Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:49

"Bir qalanın sirri" [VIDEO]


"Bir qalanın sirri"
Gözlə
Embed

No media source currently available

0:00 0:14:58 0:00

"Bir qalanın sirri"

-


... və ya “İçərişəhərin dili olsaydı…”


“Ora mənim ocağım idi, o mənim babamın babasından mənə gəlib çatan idi, mən də onu əzizləyib qoruyub saxlamalı idim”, deyən içərişəhərli Elxan Kazımov mülkünü qorumaq üçün çox çalışdı, amma sonda o da yaşadığı tarixi binanı tərk etməli oldu.

QORU...Q

Dolanbac küçələrdə yaşayanlar, yüksəklikdən şəhərə göz atanlar, hətta 2-3 metr aralıda parkda dincələnlərin də bəlkə xəbəri yoxdur ki, ayaqlarının altında bir şəhər yatır... Söhbət 14-16-cı əsrin qala divarlarından yox, həmin divarların da altındalı şəhərdən gedir.

TƏKCƏ UŞAQLIĞIN YOX, BÜTÖV BİR ÖMRÜN SON GECƏSİ

İçərişəhərin Müslüm Maqomayev küçəsi. Bu küçə “Uşaqlığın son gecəsi” filminin çəkildiyi məkandır. Bu ünvan təkcə filmin yox, onlarla insanın da həm uşaqlıq, həm gənclik həm də bütöv bir ömrünün son ünvanı oldu.

Budur, vaxtilə İçərişəhərin içində iki evi olan Elxan Kazımov indi qala divarlarının çölündə binalarının yerini göstərir.

5 NƏSLİ İçərişəhərin bu küçəsində yaşamış Elxan Kazımov burada 7 il əvvəl aparılan söküntülərdən danışır:


“Dartdılar, qala divarı onlara təslim olmurdu. Onlar qala divarını “kusok-kusok”(parça-parça - m.) çıxarda bilmədilər, 2 metr, metr yarım çıxartdılar”.


Hələ 2008-ci ildə qazıntılar zamanı üzə çıxan, azı 500 yaşlı tunelin xəbəri medianı sarmışdı. Əraziyə arxeoloqların gəldiyini xəbərləyirdilər. Amma qala divarı haqqında bir kəlmə belə deyilmirdi.

“...ONU BETONLA BAĞLADILAR”

2008-ci ilin yazılarında İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin baş arxeoloqu Kamil İbrahimov arxeoloji araşdırmalar barədə bunu deyirdi:


“İndiyə kimi bu ərazidə belə monumental, strateji əhəmiyyətli tunel aşkar olunmayıb. İçərişəhərin qala divarları arasında və kənarında hələ bir neçə belə yeraltı yolların olduğunu ehtimal edirəm”.


İçərişəhər Dövlət Qoruq İdarəsinin baş rəssamı Mirteymur Məmmədov tapılan tunellə bağlı bunları xatırlayır:


“Çox zülm çəkdilər, onu betonla bağladılar. Onu nə qədər bandajla bağladılar. Axır ki sonra başladılar 1 ilə yaxın dərin özül qazmaq üçün onlar çox əziyyət çəkdilər”.


LABİRİNTLƏ R ŞƏHƏRİ...

"Tarix, mədəni və təbii irsi qoruma" İctimai nəzarət komitəsinin rəhbəri Aytəkin İmranova vurğulayır ki, Bakı qədim əsatirlərdə labirintlər şəhəri kimi qeyd edilir:


“Başqa şəhərlərdə bilmirəm, Bakıda bilirəm ki, bütün yazılarda, pozularda, hamısında var, indi də qalıqları çıxır- Qız Qalasının yanında, Şirvanşahlarda, Mərdəkandan çıxır. O boyda ərazinin yeraltı yolların olması – böyük texnoloji mədəniyyətə sahib olmaq deməkdir”.


