Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:20

Zəbt olunan metaləritmə müəssisəsinin dəzgahlarını əridib daşıyırlar


«Şəhriyyar- 99» müəssisəsinin həyəti
«Şəhriyyar- 99» müəssisəsinin həyəti
-
«Şəhriyyar- 99» metaləritmə müəssisəsinə müdaxilənin qarşısı hələ də alınmayıb.

Bu barədə AzadlıqRadiosuna müəssisənin vəkili Bəhruz Bayramov məlumat verib.

Onun dediyinə görə, «Baku Steel Company» adından müəssisəni zəbt edənlər zavodun dəzgahlarını elə «Şəhriyyar- 99» müəssisəsinin özündə əridərək aparmaqdadırlar.

Vəkil deyir ki, indiyə qədər müəssisədən heç bir qarşılığı ödənilmədən 200 min manat dəyərində əmlak daşınıb:

«Biz bu barədə bir neçə dəfə Daxili İşlər Nazirliyinin rəhbərliyinə, 102 məlumat xidmətinə müraciət etmişik. Bundan başqa, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğa teleqram vurmuşuq. Nə bizə cavab gəlib, nə də müəssisənin talan edilməsinin qarşısını alan var. Müəssisə rəhbəri bankdan 800 min manat kredit götürüb, indi bu krediti necə qaytaracaq? Heç olmasa, bu addımı atanlar bunun əvəzini ödəsinlər. Belə bir şey olmaz axı. Biz dərdimizi hara deyək».

Vəkil Bəhruz Bayramov müəssisənin hüquqlarını müdafiə etdiyi üçün hədələndiyini də deyir:

«Məni görünməyən nömrələrdən hədələyirlər ki, sən başını bu işlərə qoşma, əl çək bu işdən yoxsa başın ağrıyar».

«BAKU STEEL COMPANY» MÜNASİBƏT BİLDİRMİR

AzadlıqRadiosunun bu məsələ ilə əlaqədar müraciətinə cavab olaraq Daxili İşlər Nazirliyindən bildirmişdilər ki, müəssisə rəhbərliyi nazirliyə və ya 102 məlumat xidmətinə müraciət etsin.

Vəkil isə deyir ki, onlar həm nazirliyə, həm də onun 102 məlumat xidmətinə təkrar müraciət ediblər, amma indiyə qədər qanunsuz müdaxilənin qarşısı alınmayıb.

«Baku Steel Company» şirkətindən isə deyilənlərə münasibət öyrənmək mümkün olmayıb. Şirkətin bir neçə nümayəndəsi ilə danışsaq da, onlar bu məsələyə münasibət bildirmək səlahiyyətində olmadıqlarını deyiblər.

Avqustun 3-də mülkigeyimli şəxslər «Şəhriyyar- 99» metaləritmə müəssisəsinə gələrək onlardan fəaliyyətlərini dayandırmağı tələb ediblər. Müəssisə rəhbəri iddia edir ki, həmin şəxslər «Baku Steel Company»nin rəhbərliyindən göstəriş aldıqlarını deyiblər.

Bundan əvvəl eyni problemlə üzləşən Bakının Binəqədi rayonundakı «Ahmed-Ataxan» Türkiyə-Azərbaycan metaləritmə müəssisəsi də fəaliyyətini dayandırıb.

Müəssisədən aldığımız məlumata görə, Türkiyədən olan həmtəsisçilər Azərbaycanı tərk etmək niyyətindədirlər. Amma hələ ki müəssisə nümayəndələri problemin həlli yönündə danışıqlar aparmaqdadırlar.
XS
SM
MD
LG