Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:46

Rusiyanın enerji ixracından gəlirləri 100 milyard dollar artır


Bolqarıstanda yanacaqdoldurma məntəqəsi
Bolqarıstanda yanacaqdoldurma məntəqəsi

Ukrayna müharibəsinin Brüssellə Moskvanın münasibətlərini pisləşdirməsi fonunda bu il Rusiyanın təbii qaz ixracının 15 faizədək azalacağı gözlənir

Rusiya bu il enerji ixracından gəlirlərinin 100 milyard dollaradək artacağını proqnozlaşdırır. Buna ixrac həcminin azalmasına baxmayaraq, xammalın bahalanması səbəb olur. Xəbəri “Reuters” hökumət sənədlərinə istinadla yayıb.

Rusiyanın İqtisadiyyat Nazirliyi bu il enerji ixracından gəlirin 338 milyard dollar olacağını gözləyir. Ötən il bu gəlir 244 milyard dollar idi.

Maaş və pensiyaları artırmaq

Gəlirlər reallaşarsa, Rusiya Qərb sanksiyaları fonunda iqtisadiyyatını müəyyən qədər dəstəkləyə bilər.

İxrac gəlirlərinin atması Prezident Vladimir Putinə iqtisadiyyatın resessiyaya girdiyi, inflyasiyanın yaşam standartlarını pisləşdirdiyi bir dönəmdə maaş və pensiyaları qaldırmasına imkan verəcək.

Enerji ixracı Rusiyanın federal büdcə gəlirlərinin təxminən yarısını təşkil edir.

Qazın min kubmetri iki dəfə bahalanıb

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, bu il təbii qazın min kubmetrinin qiyməti iki dəfədən çox artaraq 730 dollara yüksələcək, 2025-ci ilin sonunacan tədricən düşəcək.

Ukrayna müharibəsinin Brüssellə Moskvanın münasibətlərini pisləşdirməsi fonunda bu il Rusiyanın təbii qaz ixracının 15 faizədək azalacağı gözlənir.

Avropa İttifaqı (Aİ) Rusiyadan təbii qaz idxalından asılılığını azaltmaq niyyətindədir. Moskva illərlə blokun əsas qaz tədarükçüsü olub.

Aİ-yə ixracın azalması qismən Çinə ixracın artırılması hesabına kompensasiya ediləcək.

Gələn ilə 256 milyard dollar gəlir

Gələn il üçün İqtisadiyyat Nazirliyi ixracdan 256 milyard dollar gəlir gözləyir ki, bu da 2021-ci ildəkindən yüksəkdir. Gələn il neft və qaz qiymətlərinin rekord səviyyədən düşməsi gözlənir.

Ümumilikdə isə Rusiya iqtisadiyyatı sanksiyalar qarşısında gözlənildiyindən daha yaxşı duruş gətirir. Enerji gəlirində artım hökumətə digər sektorları dəstəkləmək imkanı verir.

Nazirlik bu il iqtisadiyyatın cəmi 4.2 faiz azalacağını, real maaşların 2.8 faiz düşəcəyini gözləyir.

Qurum daha öncə bu il iqtisadiyyatın 12 faizədək kiçiləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Bu, son 30 ilə yaxın müddətdə ən kəskin azalma olardı.

XS
SM
MD
LG