15 GÜNƏ ARXEOLOJI QAZINTI

İçərişəhərli Elxan Kazımov deyir ki, o vaxt qazıntılar aparılarkən, arxeoloqlar gəlib, onlar da bata bilməyib:


“Çünki prezidentimiz 15 gün vaxt vermişdi onlara. Onlar da dedilər ki, biz 15 günə heç nə edə bilmərik. Çünki burda kistlə işləmək lazımdır. Traktor vururdu, hamısı saxsı qablar çıxırdı – 2-cü, 3-cü dövrə aid.


"Ən kiçik bərpa işi gedəndə də orda ilk növbədə arxeoloqlar görünməli, İçərişəhərin hər qarışında arxeoloji tədqiqatlara xüsusi yer verilməlidir”, tarix elmləri doktoru Vəli Əliyev bunu dəfələrlə vurğulayır:


“Ola bilsin ki indiki zamanda biz görmürük. Zaman gəlib ötükcə, İçərişəhərdə torpaqla bağlı hər hansı iş görəndə, baxacaqsan ki, İçərişəhərdən biz indiyə kimi görmədiyimiz, tapa bilmədiyimiz elə şey üzə çıxacaqdı ki”.


“OLMAZ AXI HƏR ŞEYİ PARAYA SATMAQ”

Bəlkə də elə həmin zamandir gəldi və aşkar olundu. İndi hardadir o tunel, qala divari və tarixi binalar? Son ikisinin izi belə qalmasa da, tunel barədə baş rəssam belə deyir:


“Yox, onu görə bilməyəcəksiz, indi onun üzərində otel durub”.


Aytəkin İmranova düşünür ki, hər şeyi pula satmaq olmaz:

“O otel nə verirdi axı azərbaycana? Olmaz axı hər şeyi paraya satmaq”.


***

Sözügedən oteldən bir mənzərə Milli Parka, o biri isə İçərişəhərə açılır. Four Seasons Oteli 2012-ci ilin sentyabrında istifadəyə verildi. Otel azı 350 azərbaycanlı üçün iş yeri deməkdir. Otelin inşasına gəlincə, İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Aynur Məmmədova deyir ki, Bakının memarlıq üslubuna tam uyğunlaşdırılıb.

Four seasons-in yazılmamış bir qanunu da var - tarixi məkanda inşa olunmaq:

Four Seasons-ın baş ofisindən bu şirkətin sahibliyi ilə bağlı sualları "Bakıdan" öyrənməyi tövsiyyə etdilər. Aynur Məmmədova sahiblik haqda konkret nəsə dəmədi. Amma bildirdi ki, bu hotelin tikintisini "Paşa Constaction" şirkəti icra edib:
- Bu menecment şirkətdi. Təbii ki Azərbaycanda bizim yönətim şirkətimiz var hansı ki bizimlə birlikdə çalışırlar və otel onlara məxsusdur.

- Hansı şirkətdir? (müəllif)

- Pasha Construction.


İçərişəhərin düz göbəyində, dənizlə tarixiliyin vəhdətində bir otel tikmək üçün nə gərəkdir? Həm də bu otel tarixi abidələrin yerində tikilirsə...

BİRİNCİ XANIMIN ATASININ ADI KEÇƏN ŞİRKƏT

“Paşa İnşaat” “Paşa Holdinq”in qollarından biridir. Bu holdinqə bank, sığorta və digər bölümlər də daxildir. Holdinqin təsisçiliyi barədə məlumat verilmir. Amma ayrı-ayrı strukturlarında ölkənin birinci xanımı Mehriban Əliyevanın atasının adı keçir - Arif Paşayev. Məsələn, Paşa Bankın 3 səhmdarı var:

1. “Paşa Holdinq”
2. Ador LTD
3. Arif Paşayev

AzadlıqRadiosunun bir il əvvəlki araşdlırmasında ADOR şirkəti barədə bunlar deyilirdi:

“Ador MMC Bakıda Səməd Vurğun küçəçi 7 ünvanında qeydiyyatdan keçib. Bir müddət öncəyə qədər həmin ünvanda 3 seçici qeydə alınmışdı –Mehriban Arif qızı Əliyeva, Leyla İlham qızı Əliyeva, Arzu İlham qızı Əliyeva”.

