Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:10

Rusiyanın GPS-i qarışdırmasına şübhələr Qara dəniz bölgəsində yeni təhlükələrə yol açır


Bolqarıstanda təyyarələri izləməklə məşğul bir həvəskar şəxs avqustun 31-də axşam saat 10 radələrində təyyarələrini Sofiyada endirməyə hazırlaşan kommersiya pilotları arasında qəribə bir danışığa şahid olur. Adının çəkilməməsini istəyən həmin həvəskar Sofiya hava limanının radio tezliyinə köklənərkən, bir neçə pilotun GPS-lə bağlı üzləşdikləri problemlərdən danışdığını deyir.

Ertəsi gün, sentyabrın 1-də belə söhbətlər yenə eşidilir. Sofiyaya yaxınlaşan pilotlar eyni problemdən şikayətlənir. AzadlıqRadiosu-nun bolqar xidməti Sofiya hava limanı radio kanaının qeydlərini əldə edib. Həmin qeydlər də bunu təsdiqləyir. Sözügedən təyyarə həvsəkarının müşahidələrini GPSJAM saytı da təsdiq edir. GPSJAM GPS sistemindəki tıxanmaları qeydə alan saytdır.

AzadlıqRadiosu bolqar xidmətinin müxbiri Georgi Angelov yazır ki, belə tıxanma daha öncə də baş verib. Rumıniya GPS sistemində buna bənzər problemlə üzləşib və ordunun baş qərargah rəisi bunda Rusiyanı suçlayıb. O deyib ki, bu problem bölgədə daşımalara ciddi risk yaradır. Bolqarıstan rəsmiləri ehtiyatla davranıb, Rusiyanı birbaşa ittiham etməsələr də, GPS-lə bağlı problemlərin, əsasən, Kremlin Ukraynaya hücumundan sonra başlandığını deyirlər.

“O sistemlərin özü… məxfidir”

AzadlıqRadiosu-nun bu problemin arxasında kimin durmasına və Sofiyanın onu necə aradan qaldıracağına dair sualına Bolqarıstanın Müdafiə naziri ehtiyatla cavab verib: “Radio-elektron silah sistemləri ilə”.

Sonra əlavə edib: “Ancaq o sistemlərin özü, əməliyyat və tədbirlər haqda məlumat məxfidir”.

Londonda yerləşən Kral Birləşmiş Xidmətlər İnstitutunun elektron silah, radar və hərbi kommunikasiyalar üzrə eksperti Tomas Vizinqton (Thomas Withington) deyir ki, böyük ehtimalla bu tıxanmaların arxasında Rusiya dayanır. O da bu cür hərəkətlərin ərazidəki daşımalara güvənlik riski törətdiyini söyləyir.

Ekspert Azadlıq Radiosu-nun bolqar xidmətinə müsahibəsində bildirib ki, bu, Rusiyanın Ukraynadakı işğalçı qoşunlarını Ukrayna ordusunun GPS-lə çalışan silahlarından qorumaq cəhdləri ilə bağlı ola bilər: “mümkündür ki, Rusiya bunu qəsdən etməyib. Ancaq bunun peyk naviqasiyasından asılı mülki gəmilərə çox ciddi təhlükə törədən …yan təsiri ola bilər”. Sentyabrın sonlarında Rumıniya Ordusunun baş qərargah rəsisi Daniel Petresku Rusiyanı Rumıniyanın ərazi sularında üzən gəmilərin GPS kommunikasiyalarını “fəal və aramsız şəkildə” pozmaqda və toqquşma riski törətməkdə suçlayıb. Ardınca da gəmi daşımalarının üzləşdiyi risklər barədə açıq xəbərdarlıq edib.

“Bu, Rusiaynın seçdiyi savaşdır”

"Müharibə Avropaya geri qayıdıb. Bu, Rusiyanın seçdiyi müharibədir. Ukrayna üçün də milli varlıq savaşı və Qərb dəyərləri uğrunda mübarizədir", - D. Petresku Rumıniya Xarici İşlər Nazirliyinin Buxarestdə keçirdiyi Avro-Atlantika Dayanıqlılıq Forumundakı çıxışında belə deyib.

Petresku onu da söyləyib ki, Ukraynadakı müharibə Qara dəniz bölgəsində sabitliyi kökündən pozur: ”Qara dəniz Rusiyanın hərbi əməliyyat zonasına çevrilib”.


"Hazırda biz bu müharibənin sonunu görmürük və Ukrayna cəmiyyətinin Rusiya hücumu qarşısındakı dirənişini bəyənsək də, eyni zamanda Rusiya Federasiyasının rejimi ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmalıyıq”, - deyə general əlavə edib.


Belə elektron müharibə taktikası - düşmənin əməliyyatlarının yerini təyin etmək, onlara müdaxilə etmək üçün elektron siqnallardan istifadə - Rusiyanın Uktaynaya hücumunun önəmli, ancaq çox da diqqət mərkəzində olmayan elementidir.


Kral Birləşmiş Xidmətlər İnstitutunun iyun ayında sızan ABŞ sənədlərinə istinadən verdiyi məlumatda Rusiya elektron silahlarının ABŞ-ın Ukraynaya verdiyi JDAM kimi tanınan silahlara mənfi təsir göstərə biləcəyi deyilir.


