Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:24

«İndi bizim gözləntimiz - baş nazirin bu yaranı sarımasıdır»


Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan
Türk köşə yazarları baş nazir Ərdoğanın «100 min ermənini ölkədən çıxararıq» açıqlaması barədə

Mehmet Yılmaz («Hürriyet»)

ƏRDOĞAN VƏ ƏLƏKDAĞ EYNİ CƏBHƏDƏ

Baş nazir Ərdoğan İngiltərəyə səfəri vaxtı BBC-yə verdiyi müsahibədə Türkiyədə qeyri-qanuni işləyən 100 min erməniyə «Lazım gələrsə, onlara da haydi, ölkənizə gedin» deyəcəyini söylədi. Eyni fikri 2006-cı ilin oktyabr ayında CHP millət vəkili Şükrü Ələkdağ da gündəliyə gətirmiş, baş nazir o vaxt bu fikrə çox da qulaq asmamışdı. Baş nazirin o fikri o vaxt bəyənməməsini buradan anlayırıq: Ələkdağ «70 min erməni Türkiyədə qeyri-qanuni işləyir» demişdi. İndi isə baş nazir bunun 100 min olduğunu elan edir. Demək, aradan keçən 3.5 ildə say 30 min artıb. Yəni, türk hökuməti bu sayın artmasına göz yumub.

Bu fikrə o vaxt da qarşı çıxan bir yazı yazmışdım - görünür, təkrarlamağım lazımdır. Bu insanlar bir qismət çörək üçün ölkələrindən çıxmışlar və türk dövləti bu günə qədər göz yumduğuna görə, burada işləyirlər.

Aramızda yaşayırlar. Türklərin ermənilərə qarşı xüsusi bir düşmənçiliyinin olmadığını hər gün qarşılaşdıqları insanlardan görüb öyrənirlər.

Yeməklərdən başlayaraq ictimai vərdişlərə qədər burada bir çox məsələdə fərqimiz olmadığını, hətta bir-birimizə çox oxşadığımızı görürlər. Burda qazandıqlarını uşaqlarına göndərirlər. Ona görə də bu insanların Ermənistandakı qohum-əqrəbaları üçün Türkiyə düşmənçilik ediləcək bir ölkə deyildir.

Türkiyəyə və türk insanlarına minnətdarlığı olan bu adamları onların iradəsindən kənarda cərəyan edən hadisələrə görə cəzalandırmaq ağıla sığan bir davranışdırmı?

Rauf Tamer («Posta»)

100 MİN ERMƏNİ

Bilmirəm, sayları o qədər varmı? Amma 50 min də olsa, mühümdür.

Bu 100 min erməni çörək qazandıqları Türkiyəni vətən kimi gördükləri üçün, onlara «gülə-gülə» deməyə necə razı olacağıq?

Qeyri-qanuna işləmələrinə göz yuman bir dövlət indi başqalarına əsəbləşib ermənilərə qapını göstərərmi?

Baş nazirin fövri danışdığına ümid edirəm. Kaş belə desəydi: «Hər şeyə rəğmən, Türkiyədə işləyən minlərlə erməniyə çalışma icazəsi verəcəyəm».

Nə yaxşı olardı. Dünyaya verilən ən gözəl dərs bu olardı.

Yenə də fürsət əldən getməyib.

Məhmət Əli Birand («Posta»)

Xeyr, hörmətli baş nazir! O ermənilərə toxunmayın, əksinə onları qoruyun.

Xəbəri eşidəndə inana bilmədim. Necə olur ki, Türkiyənin baş naziri belə bir şey deyə bilirdi?
Öz ağlına gəldi, yoxsa başqa bir adam bu ağlı ona verdi?

Hər şeydən əvvəl, ağlıma CHP sədrinin müavini Onur Öymən yaxın keçmişdə «Türkiyə Ermənistana unuda bilməyəcəyi bir dərs verməlidir» demiş və buna görə AKP tərəfindən tənqid edilmişdi; bax, baş nazirin son açıqlamasının, inanın ki, ondan heç bir fərqi yoxdur.

Ermənilərə qarşı «soyqırımı» tətbiq etmədiyimizi anlatmağa çalışdığımız bir dönəmdə baş nazirin icazəsiz işləyən 100 min ermənini deportasiya edə biləcəyiniə dair açıqlamasını necə şərh edəcəyimizi bilmirəm.

BUNA DA «İKİNCİ KÖÇÜRÜLMƏ» DAMĞASI VURULACAQ

Baş nazir uzun möhlətli bir ehtimalı nəzərdə tutsa belə, indi «soyqırımçı türklərin bu dəfə zavallı kasıb ermənilərin 3 quruş qazanmasını istəmədiyi»nə dair təbliğat başlayacaq. «Dünən 1 milyon insanı kəsib-doğradılar, indi 100 min ermənini aclığa məhkum edəcəklər» qəzəlləri oxunacaq.
Elə isə qısa müddət əvvələ qədər baş nazir icazəsiz işləyən bu ermənilərə göz yumulmasını türk alicənablığının bir nümunəsi kimi göstərirdi.

Düşünə bilirsinizmi, kameraların qabağında minlərlə erməni polis tərəfindən yığılacaq, sanki sürgünə göndərilən kimi deportasiya ediləcəklər. Biz istədiyimiz qədər onların qeyri-qanuni burada olduqlarını deyək, heç kimi inandıra bilmərik. «Budur, türklər yenə erməniləri sürgün edir» deyiləcək. Buna da «İkinci köçürülmə» damğası vurulacaq.

Elə isə bu insanlar burada yaşamaq uğrunda mübarizə aparırlar. Ermənistan və ya diaspora nə qədər düşmənçilik etsə də, bu insanları qorumaq, sadəcə Türkiyənin başını uca etməkdədir. Onlar bizim ən güclü və inamlı lobbimizdir. Onlar artıq bizim qardaşlarımızdır. Qapıları açaq-gəlib bizim canavar olamdığımızı görsünlər.

İndi bizim gözləntimiz - baş nazirin bu yaranı sarımasıdır. Onun 100 min erməninin deportasiya edilməyəcəyini deməsi və insanları rahatlatması lazımdır.

100 min erməniyə dəyməyək, heç olmasa, bu insanları qucaqladığımızı göstərək.

Bir türk baş nazirinə, xüsusilə, Ərdoğana belə bir davranış daha çox yaraşır.
XS
SM
MD
LG