Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:21

Jurnalistin ölüm işi: “Əl verib yerdən qaldırmaq da cinayətdir?”


Rasim Əliyevin döyülməsi
Rasim Əliyevin döyülməsi

►Vəkil deyir ki, istintaq orqanı bu işdə keyfiyyətə yox, kəmiyyətə, yəni daha çox adamı həbs eləməyə üstünlük verib. Cinayət törətməmiş adamlar da məsuliyyətə cəlb olunub

Jurnalist Rasim Əliyevin döyülüb öldürülməsilə bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir. Hazırda bu prosesdə vəkillərin çıxışları mərhələsidir.

Martın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərin müdafiəçiləri çıxış ediblər. Vəkillərin hamısı bu iş üzrə istintaq zamanı yol verilən qanun pozuntularından, özəlliklə, Rasim Əliyev döyüləndən sonra onu müayinə və müalicə etmiş həkimlərin məsuliyyətə cəlb olunmamasından narazılıqlarını bildiriblər.

“ƏMƏLLƏR DÜZGÜN TÖVSİF OLUNSUN”

Təqsirləndirilən Arif Əliyevin vəkili Fəxrəddin Əliyev həbs olunan şəxslərin əməllərinin düzgün tövsif olunmadığını deyib:

"İstintaq çoxsaylı qanun pozuntuları ilə aparılıb. Bir ifadəni yazıb, iyirmi gündən sonra surətini köçürüb, yeni ifadə kimi təqdim ediblər. Hətta hərf səhvlərinə qədər ifadələr eynidir. Gözləyirdik ki, məhkəmə ədalətli keçiriləcək, qanunvericiliyin tələblərinə əməl olunacaq, amma bu baş vermədi, heç bir vəsatətimiz təmin edilmədi. Dövlət ittihamçısı ədalətsiz və qərəzli çıxış etdi, təqsirləndirilən şəxslərə onlara verilən maddə üzrə ən ağır cəzanı istədi".

Vəkil Rasim Əliyevin həkimlərin səhlənkarlığı nəticəsində dünyasını dəyişdiyini vurğulayıb:

"Bu ölüm hadisəsi açıq-aşkar həkim məsuliyyətsizliyi nəticəsində hadisəsi baş verib. Əgər həkimlər də burada otursaydı, bunlara belə ağır ittiham verilməzdi. Məhkəmə hökmündə həkimlərin məsuliyyəti məsələsinə də qiymət verməli, onların cəzalandırılması üçün müvafiq materiallar prokurorluğa göndərilməlidir".

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________

“ƏL VERİB YERİNDƏN QALDIRMAQ DA GÜNAHDIR?”

Vəkil Arif Əliyevə jurnalistin telefonunu oğurlamağa görə CM-nin 177-ci (oğurluq) maddəsilə verilmiş ittihamın əsassız olduğunu deyib və bu maddə ilə ona bəraət verilməsini istəyib.

Təqsirləndirilən Samir Mustafayevin vəkilləri Ruslan Həsənov və Bəxtiyar Hacıyev isə onun Rasim Əliyevin döyülməsində heç bir günahı olmadığını qeyd edərək, barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

"İstintaq orqanı materialları özünə sərf eləyən qaydada təhrif edib. Rasim Əliyevin ölümündə Samir Mustafayevin nə günahı var? Rasimə əl verib yerdən qaldırmaq da cinayətdir? Samir Mustafayevə qarşı ittiham məhkəmədə sübuta yetirilmədi", - deyə Ruslan Həsənov bildirib.

Bəxtiyar Hacıyev qeyd edib ki, istintaq orqanı bu işdə keyfiyyətə yox, kəmiyyətə, yəni daha çox adamı həbs eləməyə üstünlük verib: "Cinayət törətməmiş adamlar da məsuliyyətə cəlb olunub".

Rasim Əliyevin döyülməsi videosu yayıldı
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

“HANSI TƏRƏFDƏN BAXSAN...”

Təqsirləndirilən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli də Rasim Əliyevin həkimlərin təqsiri üzündən dünyasını dəyişdiyini vurğulayıb:

"Həkimlərin səhlənkarlığı, saxtakarlığı nəticəsində Cinayət Məcəlləsinin 142-ci (xəstəyə kömək göstərməmə) maddəsində nəzərdə tutulan cinayət baş verib. Onlar indiki halda, cinayət məsuliyyətindən kənarda saxlanıla bilərlər, amma Allahın cəzasından qurtara bilməyəcəklər. Hansı tərəfdən baxsan, bu ölüm hadisəsi həkim səhlənkarlığı nəticəsində baş verib. Əgər Rasim Əliyevin vəziyyəti ağır olubsa, o, niyə dərhal reanimasiyaya yerləşdirilməyib, 6-7 saat palatada saxlanılıb? Həkimlərin məsuliyyəti məsələsində zərərçəkmişlərlə təqsirləndirilən tərəfin mövqeyi üst-üstə düşür. Amma təəssüf ki, həkimlərin məsuliyyətə cəlb olunması, heç olmasa, çağrılıb məhkəmədə dindirilməsi barədə çoxsaylı vəsatətlərimizin heç biri təmin olunmadı".

Rəsul Yusifbəyli hüquqlarını müdafiə etdiyi şəxsin Rasim Əliyevi döymədiyini, onun mərhum jurnalistlə təmasda olmadığını təsdiqləyən ekspert rəyinin mövcudluğunu qeyd edərək, Kənan Mədətovun əməlinin CM-nin 307-ci (cinayəti bilib xəbər verməmə) maddəsinə tövsif olunmasını istəyib.

Məhkəmə prosesi martın 10-da davam edəcək.

Rasim Əliyev "Facebook"da futbolçu Cavid Hüseynov barədə şərh yazandan sonra, 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Avqustun 9-da səhərə yaxın xəstəxanada vəfat edib. Bununla əlaqədar altı nəfər həbs olunub. 5 nəfər CM-nin 126.3-cü maddəsi ilə ittiham olunur. Prokuror təqsirləndirilən şəxslərdən Elşən İsmayılov və Arif Əliyevin hər birinə 14 il, Camal Məmmədova 12 il, Kənan Mədətov və Samir Mustafayevin hərəsinə isə 11 il 6 ay olmaqla, təqsirləndirilən şəxslərə ümumilikdə 63 il həbs cəzası istəyib.

Cavid Hüseynov isə yalnız CM-nin 307.1 (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Cavid Hüseynovun işi üzrə icraat ayrılıb və hazırda onun da məhkəməsi davam edir.

Bir qətlin tarixçəsi​
Gözlə

No media source currently available

0:00 0:05:59 0:00

XS
SM
MD
LG