Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:09

Solovyovla Kiselyov xalqa indi nə deyirlər


Dmitri Kiselyov (sağda)və Vladimir Putin
Dmitri Kiselyov (sağda)və Vladimir Putin

“Nezavisimaya Gazeta” oktyabrın 2-də “Limanın təslim olması siyasi problemə çevrilib” başlıqlı məqalə dərc edib

Ukraynanın Donetsk vilayətində Liman şəhərinə nəzarəti bərpa etməsi Rusiya ordusu üçün böyük döyüş uğursuzluğudur. Artıq rusiyalı komandirlərin ünvanına tənqidlər püskürür və bütün bunlar Kremlin problemlər siyahısını şişirdir.

Artıq bir neçə həftədir sərt xətt tərəfdarı olan millətçilər, rusiyalı hərbi bloqerlər senzura olunmayan Telegram kanallarında komandirlərin ünvanına tənqid yağdırırlar. Son məğlubiyyətlərdən sonra tənqid Rusiyanın böyük qəzetlərinin manşetinə çıxır.

“Adamlar özlərini saxlaya bilmirlər”

Londonda yerləşən “Chatham House” təhlil mərkəzində Rusiya və Avrasiya Proqramının başçısı Ceymz Niksi AzadAvropa/AzadlıqRadiosunun müxbiri Mayk Ekelə deyib ki, tezliklə saray çevrilişi gözləmir.

“Ancaq görünən odur ki, Rusiyanın yuxarı eşelonlarında müharibənin gedişatından narazılıq güclənir, bu özünü müxtəlif cür büruzə verir, adamlar özlərini saxlaya bilmirlər”, – o, sözlərinə əlavə edir.

“Problem ondadır ki, Putin hər şeyi o qədər güclü nəzarət saxlayır ki, adamların birləşərək möhkəmlənməsi, alyans yaratması və ona qarşı hərəkətə keçməsi çətindir. Fikrimcə, Rusiya elitası indiki kimi iflas riskiylə üzləşməyib”, – təhlilçi deyir.

Senzura

Putin fevralın 24-də Ukraynaya işğala başlayandan müharibə haqda müstəqil xəbər verməyi, tənqidi və narazılığı kriminallaşdırıb, “silahlı qüvvələrin gözdən salınması”nı qadağan edib.

Ölkədə bir sıra müstəqil media orqanları bağlanıb, sosial şəbəkələr senzura olunur. Bircə Telegram tətbiqi senzuradan keçmir deyə, burada informasiya, tənqid, müzakirə axını müşahidə edilir, Rusiya qüvvələrinin uğursuzluğundan danışılır.

Rusiyalı komandirlər və blogerlər Donbasda qüvvələrin bəzi yerlərdən çıxarılması və yerinin dəyişdirilməsini taktiki qərar kimi izah edirlər.

Keçmiş və indiki rəsmilərin tənqidi

Putin sentyabrın 21-də qismən səfərbərlik elan edənəcən keçmiş kəşfiyyat rəsmisi İqor Girkin həftələrlə Rusiya ordusunu açıq tənqid edib, Putini tam səfərbərlik elan etməyə çağırıb. Girkin 2014-cü ildə Donbasda münaqişə başlayanda da əsas rol oynayanlardan olub.

Oktyabrın 2-də Rusiya Müdafiə Nazirliyi Limandan qüvvələrin çıxarılmasını təsdiqləyəndə Girkin Baş qərargah rəisi Valeri Gerasimovun fotosunu paylaşaraq onu sərt tənqid edib. Müdafiə naziri Sergey Şoyqu da onun tənqiddən kənarda qalmayıb.

Çeçenistan lideri Ramzan Kadırov da ordu rəhbərliyini açıq tənqiddən çəkinmir. O hətta Ukraynaya qarşı taktiki nüvə silahından istifadəyə çağırıb.

Putinin müttəfiqi, “Vagner” özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojin deyib ki, Kadırovun bəyanatı onun üslubuna uyğun gəlməsə də, “deyə bilərəm ki... bu nikahsız doğulanları ayaqyalın, pulemyotla cəbhəyə göndərin”.

İri qəzetlər nə yazır

Oktyabrın 2-də Putin hökumətini dəstəkləyən “Komsomolskaya Pravda” qəzeti əsas hərbi müxbirinin məqaləsini dərc edib. Müxbir Rusiya əsgərlərinin uğursuzluqlarını, “baş verənlərin tipik səbəblərini” sadalayır.

“Xarkov vilayətindən çıxandan sonra bu haqda danışıblar: Qüvvə çatışmazlığı, individual zabitlərin müdafiənin təşkilində yol verdiyi səhvlər”, – yazan müxbir əsgərlərin döyüşdən imtinasını da problemlərdən biri kimi göstərib.

“Nezavisimaya Gazeta” isə oktyabrın 2-də “Limanın təslim olması siyasi problemə çevrilib” başlıqlı məqalə dərc edib. Qəzet qeyd edib ki, “xüsusi hərbi əməliyyat başlayandan bəri ilk dəfə ordu komandirlərinin adları şərhlərdə açıq şəkildə çəkilir, onların cəbhədə yaranan problemlərə görə günahkar olduğu iddia edilir”.

Hətta rusiyalıların əksəriyyəti üçün əsas xəbər mənbəyi olan dövlət televiziyaları belə son günlər daha ayıq-sayıq davranırlar. Oktyabrın 2-də axşam telekanallar Limandakı məğlubiyyətin adını çəkməyiblər.

Telekanallar və izləyiciləri

Milyonlarla izləyicisi olan “Rossiya-1”in axşam şousunun aparıcısı Dmitri Kiselyov Donbasdakı “çətin” vəziyyətdən danışıb.

Axşam tok-şousunda Vladimir Solovoyov xəbərdarlıq edib ki, hətta səfərbərlik davam etdiyi müddətdə rusiyalılar bu tezliklə yaxşı xəbər gözləməsinlər.

Bu arada rusiyalıların çoxu Ukraynadakı münaqişəyə daha əsəbi yanaşırlar. Putinin qəfil səfərbərlik elanından sonra ölkədən xaricə kütləvi axın başlayıb. Çoxsaylı rəy sorğuları rusiyalılar arasında narahatlıq və təlaşın yüksəldiyini üzə çıxarıb.

Putinə dəqiq informasiya çatdırılır

“Chatham House”dan Niksi deyir ki, səfərbərlik fərmanı Putinin reallıqdan, yəni Ukraynadakı uğursuzluqdan tam təcrid olunduğunu göstərir.

“Düşünmürəm ki, bu, məlumatsızlıqdı, son səfərbərlik Vladimir Putinə daha dəqiq informasiya verildiyini göstərir. Ona deyirlər ki, işlər yaxşı getmir, o isə dəyişiklik yaratmaq üçün tədbirlər görür. Məncə, Kreml sadə xalqa həssas yanaşır və cəbhədə pisləşən durumla bağlı tədbirlər görməyə çalışır”, – Niksi deyir.

Təhlilçinin fikrincə, Rusiya heç vəchlə məğlubiyyət, yaxud güzəştə getdiyini etiraf etməyəcək. Kremlə qələbə qazandığını elan edə bilmədiyi qısa müharibədənsə, uzanan münaqişə sərfəlidir.

XS
SM
MD
LG