Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:32

«Azərsu» dövlət pullarını kimə və necə xərcləyir? [Video]


Şüvəlanda kanalizasiya problemi
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00
Direct-ə keçid

Şüvəlanda kanalizasiya problemi

Şüvəlan qəsəbəsinin küçələri
Şüvəlan qəsəbəsinin küçələri

-

Bu araşdırma 2012-ci ildə hazırlanıb. Amma bu gün də aktuallığını qoruyur.


KASIB MƏHƏLLƏLƏRƏ GEDİB ÇIXMAYAN DÖVLƏT PROQRAMI

Biz Şüvəlana gedəndə ötən axşamdan yağan sulu qarı nəzərə almasaq, elə bir yağıntı olmamışdı. Buna baxmayaraq, ara küçələrin bəzilərində artıq qayıq sürmək olardı. Yerli sakinlərin dediyinə görə, güclü yağışlardan sonra bu küçələr ümumiyyətlə keçilməz olur.

Şüvəlanda ötən il bir neçə küçəyə kanalizasiya xətləri çəkilsə də, söhbətləşdiyimiz sakinlərin əksəriyyəti «2011-2013-cü illərdə Bakı və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın onların küçəsinə gəlib çıxmadığını, pulların işə deyil, şəxsi ciblərə getdiyini deyirdi: «Bura kasıb məhəllədir, ona görə çəkmirlər. Əsas yerlərə çəkiblər, gözdən pərdə asmaq üçün», - Şüvəlan sakini Fərman kişi belə deyir.

Fərman kişinin ehtimallarını sənədlər də təsdiqləyir. Su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına məsul olan «Azərsu» Açıq Səhmdar Cəmiyyəti tikinti-quraşdırma işlərinə cəlb etdiyi özəl şirkətləri tenderlə yox, sorğu ilə seçir. Seçdiyi podratçılar arasında isə eləsinə rast gəldik ki, «Azərsu» ASC-in prezidenti Qorxmaz Hüseynovun qohumları tərəfindən yaradılıb.

«ŞÜVƏLANDA İŞLƏR ÖTƏN İLDƏN BAŞLAYIB»

Bunu Şüvəlan qəsəbə icra nümayəndəsi Baləli Əliyev deyir və əlavə edir ki, kanalizasiya idarəsi 2013-cü iləcən bütün küçələrə kanalizasiya çəkiləcəyinə söz verib. Bizi əmin edir ki, bundan əvvəlki dövlət proqramlarında Şüvəlanda kanalizasiya sistemi üçün heç bir iş nəzərdə tutulmayıb: «Ötən il bəzi küçələrə kanalizasiya xətləri çəkilib, ancaq su təchizatı üçün hələlik heç bir iş görülməyib. Planda var ki, su anbarı qazılandan sonra su xətti də çəkiləcək».

Görünür Baləli Əliyevin «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»ndan xəbəri yoxdur. ​Bu proqramda yazılıb ki, 2007-ci ildə Şüvəlanda 4 milyon manatlıq kanalizasiya təmizləyici qurğu tikilib.

Kanalizasiya idarəsi 2013-cü iləcən bütün küçələrə kanalizasiya çəkiləcəyinə söz verir
Kanalizasiya idarəsi 2013-cü iləcən bütün küçələrə kanalizasiya çəkiləcəyinə söz verir

2006-2011-ci illər arası qəsəbədə su və kanalizasiya sistemi ilə bağlı müxtəlif işlərin görülməsinə isə Nazirlər Kabinetinin sərəncamları ilə 14 milyon manatdan çox vəsait ayrılıb.

Bəlkə Dövlət-«Azərsu»-Podratçı zəncirinin hansısa həlqəsində bu 14 milyon manat sadəcə olaraq mənimsənilir? Bunu araşdırmaq üçün «Azərsu» ASC-yə müraciət etdik.

