Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:32

Rusiya separatçı Abxaziyada hərbi dəniz bazası tikəcək


Özünü Gürcüstandan müstəqil elan etmiş Abxaziyanın “təhlükəsizlik şurasının katibi” Sergey Şamba Rusiyanın RIA Novosti dövlət xəbər agentliyinə müsahibəsində deyib ki, Rusiya separatçı bölgənin ərazisində hərbi dəniz bazası tikməyə hazırlaşır. Şambanın sözlərinə görə tikintiyə artıq 2024-cü ildə başlanmalıdır.

Şamba deyib ki, hazırda Rusiya gəmilərinin daimi dayanacaq məntəqəsi layihələndirilir və tikintiyə başlanmayıb. O sözü gedən bazada hansı gəmilərin və hansı silahların yerləşdiriləcəyinə dair məlumat verə bilməyib.

Ötən ilin oktyabrında Abxaziya “prezidenti” Aslan Bjaniya demişdi ki, Rusiya ilə qondarma respublikanın ərazisindəki Oçamçira limanında Rusiya hərbi dəniz bazasının yerləşdirilməsinə dair razılaşma imzalanıb.

2017-ci ildə Oçamçirada artıq Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) sahil keşiyinin baza məntəqəsi yaradılmışdı.

Beynəlxalq hüquqi status məsələsi

Burada Rusiya hərbi bazasının yaradılması onun beynəlxalq-hüquqi statusuna dair suallar doğurur. Beləki Gürcüstan ondan qopmuş Abxaziya və Cənubi Osetiyanı özünün Rusiya tərəfindən işğal olunmuş əraziləri hesab edir.

Tbilisi bildirir ki, Moskva separatçı bölgələrin müstəqilliyini tanımaqla və orada öz qoşunlarını yerləşdirməklə Gürcüstanın ərazi bütövlüyünə qəsd edib.

Abxaziya 1993-cü ildə Gürcüstanla müharibənin ardınca müstəqilliyini bəyan edib.

Oçamçira buxtası
Oçamçira buxtası

2008-ci ildə Rusiya və Gürcüstan arasında 5 günlük müharibənin ardınca Rusiya Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliklərini tanıyıb. Abxaziyanın müstəqilliyini yalnız Rusiya və Suriya kimi ona bağlı daha 5 ölkədən başqa heç bir dövlət tanımayıb.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neijpapa bundan əvvəl “Ukrainskaya pravda” qəzetinə müsahibəsində demişdi ki, Rusiya Abxaziyadakı bazanı ehtimalən hazırda Krımda bazalanan gəmi donanmasının şaxələndirilməsi üçün yaradır.

O əlavə etmişdi ki, “bütün donanmanı bir bazada saxlamaq mümkün deyil”.

Abxaziya dəniz bazası üçün daha münasibdir

Ukrayna son aylarda Rusiyanın Novorossiysk və ilhaq olunmuş Krımın Sevastopoldakı gəmilərinə zərbələr endirib və bildirib ki, bu zərbələri gələcəkdə də davam etdirəcək.

Noyabr ayında Ukraynanın Müdafiə Nazirliyi gecə əməliyyatı gedişində Rusiya Qara dəniz donanmasının iki kiçik desant gəmisinin vurulduğunu bildirmişdi.

Dekabr ayında Ukrayna hərbçiləri Feodosiya limanında dayanan “Novoçerkassk” böyük desant gəmisinə zərbə endirmişdi.

Bu hücum nəticəsində Rusiyanın 74 dənizçisinin həlak olduğu xəbər verilmişdi.

Neijpapa müsahibəsində bunu da qeyd etmişdi ki, Abxaziyadakı port küləklərdən müdafiə olunduğu üçün dəniz bazası üçün daha münasibdir.

Onun sözlərinə görə Novorossiysk limanı mürəkkəb hava şəraiti zonasında yerləşir. Qapalı buxtada yerləşən Sevastopol limanına daxil olmaq isə hətta təcrübəli kapitanlar üçün də çətindir.

XS
SM
MD
LG