Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:26

Astarada sitrus meyvələri becərən sahibkar: 'Ziyana gedirəm'


Fermer Rafiq Cəfərov
Fermer Rafiq Cəfərov

Fermerdən qiymət müqayisəsi

Sitrus meyvələrinin becərilməsi ilə məşğul olan Astara rayonu Ərçivan qəsəbə sakini, fermer Rafiq Cəfərov naringi və feyxoanın satışında problemlərin olduğunu deyir. Onun fikrincə, bu problem həll olunmasa, yetişdirilən məhsulun çox hissəsi itkiyə gedəcək. O əlavə edir ki, alıcıların sayı azdır: "Nariginin bir kiloqramı 60, feyxoa isə 30-40 qəpiyə satılır. Maya dəyərini çıxartmır. Kənd təsərrüfatı məhsullarının qiymətləri 15-20 faiz artıbsa, ərzaq məhsullarının qiyməti bir neçə dəfə artıb. Vaxtilə satışa çıxarılan toyuq ətinin bir kiloqramı 2 manat 60 qəpiyə olanda naringinin bir kiloqramı 40-50 qəpiyə idi. İndi toyuq ətinin bir kiloqramı 6-7 manatadır, naringinin bir kiloqramı isə 60-70 qəpiyədir".

Onun əlavə etməsinə görə, zəruri ərzaq məhsullarının qiyməti hər gün bahalaşır: "Əhalinin ərzağa pulu güclə çatır. Meyvəyə pul qalmır".

Məhsul itkiyə gedir
Məhsul itkiyə gedir

"Xidmətlərin xərci artır, gəlir isə yerində qalır"

Fermerin sözlərinə görə, ölkədə bahalaşma davam etdikcə, sitrus bağlarına edilən xidmətlərin xərcləri də artır: "Sitrus bağları əvvəlki kimi qazanc vermir. 7 hektar sitrus sahəm var, bunun 4 hektarı feyxoa sahəsidir. Meyvə ağacları yayda suvarılır, üstəlik, qışda limon ağaclarını bağlayırıq, dərmanlayırıq. Aqrotexniki qaydada xidmət edilir. İldə bu xidmətlərə qazancın 80-90 faizi gedir. Xidmətlərin xərci artır, gəlir isə yerində qalır. Ziyana doğru gedirəm".

"Zavod feyxoanın bir kiloqramına 17 qəpik verir"

Naringi ağaclarının altında çürüyən məhsullar görünür. Sahibkar deyir ki, vaxtında dərilmədiyinə görə meyvələr ağaclardan tökülür, məhsul itkiyə gedir: "Ölkədə sitrus məhsullarına ehtiyac olduğu halda, hər il 20-25 ton feyxoa və naringi itkiyə gedir. Konserv zavoduna getmişdim. Zavod feyxoanın bir kiloqramına 17 qəpik verir. Feyxoanın bir kiloqramı mənə 20-25 qəpiyə başa gəlir. Onun 15 qəpiyini fəhləyə verirəm. Maşın məhsulu burdan aparır, fəhlə yükləyib-boşaldır. Bunlar hamısı pul ilə başa gəlir. Ona görə zavoda aparmıram, məhsul batır. Eşitmişəm, qonşu ölkələrdə məhsul yerdə qalanda dövlət onu alır".

Yığılan məhsul çeşidlənir
Yığılan məhsul çeşidlənir

"Bizdə məhsul baha başa gəlir"

Onun fikrincə, mövsüm vaxtı daxili bazar qorunmalıdır: "Məhsul yetişəndə İrandan, Türkiyədən, Gürcüstandan və digər ölkələrdən həmin meyvələri gətirib tökürlər bazarlara. Qiymət düşür aşağı. Bizdə məhsul baha başa gəlir, amma baha sata bilmirik. Onların məhsuluna gömrük rüsumları əlavə olunsa da, yenə qazanırlar. Nəticədə biz müflis oluruq...".

Bununla belə, o, sahibkarlara verilən dəstəkdən də danışır: "Dövlət bizə dərman verir, kömək var. Son illərdə kənd təsərrüfatında çalışan sahibkarlara münasibət müsbət mənada dəyişib. Adama qulaq asırlar, problemi dinləyirlər, problemləri aradan qaldırmağa çalışırlar. Elə işlər var ki, müsbət dəyişiklik özünü göstərir. Amma problemlər çoxdur. Mən məhsul istehsal edənəm, bazar adamı deyiləm. Bazarı normallaşdırmaq lazımdır ki, biz ziyana düşməyək".

"Bu, yoxsulluğa dəlalət edir"

R.Cəfərov mövzunu dəyişir. Ədəbiyyatdan, teatrdan söhbət salır: "Mən özüm üç şeir kitabının müəllifiyəm. Lənkəranda Dövlət Dram Teatrı var. Soruşmuşam, çoxları son 30-40 ildə teatrda olmayıb. Mən özüm də olmamışam. Bu, yoxsulluğa dəlalət edir. Pulu yoxdur, teatra gedə bilmir".

"Bazara müdaxilə edə bilmirik"

Astara Kənd Təsərrüfatı İdarəsinin müdiri Etibar Abbasov isə deyir ki, bu rayonda 4 min 356 hektar sitrus sahəsi var: "Feyxoa 870 hektardır. Bizdə tədarük məntəqəsi yoxdur. Sahibkar alıcını özü tapmalıdır. Əvvəllər məhsul Rusiyaya gedirdi. Bakı bazarlarında olmuşam, xaricdən gətirilmiş sitrus meyvəsi görmədim. Standart mal olmayanda aşağı qiymətə satılır. Məhsul çoxdur, ancaq xırdadır. Bu da qiymətə təsir edir. Feyxoa çeşidlənməmiş şəkildə satılır, ona görə ucuzdur".

Naringi bağları
Naringi bağları

Onun deməsinə görə, sahələrdən iri naringinin bir kiloqramını 1 manatdan götürürlər: "Bu, pis pul deyil. Rayonda dörd dəfə gübrə satışı təşkil olunub. Problemləri dinləyirik, təlimatlandırırıq. Amma biz bazara müdaxilə edə bilmirik. Tədarük məntəqələri olmalıdır. Sahibkar pulunu birdəfəlik alanda yaxşı olur, onda texnika ala bilir. Bu məsələlər diqqətdədir".

XS
SM
MD
LG