TENDERSİZ SEÇİLƏN PODRATÇI ŞİRKƏTLƏR

«Azərsu» ASC-dən bizə dövlət proqramı üzrə işlərə cəlb olunan şirkətlərin adlarını verdilər. Məlum oldu ki, bu şirkətləri tender yox, sorğu əsasında seçiblər. Bunu da belə izah edirlər ki, tenderə vaxt itirməmək üçün hökumətə müraciət edib podratçılarla birbaşa müqavilələr bağlamağa icazə istəyiblər. Əks halda, dövlət proqramını vaxtında və tam həcmdə başa çatdırmaqda problem ola biləcəyini yazıblar. Nazirlər Kabinetinin 22 avqust 2011-ci il tarixli sərəncamı ilə «Azərsu»na icazə verilib ki, «müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilən layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlasın».

«Satınalmalar haqqında» qanunda yazılıb ki, 50000 manatdan yuxarı bütün işlər üçün tender elan olunmalıdır, tenderdə iştirak edən şirkətlərin ən azı 3 il iş təcrübəsi olmalıdır.

Qanunvericilik Nazirlər Kabinetinin xüsusi hallarda belə sərəncamlar vermək hüququnu tanısa da, hüquqşünaslar bu prosesdə şəffaflığı son dərəcə vacib sayırlar. İqtisadçılar isə deyirlər ki, xüsusilə dövlət proqramlarında belə hallar əsaslandırılmalıdır.

«ŞİRKƏT LAZIM İDİ, YARATDIQ»

«Bəzi hallarda konkret layihələr üçün yaradılmış şirkətlərin ömrü bir ildən artıq çəkmir»
«Bəzi hallarda konkret layihələr üçün yaradılmış şirkətlərin ömrü bir ildən artıq çəkmir»

Diqqətimizi bir fakt da cəlb etdi ki, «Azərsu»nun seçdiyi podratçıların az qala hamısı 2011-ci ildə, «Azərsu»na yeni prezident təyin olunandan sonrakı aylarda qeydiyyatdan keçiblər.

3 illik minimum iş tələbinə uyğun gələn ancaq «Tikinti-Təmir ANKZ-4» (2002) ASC və «Sənaye-Tikinti M» (2003) idi. Lakin birinci şirkətin nə təsisçilərini tapa bildik, nə də ofisini. Eyni sözləri «Mühəndis Tikinti Layihə» MMC (2011) barədə də demək olar.

«Azərsu»nun seçdiyi digər şirkətlərin heç biri qeydiyyat sənədlərində göstərilən ünvanlarda fəaliyyət göstərmir. Üstəlik, həmin hüquqi ünvanlarda bəzi hallarda 10-a yaxın başqa şirkət də qeydiyyatdadır. Belə ünvanlardan birinin sahibi deyir ki, hüquqşünasdır: «Şirkət lazım idi, sifariş verdilər, mən də yaradıb təhvil verdim. Həmin şirkətlərlə başqa heç bir əlaqəm yoxdur».

«AZƏRSU» PREZİDENTİNİN QOHUMLARI

Arayış

ARAYIŞ

Qorxmaz Hüseynov vaxtilə ARDNŞ-də Sosial İnkişaf İdarəsinin rəisi, daha sonra ARDNŞ-in vitse-prezidenti olub. O, 2011-ci il fevralın 17-də «Azərsu» ASC-yə rəhbər təyin olunub. Ondan əvvəl bu vəzifədə Nizaməddin Rzayev idi. Rzayevin vəzifədə olduğu dövrdə yerli media həmin qurumda korrupsiya hallarından bəhs etsə də, onun işdən çıxarılmasına heç bir rəsmi səbəb göstərilməmişdi. Nizaməddin Rzayevdən əvvəl isə quruma hazırda parlamentin sədri olan Oqtay Əsədov rəhbərlik edirdi.