“TARİXİLİYƏ HEÇ BİR XƏLƏL GƏTİRMƏDƏN TİKİLİB”

Qayıdaq otelə. Bu zəncirin bir hissəsi olan “Paşa İnşaat” təkcə otelin sahibkarlığını deyil, həm də inşasını həyata keçirib. Razılıq necə əldə olunub? Hansı dövlət qurumundan icazə alınıb? Bu suallara “Paşa İnşaat”ın bir cavabı oldu:


“Biz sizin suallara cavab verə bilmərik. Bizdə heç kim mediaya ilə danışmır. Belə suallarınıza da cavab verməyəcəklər”.


“Təbii ki bütün razılaşmalar əldə olunduqdan sonra, paytaxtımızda bax belə gözəl məkan açıldı”, Four Seasons otelinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Aynur Məmmədova vurğulayır ki, əgər arxeoloji qazıntılar olsaydı, dövlət tərəfindən də icazə verilməzdi ki, bu ərazidə nəsə tikilsin:


“Otel tarixi binalara, tarixi qala divarına heç bir xələl gətirmədən tikilib. Məhz burdakı binanın yerində. Hətta otelin arxasında qala divarı başlayır, həyətə keçdiyinizdə də görə bilərsiniz ki, yarıq var orda”.


“ƏN AXIRINCI MƏN ÇIXDIM”

Baş rəssam Mirteymur Məmmədov deyir ki, deyilən xətt boyunca binalar var idi ki, artifakt demək olardı:


Artifakt, yəni keçmişdən gəlib çatmış evlərdir. Amma onu sökmək ya sökməmək, onu yenə də Nazirlər Kabineti qərar verir, nə mən nə siz.


İçərişəhərin keçmiş sakini Elxan Kazımovla indi yaşadığı evə yola düşürük. Yolboyunca apardığı mübarizədən danışır:

- Ən axırıncı mən çıxdım bu şəhərdən. Sökürdülər, tökürdülər başıma bütün nəyi var. İkinci mərtəbəni almışdılar axı, biri ala bilmirdilər. Axırda gəlib dedilər ki, ya satıb getməlisən, ya da türməyə getməlisən. Mənim də anam işləməyib, nənəm heç vaxt işləməyib. Yoldaşım da işləməyib, mənim də vicdanım sığışdırmadı ki, nəsə bir şərait olsun mənimlə, ona görə mən uşaqlara qurban edib çıxmışam evdən.

Bütün böyük xatirələrim var İçərişəhərlə, çünki İçərişəhər çox müqəddəs şəhərdir. Orada yaşayan bilər. Ataların dediyi kimi – zər qədrini zərgər bilər.

- Tarixi abidədən bura köçdünüz...(müəllif)

- Hə, “xruşşovka”lara.


AZI 150 YAŞLI BİNALAR

Elxan Kazımov evini, amma təkcə evini yox, həm də tarixiliyi qorumaq üçün Nazirlər Kabinetindən tutmuş prezidentə kimi yazıb narahatlığını dilə gətirdi. Amma sonunda ailəsinə görə evini tərk etməyə məcbur oldu:

“Eybi yox, məni köçürürərdin, mənim evimi muzey kimi saxlayardın ki, mən ora balalarımı götürüb gələndə, deyərdim ki, bura sənin babanın babasının mülki olub”.


Məhkəmələrə də üz tutan Elxan Kazımovun evi qərar çıxmadan sökülür.

1885, 1887, 1880 - cillər - bu sıralanmanı artırmaq da olar. Söhbət 30 tarixi binadan gedir. . Bu binalar Nazirlər Kabinetinin 27 aprel 1988-ci il tarixli 145 №-li qərarı ilə mühafizə olunan tarixi mədəniyyət abidələridir.

Nazirlər Kabinetinin bu söküntülərə münasibəti necədir?

Nazirlər Kabinetinin sözçüsü Akif Əli:


“Biz işə dövlət sifarişi olanda qarışırıq. Mütəxəssislərimiz araşdırdı - belə bir şey olmayıb. Otel İçərişəhərə girmədən tikilib”.


