Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:09

Astarada çəltik becərən: 'Kənddə traktor yoxdur'


Səfər İslamov
Səfər İslamov

Astara rayonunun Pensər kənd sakini Səfər İslamov çəltik sahəsini suvarırdı. Çəltik sahəsi kənddən 6-7 kilometr uzaqdadır. O, buna görə özünə velosiped alıb. Deyir ki, su problemləri yoxdur: "Yaxınlıqda Xanbulan dəryaçası yerləşir. Başqa yerlərdə suyun olmamasından əziyyət çəkirlər. Məhsuldarlıq sudan da asılıdır. 20 ildən çoxdur çəltikçiliklə məşğulam. Çəltiyi eyni yerdə 3-4 il dalbadal əkəndə məhsuldarlıq aşağı düşür. Torpağı gücləndirmək üçün gübrə lazımdır. Almağa gücüm çatmır, ona görə əkinə 2 il fasilə verdim. Bu il 1 hektar çəltik əkmişəm".

Səfər İslamov əkilməmiş sahələri göstərib deyir ki, ildən-ilə çəltik əkənlərin sayı azalır: "Torpaqların çoxu əkilməmiş qalıb. Pensər kəndinin 5 min nəfərə yaxın əhalisi var, cəmi 7-8 nəfər 20 hektara yaxın çəltik əkib. Amma kənddə işsizlikdir. Sovet dövründə bu torpaqların hamısı əkilərdi. İndi əkilmir. İmkanları yoxdur. Torpağı hazırlamaq, əkmək az xərc istəmir".

Çəltik sahəsi
Çəltik sahəsi

"1 hektara ən azı 1500-1600 manat xərc çəkilir"

O, işinə fasilə verib torpağa çəkdiyi xərci hesablamağa başlayır. Barmaqlarını bir-bir qatlayır: "Birincisi torpağın sürülməsi, ikincisi traktor torpağı hamarlayır. Sonra toxumluq alınmalıdır. Mən 150 kiloqram toxuma 350 manat vermişəm. Əkin sahəsinin hər hektarına suya görə 25 manat pul ödəyirəm. Biçin, dəyirman işi var. Hamısı bir yerdə 1 hektara ən azı 1500-1600 manat xərc çəkilir. Kəndlidə bu qədər pul yoxdur, ona görə şəhərə işləməyə axışırlar".

O, texnikanın olmamasından da şikayət edir. Deyir ki, kənddə bir ədəd də olsun traktor yoxdur: "Çörəyimiz çəltikçilikdən çıxır. Bu işdə əl əməyi üstünlük təşkil edir. Əlimizi işdən soyudan səbəblərdən biri də kənddə texnikanın olmamasıdır. Texnikanı başqa yerdən gətiririk, o da baha başa gəlir. Biz kəndliyik, texnikanı necə alaq, hansı pulla alaq? Oğlumun ailəsi ilə birlikdə 8 nəfərik. Hamımız bu çəltiyə baxırıq. Mənə yardım olunub. Dostlardan, tanışlardan, dövlətdən yox".

Su məhsuldarlığa təsir edir
Su məhsuldarlığa təsir edir

"1 hektarda ən azı 1500 kiloqram düyü olmalıdır"

Suyun axması üçün yaba ilə maneələri aradan qaldırır. Yaxınlaşıb yetişməkdə olan çəltik sünbülünə diqqətlə baxır. Əlavə edir ki, havadan da çox şey asılıdır: "Şiddətli yağış yağsa, itki olacaq. Hesablamışam, 1 hektarda ən azı 1500 kiloqram düyü olmalıdır. Onun hər kiloqramını 2 manat 50 qəpikdən satsam, 5 min manat pul edir. Düyünün 100 kiloqramını qonşularıma, yaxınlarıma, tanışlarıma paylayacam. Özümə də qalır. Bilirəm ki, evimdə həmişə ərzaq var. Kənddə torpağı olanların hamısı çəltik əksə, bolluq olar".

S.İslamovun deməsinə görə, məhsul becərdiyi torpaq başqasınındır. Əlavə etməsinə görə, onun torpağı "İpək yolu"nun altında qalıb: "Hər sota 75 manat pul verdilər. Pulun əvəzində torpaq istədim, vermədilər. Dedilər ki, sənə subsidiya düşmür. Subsidiya almaq üçün özümün 50 sot torpağım olmalıdır Kömək olsa, 10 hektarda çəltik əkərəm. Boş torpaqlar var. Lənkəranın Türkəkəran, Şıxakəran kəndlərinin torpaqları ilə həmsərhədik. İrandan gəlib çəltik əkiblər...". (Azərbaycanda 1 hektar düyü sahəsinə hökumət 240 manat subsidiya verir-red.).

Boş qalmış əkin sahələri
Boş qalmış əkin sahələri

O danışır ki, evi ötən əsrin 60-cı illərində tikilib. Şikayətlənir ki, təzə ev tikə bilmir: "Kənddə tikilən yeni evlərin sahibləri xarici ölkələrdə işləyirlər. Burdakı qazancla ev tikmək mümkün deyil. Ev olmayanda cavanlarımız ailə qura bilmirlər. Çıxıb gedirlər Bakı şəhərinə, xarici ölkələrə. Burda gələcəyi yoxdur axı. Mənim yaşım da imkan vermir ki, xarici ölkələrə işləməyə gedim".

Direktor: "Bəs bu idarə nə üçündür?"

Astara Kənd Təsərrüfati İdarəsinin direktoru Etibar Abbasov da S.İslamova subsidiyanın verilməməsini qanunvericiliklə izah edir. O, torpaqda çalışanlara problem yarandıqda idarəyə müraciət etməyi məsləhət görür: "Torpaq sahibi 1 sot da əkirsə, tələb olunan sənədləri təqdim edirsə, o, subsidiya alır. Torpağı icarəyə götürübsə, icarə müqaviləsi olmalıdır. Öz torpağıdırsa, sənədləri təqdim etməlidir. Dəfələrlə demişik: kimin problemi varsa, bizə müraciət etsin. Bəs bu idarə nə üçündür? İdarəyə gəlsin, biz onunla maarifləndirmə işi aparaq. Nə lazımdırsa, kömək edək. Çəltikçiliklə məşğul olan 100 nəfərə yaxın sahibkara subsidiya verilir".

Onun vurğulamasına görə, rayonda 200 hektardan çox çəltik əkilib.

Rayonda çəltik əkinində azalma var. Direktor qeyd edir ki, əvvəllər olsa da, bu il İrandan gəlib rayonda çəltik əkən yoxdur.

XS
SM
MD
LG