Niyə dövlət əhəmiyyətli strateji layihələr heç bir təcrübəsi olmayan, ofisi bəlli olmayan sirli şirkətlərə həvalə edilir? Bəlkə bu şirkətlərin sahibləri fitri istedada, xüsusi danışıqlar texnikasına malik iş adamlarıdır? Yoxsa «Azərsu» rəhbərliyini inandıra biliblər ki, ən sərfəli işi məhz onların şirkəti icra edə bilər? ​Bizim araşdırmalar göstərir ki, Bakı və qəsəbələrinin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına cəlb olunan şirkətlərin bəziləri «Azərsu» prezidenti Qorxmaz Hüseynovun yaxın qohumlarına məxsusdur.

PREZİDENTİN QAYNI VƏ...

«Sənaye Tikinti-M» MMC-nin təsisçisi Məhəmməd Cavanşir oğlu Hüseynovdur. Eyni adlı-soyadlı şəxs Qorxmaz Cavanşir oğlu Hüseynovun qardaşları ilə eyni qeydiyyat ünvanını bölüşür. Bu MMC «Azərsu» üçün 1,5 mln manata Korgöz qəsəbəsinə su xətti çəkib.

«Hidro-İnşaat Servis» MMC isə 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub. Bu MMC ötən il aprelin 15-də qeydiyyatdan keçib və cəmi bir neçə ay sonra «Azərsu»nun layihələrinə cəlb olunub. «Azərsu» prezidentinin qaynının cəlb olunduğu başqa bir şirkət isə «Hidro-Lotus» MMC-dir. «Hidro-Lotus» MMC, «Hidro-İnşaat Servis» MMC yaradılandan 3 ay sonra - 2011-ci il iyulun 26-da qeydiyyatdan keçib. «Hidro-Lotus» MMC-nin 70 faizi «Hidro-İnşaat Servis»ə, 30 faizi isə Türkiyənin «Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik Ve Taşimacilik Anonim Şirketi»nə (qısaca «Lotus») məxsusdur.

Natiq Cəfərli
Natiq Cəfərli

Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun layihəsi və tikintisi üçün 5 milyon manatlıq layihə məhz «Hidro-Lotus» MMC-yə tapşırılıb.

Namiq Cəbrayılov bu şirkətlərin yalnız təsisçisi olduğunu, gördükləri işlər barədə məlumat verə bilməyəcəyini deyir.

«SÜZGƏC» METODU

İqtisadçı Natiq Cəfərli layihələrin qohumların rəhbərlik etdiyi şirkətlərə verilməsini «feodalizm qaydası», əsl korrupsiya faktı sayır. Çünki Azərbaycan qanunvericiliyi iqtisadiyyatda qohumbazlığı qadağan edir və bu, bir neçə qanunla tənzimlənir:

«Bütün sahələrdə belədir. Yaradılan MMC-lər məhz ortada süzgəc rolunu oynayır – gələn pulun bir hissəsi orda yatır, qalan hissəsi başqa subpodratçılara veriləndə də, həmin pulun bir hissəsi də «otkat» şəklində geri alınır. Çox primitiv olsa da, illərlə işləyən bir sistem, struktur qurublar».

«Azərsu»nun sözçüsü Anar Cəbrayıllı isə şirkətin layihələri rəhbərliyin qohumlarına aid şirkətlərə verilməsinə dair məlumatların həqiqətəuyğun olmadığını deyir, onları «dedi-qodu», «şayiə» adlandırır.

«Azərsu»nun əvvəlki rəhbərliyi dövründə işlədiyi bəzi şirkətləri də eyni hüquqi ünvan, eyni təsisçinin birləşdirdiyini müşahidə etdik. Natiq Cəfərli deyir ki, bəzi hallarda konkret layihələr üçün yaradılmış şirkətlərin ömrü bir ildən artıq çəkmir. Şirkətin bağlandığı elan olunur, sonradan onun barəsindəki sənədlər də məhv edilir. Beləliklə bütün izlər itir. İqtisadçı xarici şirkətlərlə işbirliyini xaricə pulun çıxarılması üçün Milli Bankın icazəsinin lazım olmaması ilə izah edir: «Çox böyük məbləğləri asanlıqla çıxara bilirlər».