Tarix elmləri doktoru Vəli Əliyev Heydər Əliyevin verdiyi sərəncamı xatırlayır:


“İçərişəhər haqqında Heydər Əliyevin xüsusi sərəncamı olub. Sərəncamda, o, ən incə məqamları belə unutmamış, orada verilmişdi ki, İçərişəhər qorunmalı, içərişəhərin bir daşı belə itməməlidir”.


UNESCONUN TƏHLÜKƏDƏ OLAN ABİDƏLƏR SİYAHISI

Baş rəssam Mirteymur Məmmədov ərazidə aparılan işlərin konservasiya tədbirləri olduğunu önə çəkir:


“Elə abidələr var ki, onu açırlar və konservasiya edirlər. Konservasiya – tarixi tapıntının bərpaya hansı biçimdə gəlib çıxırsa, o formada da saxlanması deməkdir. Vaxt gələcək, lazım olanda, bu yeri yenə açıb, onu öyrənəcəklər”.


1000 yaşlı İçərişəhərin adı 13 ildir ki, UNESCO-nun Dünya Mədəni İrsi siyahısındadır. Təhlükədə olan abidələr siyahısında olsa da, 2009-cu ildə bu sıralamadan çıxarıldı. "Tarix, mədəni və təbii irsi qoruma" İctimai Nəzarət Komitəsinin rəhbəri Aytəkin İmranova hesab edir ki, İçərişəhər hələ də təhlükədədir:


“Bəs necə oldu ki, İçərişəhər bütün tərkibi ilə UNESCOnun siyahısına daxil oldu. İndi İçərişəhərdən heç nə qalmayıb”.


TBİLİSİ...GÜRCÜSTAN TƏCRÜBƏSİ

Tbilisi. 2012-ci ildə köhnə binaları rekonstruksiya edərkən qazıntılar zamanı şəhərin altından şəhər çıxır - qala divarları. Şəhərin meriyası çətin seçim qarşısında qalır. Yol yoxsa tarix? 10 minlərlə adam qala divarının saxlanmasına səs verdi və səsləri nəzərə alındı. Gürcüstanın yerli arxeoloqu Merab Dzneladze aşkarlanmış qala divarlarına fəxrlə baxım deyir:


“Bunlar ki bizim köklərimizdir. Bu qala divarı tariximizin bir hissəsidir. Tarix kök deməkdir. Kim ki köklərinə hörmət etmir, onun gələcəyi olmayacaq, əziz dostlar”.


BƏS BAKI?

Tbilisi sakinləri bunu bacardı. Qala divarlarını xilas edə bildilər. Qayıdaq Bakıya, Bakıda da qala divarları eyni tale ilə üzləşdi. O zaman sən olsaydın, nə edərdin?
Bakı sakinlərinin seçimi bu cürdür:

- Saxlatdırardım tikintini
- Qazıntılar aparardım
- Abidəni xilas edərdim
- Qoruyardım
- Evi başqa yerdə də tikə bilərəm
- Mən istəmərəm mənə görə abidə itsin, istərəm onu hamı görsün
- Bu tapıntı ilə bəlkə də tariximiz daha qədimlərə gedə bilərdi
- Hər bir Azərbaycan vətəndaşının borcudur ki, tarixiliyi qoruyub saxlasın. Dəyərləndirməliyik...


“İÇƏRIŞƏHƏRƏ AYAQ BASANDA DA ASTA BASMAQ LAZIMDIR”

Tarix elmləri doktoru Vəli Əliyev İçərişəhərin müqəddəsliyini önə çəkir:


“Ayağımızı basanda, asta basmalıyıq. İçərişəhərə biz həmişə müqəddəs yer kimi ziyarətə getməliyik”.


Tuneli tədqiq etmək üçün otelmi yerindən sürüşdürüləcək, yoxsa zaman qala divarını, sökülən tarixi küçələri, binaları geri qaytaracaq?

Bu sualın cavabını heç kim bilmir. İçərişəhərli Elxan Kazımov da suallı baxışlarını vaxtilə yaşadığı yerlərə dikib köks ötürür:


“İndi buranı mən özümə yad hiss edirəm. Çünki içəri girəndə elə bil o abu hava yoxdu, o insanlar, o qabiliyyət, o qanacaq yoxdu...”
XS
SM
MD
LG