Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:53

Deputat: 'Rusiyanın mənafeyinə zidd heç nə etməmişik'


S.Novruzov
S.Novruzov

Azərbaycan Milli Məclisinin bu gün, mayın 16-da keçirilən iclasında Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi məsələsi etiraza səbəb olub.

APA-nın xəbərinə görə, iclasda çıxış edən hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Rusiyada bəzi şəxslərin dövlət maraqlarından çox öz maraqlarını əsas götürmələrindən təəssüfləndiyini bildirib. O vurğulayıb ki, bununla Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirilib:

«Təcili tədbirlər görülməlidir. Beynəlxalq qüvvələr Rusiyaya görə bizi dəfələrlə təzyiq qarşısında qoyublar. Amma biz heç vaxt Rusiyanın mənafeyinə zidd olacaq heç nə etməmişik. Bizim Milli Məclis bununla bağlı rəsmi mövqe ortaya qoymalıdır. Bu nə deməkdir axı? Rusiya bütün işlərini başa çatdırıb, bircə qalmışdı Ümumrusiya Azərbaycanlıları Konqresi? Azərbaycanda çoxlu sayda rus bağçaları, məktəbləri və mərkəzləri var. Mən İctimai birliklər və dini qurumlar komitəsinin sədri kimi Azərbaycanın müvafiq orqanlarına rəsmi müraciət edəcəyəm ki, Rusiyanın buradakı mərkəzləri, rus icmalarının sənədlərinin qaydasında olub-olmaması ilə bağlı hesabat hazırlayıb təqdim etsinlər».

Spiker Oqtay Əsədov isə bildirib ki, Azərbaycan həmişə Rusiyanın mövqeyini dəstəkləyib: «Elə məsələ də burasındadır ki, bunu görmədilər».

XATIRLATMA

Mayın 15-də Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunması barədə qərar qəbul edilib.

Nazirlik ÜAK-ın Rusiya qanunvericiliyini, eləcə də öz nizamnaməsinin müddəalarını pozduğunu bildirmişdi.

Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin-in dəstəyi ilə yaradılıb.

Konqres Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspor təşkilatı sayılır. Qurumun Rusiyanın 80-dən çox bölgəsində şöbələri var.

XS
SM
MD
LG