Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:20

Rusiya Aİ missiyasının Ermənistana gəlişini pisləyib


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin mülki əməliyyatlarının komandanı Stefano Tomatın başçılığı altında Aİ-nin nümayəndə heyətini qəbul edib
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin mülki əməliyyatlarının komandanı Stefano Tomatın başçılığı altında Aİ-nin nümayəndə heyətini qəbul edib

Rusiya Avropa İttifaqı mülki missiyasının Ermənistandakı missiyasının müstəsna olaraq geosiyasi mahiyyət daşıdığını bəyan edib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, bu missiyanın əsl məqsədi Cənubi Qafqazda münasibətlərin normallaşdırılmasının real maraqlarından çox uzaqdır.

Zaxarovanın sözlərinə görə Aİ missiyasından məqsəd Rusiyanın sıxışdırılaraq regiondan çıxarılmasıdır:

“Artıq ilk dəfə deyildir ki, Avropa İttifaqının və bütünlükdə Qərbin ən müxtəlif üsullarla bizə müttəfiq olan Ermənistanda möhkəmlənmək cəhdlərinin şahidi oluruq. Biz bu cəhdlərdə müstəsna olaraq Cənubi Qafqazda münasibətlərin normallaşdırılmasımnın real maraqlarından uzaq geosiyasi məqsəd görürük. Hər şey edilir ki, Rusiya regiondan sıxışdırılıb çıxarılsın və onun təhlükəsizliyin baş qarantı kimi tarixi rolu zəiflədilsin. Bu məsələyə Bakı tərəfindən açıq səsləndirilən mənfi qiymətləndirmələrə məhəl qoyulmur”.

Zaxarovanın sözlərinə görə yaxın perspektivdə regionda stabillik və təhlükəsizliyin əsası kimi Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunmuş razılaşmalar kompleksi qalacaq:

“Nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, cəmiyyətlər, ekspertlər, dini dairələr, iki ölkənin millət vəkilləri arasında əlaqələrin yaradılması, habelə sülh müqaviləsinin işlənməsi üçün danışıqlar da daxil məhz bu razılaşmaların hərtərəfli reallaşdırılması regionun sağlamlaşdırılması üçün ən düzgün yoldur. Rusiya Federasiyası buna gələcəkdə də hər cür kömək etməyə hazırdır”.

Missiyanın fəaliyyətinə start verilib

AzadlıqRadiosunun Erməni xidməti – Azatutuyun xəbər verir ki, fevralın 21-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin mülki əməliyyatlarının komandanı Stefano Tomatın başçılığı altında Aİ-nin nümayəndə heyətini qəbul edib.

Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidmətindən verilən xəbərə görə beləliklə də Aİ mülki müşahidəçilərinin Ermənistandakı yeni missiyasına start verilib.

Avropa İttifaqının Ermənistandakı Missiyasının heyəti 100-dək mülki nümayəndədən ibarətdir. Bura 50 silahsız müşahidəçi də daxildir.

Missiyanın qərargahı Ermənistanın Vayotsdzor vilayətinin Yexeqnadzor şəhərində yerləşməlidir.

Azatutyun bildirir ki, Stefano Tomat mülki əməliyyatların komandanı, Markus Ritter isə missiyanın başçısı təyin olunublar.

Rəsmi Bakı Aİ-nin sərhəd missiyasına qarşı çıxıb, bunun öncədən razılaşdırılmadığını əsas gətirib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG