Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:41

«Şəhriyyar- 99» metaləritmə müəssisəsinə hücum olub?


Foto: Arxiv
Foto: Arxiv
-
«Şəhriyyar- 99» metaləritmə müəssisəsinin mülkigeyimli şəxslərin hücumuna məruz qaldığı bildirilir.

Müəssisənin nümayəndəsi Tahir Orucov AzadlıqRadiosuna deyib ki, avqustun 2-si saat 22:00 radələrində idmançı görkəmli 8 nəfər müəssisənin bağlanmasını tələb ediblər. Tahir Orucovun deməsinə görə, avqustun 3-də yenidən müəssisəyə gələnlər hazır məhsulları və xammalı daşımağa başlayıblar:

«Əmlakımızı talan edib aparırlar, hara da zəng edirik deyirlər bizlik deyil. Gecə bizim müəssisəyə hücum olanda, Daxili İşlər Nazirliyinin 102 Məlumat Xidmətinə müraciət etdik. Ordan Abşeron rayon polisinə müraciət olunmuşdu. Sahə müvəkkili gəlmişdi, amma sonra o, da getdi. Müəssisəmizə gələn adamlar özlərini «Baku Steel Company»nin adamları kimi təqdim edirlər. Amma heç bir sənəd göstərmirlər. Yalnız deyirlər ki, biz yuxarıların göstərişi ilə gəlmişik. Mən də deyirəm ki, Azərbaycan dövləti elə zəif dövlət deyil ki, sizi bura göndərsin».

«Baku Steel Company»dən isə məsələyə münasibət bildirən olmadı. Suallarımızı dinləyən müəssisənin bir neçə nümayəndəsi bu məsələyə münasibət bildirməkdə səlahiyyətli olmadıqlarını bildirdilər.

VƏKİL NAZİRLİYİ MƏHKƏMƏYƏ VERİR

Zərərçəkən müəssisənin vəkili Bəhruz Bayramov isə DİN-i məhkəməyə verməyə hazırlaşır. Deyir, nazirliyin 102 Məlumat Mərkəzinə müraciətlər olunsa da, müdaxilənin qarşısı alınmayıb:

«Bu baş verənlər xüsusi mülkiyyətə qarşı cinayətdir. Belə bir şey heç cəngəlliklərdə də yoxdur. Mən DİN-ə qarşı 1 milyon manatlıq iddia qaldıracam. Çünki müəssisəyə qarşı baş verənlər nazirliyin hərəkətsizliyi üzündən baş verib».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə məsləhət görür ki, müəssisə üzləşdiyi problemlə əlaqədar aidiyyəti üzrə ərazi polisinə və ya nazirliyə müraciət etsin.

Bundan əvvəl - iyulun 14-də mülkigeyimlilər «Ataxan Dəmir Sənaye» Türkiyə-Azərbaycan müəssisəsinə də gəlmişdilər. Həmin şəxslər də «Baku Steel Company»dan gəldiklərini bildirmişdilər.
XS
SM
MD
LG