"Rusiya quru qoşunlarının Ukrayna əməliyyatlar səhnəsinə çox sayda elektron silah sistemləri yerləşdirməsi sirr deyil”, - hesabatda yazılıb.

Ancaq Bolqarıstan rəsmiləri GPS sisteminə müdaxilənin ciddi problem olduğunu inkar ediblər. “GPS siqnalı ilə bağlı problemlər ayrı-ayrı hallardır”, - Bolqarıstanın Hava Naviqasiya Xidməti – BULATSA-nın baş direktoru Georgi Peyevin sözləridir.

Aviasiyanın güvənliyi təhdid edilmir

O, AzadlıqRadiosu-na deyib ki, GPS-ə bu cür müdaxilə “aviasiyanın güvənliyini heç cür təhdid etmir, axı alternativ yerüstü [radar] sistemi var”.

Peyev bunu da əlavə edib ki, Bolqarıstan və digər ölkələr “durumu izləyir” və GPS pozulmasının törədə biləcəyi problemləri önləmək üçün addımlar atır.


Sofiya hava limanında baş verən müdaxilənin qaynağı hələ bilinməsə də, bəzi ekspertlər deyir ki, Rusiya Qara dənizdə içərisində elektron müdaxilə sistemləri olan gəmilərdən istifadə etmiş ola bilər.


GPSJAM saytına görə avqust ayında Bolqarıstan və Rumıniyanın Qara dəniz sahillərində GPS sistemlərinə müdaxilə kəskin artmışdı. Bu artım Rusiyanın Qara dənizdə, Bolqarıstan sahili yaxınlarında, Sofiyanın Xüsusi İqtisadi Zona elan etdiyi sularda hərbi təlimə başlamasından bir ay sonraya təsadüf edir. Hər hansı dövlətin bu Xüsusi İqtisadi Zonada dəniz resurslarını araşdırmaq və onlardan istifadə etmək hüququ var.


Hərbi əməliyyatlar eyni zamanda Rusiyanın iyulun 17-də BMT-nin vasitəçiliyi ilə əldə edilən Qara dəniz taxıl sazişini birtərəfli qaydada tərk etmək qərarından sonra keçirilirdi. Bu qərar qida və gübrə ixracatına qoyulan sanksiyalarla bağlı idi.


Bu saziş sayəsində Ukrayna bir il ərzində 45 ölkəyə 32 milyon tondan çox taxıl göndərə bilib.


Kiyev Rusiyanın sazişi tərk etməsinə cavab olaraq karqo gəmiləri üçün müvəqqəti “humanitar dəhliz” açıb. O vaxtdan bəri çox sayda gəmi Ukraynanın Qara dəniz limanlarını tərk edib.

Britaniya oktyabr ayında kəşfiyyat məlumatlarına söykənərək bildirib ki, Ukraynanın taxıl ixracatının qarşısını almaq üçün Rusiyanın bu dəhlizlə hərəkət edən mülki gəmiləri hədəfə alması riski mövcuddur. “Rusiyanın mülki gəmiləri açıq-aydın batırmaqdan yayınmaq istədiyi, demək olar, dəqiqdir. Bunun əvəzində Rusiya Qara dənizdə mülki gəmilərə hücumlara görə məsuliyyəti Ukraynanın üzərinə qoymağa [çalışa bilər]”, - Britaniyanın Xarici İşlər İdarəsi öz açıqlamasında bildirib.


İyul ayından bəri Rusiya Qara dəniz və Dunay çayı sahillərində 130 liman və infrastruktur obyektinə hücum edərək onlara zərər vurub, 300 min tona yaxın buğdanı da məhv edib. Məlumatda deyilir ki, bu qədər buğda 1 milyon insanı bir il ərzində doyurmağa yetərdi.

Sentyabrda London Moskvanı Qara dəniz limanlarının birində mülki yük gəmisinə “çox sayda raketlə” hücum etməkdə suçlayıb. Britaniya hökuməti Ukrayna silahlı qüvvələrinin bu hücumun qarşısını uğurla aldığını bildirir.

“Yüksək dəqiqlikli electron silahlar gərəkəcək”

GPSJAM-in bilgilərinə görə, qlobal naviqasiya peyk sistemlərinə (GNSS) müdaxilə Qara dənizdən başqa Aralıq dənizində, o cümlədən Türkiyə, Kipr və Suriya sahillərində də qeydə alınıb.


Moskva Suriyanın Aralıq dənizi sahillərində Tartus hərbi dəniz bazasına nəzarət etdiyindən, Rusiya hərbi gəmiləri Aralıq dənizində də mövcuddur.
“Rusiya kosmosdan gələn GNSS siqnalının Yerdəki qəbulediciyə çatmasının qarşısını alır. O bunu kosmosdan gələn siqnaldan xeyli güclü siqnal buraxmaqla gerçəkləşdirir”, - Vizinqton belə düşünür.

Ekspertin fikrincə, Rusiyanın belə hərəkətlərinin qarşısı alınmasa, Qara dənizdə və Ukrayna səmasındakı bənzər insidentlər sürətlə çoxala bilər. Ancaq o, əlavə edib ki, bunu etmək “çətin olacaq, çünki [bunun üçün] yüksək dəqiqlikli elektron cihazlar gərəkəcək”.

XS
SM
MD
LG