Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:41

Azatutyun: Qarabağda Vardanyanın istefası söhbətləri qızışır (Video)


Sərhəddəki erməni kəndlilər: ‘Qapını bağlayıb yatırıq ki, birdən türklər gələr’
Gözlə

No media source currently available

0:00 0:15:56 0:00

Sərhəddəki erməni kəndlilər: ‘Qapını bağlayıb yatırıq ki, birdən türklər gələr’

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Azərbaycan prezidenti İlham Əliyevin Münhendə keçirilən təhlükəsizlik konfransında verdiyi bəyanatın ardınca Qarabağın separatçı siyasətçiləri arasında “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyanın istefası məsələsi qızğın müzakirələrə səbəb olub.

Əliyev həmin konfransda keçirilən müzakirə zamanı Azərbaycanın Qarabağ erməniləri ilə danışıqlara hazır olduğunu bildirmişdi:

“Bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə deyil. Ola bilsin ki, “ixrac edilmiş” düzgün ifadə deyil, mən yəqin ki, “gizli yolla keçirilmiş” ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, Yerevana qayıtmağa, oradan Moskvaya və yenidən Yerevana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir. Təkcə bu fakt blokadanın olmadığını göstərir... Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?! Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, əminəm ki, onları heç kim dayandırmayacaq”.

“Xalq arasında böyük məyusluq olacaq...”

Azatutyun yazır ki, Əliyevin bu bəyanatı ilə bağlı hələlik yalnız separatçıların “prezidenti” Arayik Arutyunyanın mətbuat katibi Lusine Avanesyan münasibət bildirib.

O deyib ki, “Qarabağ harada doğulmalarından asılı olmayaraq bütün ermənilərin vətənidir”.

Azatutyun yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan da Əliyevin Ruben Vardanyana ünvanlanmış ittihamlarına reaksiya verməyib, buna baxmayaraq Qarabağda “dövlət nazirinin” istefası söhbəti “yeni vüsət” alıb.

Qarabağ müxalifətçilərindən Tiqran Petrosyan iddia edib ki, yaxın günlərdə “Qarabağ prezidenti” Arayik Arutyunyan “dövlət naziri” Ruben Vardanyanı vəzifəsindən azad edəcək və onun yerinə “baş prokuror” Qurgen Nersisyan təyin olunacaq:

“Mən düşünürəm ki, Arayik Arutyunyan doğrudan da Ruben Vardanyanı yığışdıracaq və xalq arasında böyük məyusluq olacaq”.

Bu məlumatı özlərindən aldığını deyir

Müxalifətçi iddia edir ki, bu məlumatı Qurgen Nersisyanla, Arayik Arutyunyanla və Ruben Vardanyanın özü ilə söhbətlərindən əldə edib:

“Əvvəlcə Qurgen Nersisyanla söhbətim oldu. O mənə dedi ki, artıq qərar qəbul olunub və Ruben Vardanyan getməlidir. Onun hansı üsulla gedəcəyi məlum deyil. Amma o dedi ki, “gedəcək və Arayik Arutyunyan ona (Nersisyana-red) dövlət naziri vəzifəsini təklif edib”.

Tiqran Petrosyanın sözlərinə görə o daha sonra Ruben Vardanyanla danışıb və “belə başa düşüb” ki, onun istefası məsələsi “kənardan sırınır”. Amma o bu “kənarın” hara olduğuna aydınlıq gətirməyib:

“Mən sonra Ruben Vardanyanla görüşdüm və belə başa düşdüm ki, kənardan Arayik Arutyunyana deyiblər ki, o (Ruben Vardanyan-red) getməlidir, amma özü (Arayik Arutyunyan-red) qalmalıdır. Mən xırdalıqlara getməyəcəyəm, çünki çox şeylərdən agah deyiləm. Bilirəm ki, Ruben Vardanyan istefaya gedəcəyini, Arayik Arutyunyanın onu işdən çıxarmalı olacağını deyib”.

Azatutyun yazır ki, bu informasiyanı hələ ki, nə Arutyunyan, nə Nersisyan, nə də Vardanyan təsdiq etməyiblər.

Xatırlatma

Ötən ilin dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər.

Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG