Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:48

Müharibəyə getməyin bədəli – 200 min rubl, məsafədən iş... çarter reysi


Rusiya-Gürcüstan sərhədi
Rusiya-Gürcüstan sərhədi

Bəzi Rusiya şirkətləri kişi işçilərini itirmək istəmədiklərindən məsafədən işləməyi tövsiyə edirlər


Rusiyalıların çoxu səfərbərliyi həzm etməyə çətinlik çəkir. Rusiyalı kişilər II Dünya müharibəsindən bəri Avropanın ən iri müharibəsində döyüşmək üçün orduya çağırılmaq təhlükəsi ilə üz-üzədirlər. Onlara yetərincə təlim vermədən və az ləvazimatla daha qətiyyətli və daha yaxşı təchiz olunmuş rəqibə qarşı vuruşmağa göndərə bilərlər.

Aralarında çoxlu peşəkar hərbçilərin də olduğu on minlərlə həmvətəni artıq Prezident Vladimir Putinin başladığı müharibədə ölüb və ya yaralanıb.

Qərb dövlətlərinin Ukraynanı yüksək dəqiqlikli müasir artilleriya silahları, raketlər və zəruri kəşfiyyat məlumatları ilə təchiz etdiyi bir vaxtda rus əsgərlərinin kütləvi ölməsinin yavaşıyacağını ehtimal etmək çətindir.

Aya 200 min rubl

Putinin səfərbərlik elanından bir neçə gün keçmiş artıq bəzi məlumatlara görə yüz minlərlə vətəndaş orduya cəlb edilməkdən qurtulmaq üçün Rusiyanı tərk edib.

Bütün bunlar Kremlin Ukraynanı işğal planlarını təhlükə altında qoyur. Bu səbəbdən Kreml insanları şirnikləndirməyə çalışır.

Rusiyalı deputatlar bu həftə Ukraynada xidmət edənlər və onların ailələri üçün güzəştlərin arıtırılmasını, o cümlədən borclarının dondurulmasını və bağışlanmasını nəzərdə tutan düzəliş üzərində işləyiblər.

Rusiya ordusu artıq orduya yazılanlara rütbələrindən asılı olaraq ayda 135 min – 200 min rubl (2290 – 3400 ABŞ dolları) ödəməyə söz verib. Mərkəzi Moskvada olan “Alfa-bank”ın məlumatına görə, bu məbləğ ölkə səviyyəsində orta aylıq əməkhaqqıdan 2 – 3 dəfə artıqdır.

Paşinyan: 'Silah üçün 100 milyonlarla dollar ödəmişik, amma göndərmirlər'
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00

Borc güzəştləri

Sentyabrın 28-də qəbul edilən borc güzəştləri haqda qanun əsgərlərin və onların birbaşa ailə üzvlərinin borcların, o cümlədən ipoteka və istehlak kreditlərinin ödənilməsinin dondurulmasını nəzərdə tutur. Dondurulma əsgərlərin xidmətdə olduğu dövrə şamil ediləcək və onların ordudan tərxisindən 30 gün sonra bitəcək.

Ölən və ağır yaralanan əsgərlərin borcları və ailə üzvlərinin həmin borclarla bağlı məsuliyyəti isə ləğv ediləcək.

Sentyabrın 27-də Dumada bu düzəlişlərlə bağlı debat zamanı bəzi deputatlar bütün döyüşçülərin borclarının silinməsini təklif ediblər. Maliyyə nazirinin müavini Aleksey Moiseyev bunu “çox uzağa getmək” adlandırıb. O iddia edib ki, yaralanmadan qayıdanların borclarını bağışlamağa ehtiyac yoxdur, çünki onlar xidmətə görə “xeyli yüksək” maaş alırlar və onların maliyyə durumu “yaxşılaşacaq ki, pisləşməyəcək”.

Dəyişikliklər

Eyni gündə parlament Əmək Məcəlləsinə bir neçə dəyişiklik edib. Dəyişikliklərdən biri əsgərlərin tərxisdən sonrakı ilk üç ay ərzində iş yerlərinə qayıtmaq haqqını təmin edir və onların həyat yoldaşlarını vaxtından əvvəl işdən çıxarılmaqdan və iş vaxtından artıq işlədilməkdən qoruyur.

Yeni düzəlişlər eyni zamanda səfərbər olunan kişiləri və onların ailə üzvlərini aylıq kredit ödəmələrini gecikdirməyə görə cəzalardan da azad edir.

Vaşinqtonda yerləşən “RAND Corp” beyin mərkəzinin hərbi təhlilçisi Dara Massikot deyir ki, maliyyə şirnikləndirmələri bəzilərinin “səfərbərlik haqda xəbərləri daha rahat həzm etməsinə kömək edir”.

"Başqaları üçünsə daha çox pul riskləri azaltmayacaq, yaxud orduda pis təchizat problemini yoluna qoymayacaq”, – o deyir.

Ordunun təchizatı

Sosial mediada yayılan videolardan görünür ki, Rusiya əsgərlərinin bir hissəsinə köhnə silahlar verilir və onlar kifayət qədər ləvazimatla təchiz olunmurlar. Bura tibbi ləvazimat da daxildir. Bir çoxları yetərincə təlim və təlimat almadıqlarını deyirlər.

Massikotun sözlərinə görə, bəzi əsgərlər onlara söz verilən pulların ödənəcəyinə və güzəştlərin ediləcəyinə də şübhə ilə yanaşa bilərlər.

"Hökumətin pul güzəştləri üçün pulu varsa, onda ordusunu tibbi ləvazimatla normal təchiz etmək üçün niyə pulu yoxdur?”, – o deyir.

Kremlin nəzarətində olan parlament bu yeni düzəlişləri səfərbərlik əleyhinə çoxsaylı nümayişlər fonunda qəbul edir.

Etirazlar

Yakutiyadan Dağıstana qədər 30-dan çox yerdə etirazlar baş qaldırıb. 2400 nəfər həbs edilib.

Vətəndaşlar qəzəblərini hərbi komissarlıq əməkdaşlarının üzərinə də tökürlər. Səfərbərlik elan ediləndən bəri Mordoviya, Volqoqrad, Kalininqrad və Nijniy Novqorod da daxil olmaqla müxtəlif yerlərdə azı 20 dəfə komissarlıq binalarını yandırmaq cəhdləri qeydə alınıb. Cəhdlərdən bəziləri uğurlu olub.

Etirazların bəziləri zorakı hal alıb. Sentyabrın 25-də Ryazanda bir kişi mərkəzi avtovağzalda Ukraynaya müharibəyə getmək istəmədiyini deyərək özünü yandırıb. Bir gün sonra isə Sibirin İrkutsk şəhərində 25 yaşlı Ruslan Zinin hərbi komissara atəş açaraq onu ağır yaralayıb. Zininin anası deyir ki, o, ən yaxın dostunun ehtiyatda olmadığı halda səfərbərliyə cəlbindən qəzəblənib.

İş bazarında çətinliklər

Müxtəlif ölçülü şirkətlər deyirlər ki, bacarıqlı işçilərin itirilməsi və xarici ölkəyə döyüşə göndərilməsi biznesə zərər buracaq. Buna görə onlar səfərbərliyin öz əməkdaşlarına şamil edilməməsini istəyirlər.

Rusiyanın iş bazarı onsuz da ürəkaçan durumda deyil. İşsizlik postsovet dövrünün ən aşağı səviyyələrindədir. İxtisaslı işçilər özəlliklə çatışmır.

Əməkdaşlarına güzəşt istəyən şirkətlər onların əvəzlənməsi üçün aylar və hətta illər tələb olunacağını deyirlər.

“Oxford Economics” konsultant şirkətinin iqtisadçısı Tatyana Orlova hesab edir ki, tikinti və istehsal sektorları daha həssas durumdadır. Çünki bu sektorların işçi qüvvəsinin çox hissəsini kişilər təşkil edir.

Rusiya mediası yazır ki, hərbi komissarlıq əməkdaşları iş yerlərinə gəlib çağırış vərəqələri paylayırlar. Boru kəməri sistemlərinin istehsalı ilə məşğul olan bütöv sexlərin səfərbərliyə cəlbi haqda xəbərlər var.

Məsafədən iş, çarter reysi

Bəzi Rusiya şirkətləri kişi işçilərini itirmək istəmədiklərindən məsafədən işləməyi tövsiyə edirlər.

Bəzən Rusiyanın “Amazon”u adlandırılan “Ozon” bu həftə əməkdaşlarına məktub göndərərək məsafədən işləmək fikrinə hər zaman açıq olduğunu və “buna heç bir maneənin olmadığını” bildirib. Bu xəbəri “Forbes” yayıb.

Rusiyanın iri banklarından birinin əməkdaşı AzadlıqRadiosuna deyib ki, müdiriyyət kişi əməkdaşlara bildiriş göndərərək onlara məsafədən işləməyi və qeydiyyat ünvanlarında qalmamağı tövsiyə edib.

Kompüter oyunları sektorunda çalışan bir Rusiya şirkəti isə kişi əməkdaşlarını qorumaq üçün tamamilə fərqli yol seçib. Şirkət sadəcə olaraq 100 işçisini ailələri ilə birlikdə Rusiyadan çıxarmaq üçün xüsusi çarter reysi sifariş edib.

XS
SM
MD
LG