müqavilələri üzrə ilk neftin çıxarılması mərasimində oğlu, indiki prezident İlham Əliyevlə (solda)

2010-cu ildə "Vaşinqton Post" qəzeti Dubayda prezident Əliyevin üç övladının adına ümumi dəyəri 75 milyon dollar olan doqquz mülkün alındığını yazmışdı. "Washington Post" illik məvacibi 228 min dollar olan prezidentin bu mülkləri öz maaşı ilə almasını şübhə altına almışdı. Qəzet onu da qeyd etmişdi ki, uşaqlardan yalnız birinin adına alınan mülklərin dəyəri orta statistik azərbaycanlının on min illik maaşına bərabərdir.

ICIJ-in əldə etdiyi sənədlər göstərir ki, prezident Əliyev və onun xanımı Rosamund International Ltd. şirkətini 2003-cü ilin əvvəlində ofşor firmaların ikinci əl satışı ilə məşğul olan DBS Trustee Limited adlı Sinqapur şirkəti vasitəsilə alıb.

Əliyevlər cütlüyü şirkətdə direktor və səhmdarlar kimi göstərilib. Qeydiyyat üçün Cəbəl Ali Azad Ticarət Zonasındakı şəxsi ünvan qeyd olunub.

2004-cü ildə - İlham Əliyev prezident olandan bir neçə ay sonra şirkət fəaliyyətini dondurub.

Amma adı çəkilən şirkətlər Əliyevlərin yeganə biznes strukturu deyil.


• Prezidentin kiçik qızı Arzu Əliyeva isə AzadlıqRadiosu-nun araşdırmasına görə, aviaxidmət holdinqi Silk Way-də paya sahib olub.

• Uzun illər Azərbaycanda mobil rabitə sektorunda imtiyazlı duruma sahib olmuş Azerfon da Panamadakı şirkətlər vasitəsilə Əliyevlərin mülkiyyətindədir (AzadlıqRadiosu-nun araşdırması).

• Əliyevin qızları həm də Azərbaycanda altı qızıl yatağını istismar edən AİMROC qrupunun payçılarıdır. (OCCRP/ AzadlıqRadiosu)

• Bayraq meydanının inşası, enerji infrastrukturu ilə bağlı dövlət sifarişlərini alan böyük bir şirkət Arzu, Mehriban və Leyla Əliyevaların qeydiyyat ünvanında yaradılıb (OCCRP/AzadlıqRadiosu)

• Arzu Əliyeva Çexiyanın Karlovı Varı kurort bölgəsində bir milyon dollar dəyərində lüks evin sahibidir (OCCRP/ AzadlıqRadiosu)


ATA, OĞUL, KORRUPSİYA

Kağız üzərində Azərbaycan şəffaflığa və hesabatlılığa çalışır. Ölkə korrupsiya ilə mübarizə ilə bağlı çoxsaylı beynəlxalq razılaşmaya imza atıb.

Amma Vaşinqtonda yerləşən Global Integrity tədqiqat qrupuna görə, anti-korrupsiya tədbirləri adətən kiçik çaplı məmurları hədəfə alır.

Transparency İnternational təşkilatının Korrupsiyanı qavrama indeksində Azərbaycan 176 ölkə arasında 139-cudur. Sərhədsiz Reportyorların 2011-2012-ci il üçün Mətbuat Azadlığı indeksinə görə isə Azərbaycan 179 ölkə arasına 162-ci yerdədir.

Əliyevlər onilliklərdir ki, hələ ölkənin müstəqillik əldə etməsindən də əvvəldən hakimiyyəti əllərində saxlayıblar.

İlham Əliyevin atası Heydər 1940-cı illərdə NKVD-də, sonra isə Milli Təhlükəsizlik Komitəsində işləyib. Sovet Azərbaycanına iyirmi ilə yaxın rəhbərlik edən Heydər Əliyevin dövrü də korrupsiya qalmaqalları ilə müşayiət olunurdu.

2003-cü ildə İlham Əliyev bir çox xarici müşahidəçilərin qeyd etdiyi kimi, “saxtalaşdırılmış” seçki ilə hakimiyyəti atasından təhvil almış oldu.

2012-ci ilin iyununda mətbuatda prezident ailəsinin biznesi ilə bağlı qalmaqallı yazılardan sonra Azərbaycan parlamenti şirkətlərin sahibləri barədə məlumatı ictimaiyyətdən gizli saxlamaq üçün bir sıra qanunlara dəyişikliklər etdi.

Parlament həmçinin prezident və onun xanımının ömürlük toxunulmazlığını təmin edən qanun qəbul edib.

*** *** ***

Azərbaycan prezidenti İlham Əliyevin mətbuat katibi Azər Qasımov dövlət başçısının ailə üzvlərinin adının biznesdə hallanmasında qeyri-adi heç nə görmür: "Onlar da hər bir Azərbaycan vətəndaşı kimi bizneslə məşğul ola bilərlər. Onların yaşı da, hər bir digər kriteriyalar da buna qanunla imkan verir. Yəni burda belə bir qeyri-adi heç bir şey görmürəm" - deyə Azər Qasımov BBC Azərbaycancaya bildirib.

Araşdırmada adı çəkilən Azersun Holding isə bu şirkətin də prezidentin ailə biznesinə daxil olması barədə məlumatın "qərəzli" olduğunu bildirir.

"AzərSun" Holdingin ictimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov BBC Azərbaycancaya deyib: "Bu tamamilə qərəzli, qeyri-dəqiq araşdırmalara əsaslannmış materialdır, informasiya yığınıdır və qeyri-dəqiq informasiya yığınlarına da açıqlama vermək niyyətində deyilik".

Xədicə İsmayılova və təhlükəsizliyi üçün
adının gizli saxlanmasını istəyən başqa Azərbaycan jurnalisti bu araşdırmanın aparılmasında ICIJ təşkilatına yardımçı olublar.

XS
SM
MD
LG