Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:40

Tankın qabağına avtomatla çıxan rusiyalı əsgərlərin harayı


Ukraynalı hərbçilər
Ukraynalı hərbçilər

Ötən həftə “Telegram” və Rusiyanın digər sosial media şəbəkələrində yayılan bir videoda maska və kamuflyaj geyinmiş 30 nəfərə yaxın adamın kömək istədiyi görüntülənib.

"Komandirimiz bizə mövqelərimizdən çəkilməmək əmri verib. Ancaq komandir bizə nə qoruma, nə də dəstək verib. Yalnız avtomat silahlarımız var. Qalan silahlarınsa hamısı sıradan çıxarılıb. İndi bizi fərarilikdə ittiham edirlər… Bir sözlə, biz komandanlığın vecinə deyilik”, – qarlı sahədə dayanan əsgərlər deyirlər.

Videoda tarix və yer göstərilmir. Ancaq onun çəkildiyi yerin Ukrayna, yaxud Rusiya ordusunun Ukraynaya girmək üçün istifadə etdiyi ərazilərdən biri olduğu düşünülür.

Şikayətlər

Bu şikayət və əsgərlərin onu ictimailəşdirmək qərarı Rusiya hərbi komandanlığının Ukraynada apardığı müharibəyə göndərdiyi onminlərlə yeni səfərbər olunan əsgərlərin üzləşdiyi problemləri yenidən üzə çıxarır.

Sentyabrda elan edilən səfərbərlikdən öncəki aylarda da Rusiya hökuməti mütəxəssislərin “gizli səfərbərlik” adlandırdığı üsuldan yararlanır, yüksək maaş təklifi ilə orduya könüllülər cəlb edirdi.

Ancaq Rusiyanın logistika və səfərbərlik infrastrukturu yer, geyim, avadanlıq və təlim verilməli olan çox sayda əsgəri idarə etməyə hazır deyildi.

Əsgərlər hətta Şərqi Ukraynadakı döyüş yerlərinə gətirilməzdən əvvəl maaşların ödənilməməsi, qida çatışmazlığı, komandirlər arasında nizam-intizamın olmamasından şikayətlənirdilər.

Həbs cəzası

Prezident Vladimir Putinin sentyabrda təsdiqlədiyi qanunla səfərbərlik və müharibə dövründə ordudan yayınmaya görə cəzalar daha da sərtləşdirilib. İndi qanunu pozanlar 10 ilədək həbs cəzasına məhkum edilə bilər. İnanca görə orduya getmək istəməyənləri isə 3 ilədək həbs cəzası gözləyir. Qanun eyni zamanda “könüllü” təslim olmanı da kriminallaşdırıb. Bu hərəkətə görə 15 il həbs cəzası nəzərdə tutulub.

Buna baxmayaraq, cinayət məsuliyyəti təhlükəsi qarşısında bu qanuna qarşı çıxan əsgərlərin sayı hələ də artmaqdadır.

"Onları cəbhə xəttinə yalın əllə, tanklara qarşı avtomatla vuruşmağa göndəriblər. …Qumbaralarla. Hamısını. Onların dəstəyi yox idi…”, – sözügedən videoda görüntülənən əsgərlərdən birinin arvadı Alyona Savoçkina deyir.

Orduya könüllü yazılandan sonra...

“Nastoyaşeye Vremya”ya müsahibəsində Oryol regionunda yaşayan Savoçkina ərinin daha öncə iyulda orduya könüllü yazıldığını və sürücü kimi göndərildiyini deyir. Amma ona piyada qoşunlarında xidmət etmək əmri verildikdən sonra o, müqaviləni pozaraq evə qayıdıb.

Savoçkinanın sözlərinə görə, oktyabrın 24-də ərini Kremlin səfərbərlik əmrinə əsasən yenidən çağırıblar. Onu əvvəlcə Belarus sərhədi yaxınlığındakı Smolenskə göndəriblər. Bir neçə yerdəyişmədən sonra dekabrın 31-də onun hərbi birləşməsi Ukraynanın Luhansk bölgəsindəki cəbhə xəttinə göndərilib.