Ridvan Köse
Ridvan Köse

TÜRK İŞ ADAMI: «PULLAR UÇUB GEDİR»

​Su-kanalizasiya sektorunda işləmiş türk iş adamlarından biri korrupsiya sxemini açıqlayır:

«Orada aldığınız pul sizə qalmır, sağa-sola verməlisən. Bizim dediyimiz qiymətin üzərinə bir neçə dəfə çox qiymət yazırdılar. Bir az sənə iş gördürürlər, pullar uçub, gedirdi». 2009-2010-cu illərdə, «Azərsu»nun keçmiş rəhbərliyi dövründə Bakının kanalizasiya xətlərinin açılmadan çirkab sularından təmizlənməsinə cəlb olunmuş Türkiyənin «Kanalize İnşaat» şirkətinin rəhbəri Ridvan Köse belə deyir.

KAĞIZ ÜZƏRİNDƏ MİLYONLAR DÖVRİYYƏSİ

Ridvan Köse Bakıda qatıldığı 2 layihənin hər birinə bir milyon manatdan çox pul ayrıldığını, ancaq bu məbləğin kağız üzərində qaldığını deyir: «Nə məni işlətdilər, nə pulumu verdilər».

O, həmçinin «Azərsu»nun indiki rəhbərliyinin daha çox iş görmək, texnologiya almaq istədiyini, Türkiyədən məsləhətçi kadrlar da dəvət etdiyini qeyd edir.

Yerli iqtisadçılar da problemin həllini, Azərbaycanda da bir çox xarici ölkələrdə olduğu kimi, kommunal sahənin özəl şirkətlərin idarəsinə verilməsində görürlər.

BAKI İLƏ KİŞİNYOVUN FƏRQİ

Təkcə ötən il «Azərsu» ASC-yə dövlət büdcəsindən 500 milyon manat ayrılıb. 87 milyon manat da «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» çərçivəsində ayrılan vəsaitdir.

Moldovanın paytaxtı Kişinyovda isə ötən il kanalizasiya sisteminin 1.85 km-nin təmirinə 2.1 milyon lei (178000 dollar) sərf olunub. Sistemin 160 km-i təmir olunmalıdır, bunun üçün də minimum 315 milyon lei (26.68 milyon dollar) lazımdır.

«Azərsu» ASC-nin rəhbəri Qorxmaz Hüseynov isə ötən ilin sonlarında yerli mediaya bildirib ki,

Şüvəlan qəsəbəsinin küçələri
Şüvəlan qəsəbəsinin küçələri

Bakının ətraf qəsəbələrinin su və kanalizasiya sisteminin yenidən qurulmasına təqribən 1.5 mlrd. manat tələb olunur.

ŞÜVƏLANDA SU QUYULARI İLƏ TUALETLƏRİN TƏHLÜKƏLİ QONŞULUĞU

Şüvəlanın su və kanalizasiya sisteminə son illərdə ayrı-ayrı dövlət proqramları çərçivəsində ayrılan pullardan xəbərsiz olan Əliağa Rzayev həyət qapısının ağzında özü anbar qazdırıb:

«Bütün kanalizasiya suyu axır bura. Yaxınlıqda isə «kaçalka» işləyir, içməli su çəkir. Bütün həyətlərdə belədir - həm kanalizasiya anbarı, həm də içməli su mancanağı bir-birinin yanındadır. İçməli su kanalizasiyaya qarışıb qarnımıza gedir».

Əliağa Rzayevin 74 yaşı var. Dövlətin «Azərsu»na ayırdığı milyonlardan payına düşən hissəni gözləyə-gözləyə hələ ki, öz cibindən ayda 15-20 manat verib həyətindəki tualet anbarını təmizlətdirir. Yumor hissini də itirmir. Qapısının qarşısındakı gölü göstərib deyir:

«Hələ bu harasıdır? Burada ördək vurduğum vaxtlar olub. Heyf, indi ovçuluq da qadağandır».

Araşdırma Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun «Media və ictimai vəsaitlərin şəffaflığı» layihəsi çərçivəsində elan etdiyi jurnalist müsabiqəsinə təqdim olunur.
2012
XS
SM
MD
LG