Savoçkina ərinin xidmət etdiyi hərbi dəstənin təchizatının pis vəziyyətdə, əsgərlərin qohumlarının göndərdiyi ərzaqdan asılı olduğunu deyir.

"İndi də onları hətta bundan da məhrum etmək istəyirlər”, – o söyləyir.

Əsgərlərin yaxınları da Moskvadakı hərbi prokurorluğa rəsmi şikayət göndərəcəklərini deyiblər.

Yeddi məkanda gizlənən fərarilər

Rusiyanın Ukraynaya ötən ilin fevralında hərbi müdaxiləsi başlayandan bəri nə qədər əsgərin ordudan yayındığı haqda dəqiq rəqəm yoxdur. Rusiya məhkəmələrinin azı üç fərarini mühakimə etdiyi məlumdur.

ABŞ-ın Müharibə Elmləri İnstitutunun Rusiya mediasında dərc edilmiş xəbərlərə istinadən yaydığı hesabatda deyilir ki, yüzlərlə əsgər fərarilik edərək Ukraynanın Donetsk və Luqansk bölgələrində azı yeddi məkanda gizlənməkdədir.

"Luqansk və Donetsk vilayətlərindəki Rusiya qoşunlarının əhval-ruhiyyəsi və psixoloji durumu son dərəcə aşağıdır. Döyüş meydanında çox böyük itkilər, normal təlim verilmədən cəbhə xəttinə səfərbərlik, habelə bərbad təchizat fərarilik hallarına yol açmaqdadır”, – institutun noyabrda dərc etdiyi hesabatda deyilir.

Təlim keçmədən cəbhəyə göndəriblər

Videoda görüntülənən başqa bir əsgərin həyat yoldaşı Viktoriya deyir ki, əri İvan demək olar heç bir hazırlıq keçmədən cəbhə xəttinə göndərilib.

Onun sözlərinə görə, çağırış vərəqəsi gələn kimi ailəsi ona geyim, ilk tibbi yardım dəsti və beretlər almağa başlayıb. Yerli hərbi komissarlıqda ona sadəcə yataq kisəsi və uniforma verilib.

Soyadının çəkilməməsini xahiş edən Viktoriya İvanın hərbi birliyinin əvvəlcə Smolenskdə adi təlim keçdiyini, dekabrın 31-də isə Ukrayna sərhədinə yaxın, Voronej bölgəsində əlinə silah verilərək cəbhə xəttinə göndərildiyini deyir.

"Onları Ukraynaya aparıblar və burada heç bir təlim keçməyiblər. Onlara daha öncə heç vaxt əllərində tutmadıqları yeni silahlar verilib. Orada bəlkə üç gün qaldıqdan sonra dərhal cəbhə xəttinə göndəriliblər”, – o söyləyir.

"Özümüzü qorumaq üçün heç nəyimiz yoxdur. …Niyə tankların qarşısına sadəcə əlimizdəki avtomatlarla çıxmalıyıq? Biz sizin üçün topun qabağına atılan ət parçasıyıq?”, – İvan ona danışıb.

Komandirlərin hədəsi

Viktoriya deyir ki, bundan sonra hərbi birlik cəbhə xəttinə qayıtmaq barədə əmrlərə tabe olmamağa başlayıb.

"Buna görə onları fərarilikdə ittiham etmək istəyirlər. Sayları çoxdur və görünür, bir-birini möhkəm dəstəkləyirlər. Ancaq indi onları parçalamaq istəyirlər ki, müqavimət göstərə bilməsinlər”, – o bildirir.

Viktoriyanın sözlərinə görə, bundan sonra komandirlər onları söyüb və hədələyib.

“Gülləkeçirməz jiletlərinizi çıxarın və öz Rusiyanıza qayıdın. Gedib çatsanız, sizə afərin. Gedib çatmasanız, itkin düşmüş sayılacaqsınız”, – komandirlər əsgərlərə deyib.

XS
SM
MD
LG