Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:00

Sosial medianı bağlamağa imkan verən qanun qəbul olunur


İnternet bloklama
İnternet bloklama

Layihə prezident tərəfindən imzalanandan sonra şirkətlərin qeydiyyatdan keçmək və ofis açmaq üçün altı ay vaxtları olacaq

Qazaxıstan parlamentinin aşağı palatası – Məclis hakimiyyətin sosial medianı və mesajlaşma platformalarını kiberbullinqdən qorumaq məqsədilə bloklamasına imkan verən qanun layihəsini təsdiqləyib. Müşahidəçilər bu qanunun hakimiyyətə tənqidçiləri susdurmaq imkanı verəcəyini deyirlər.

Qeydiyyatdan keçmək, ofis açmaq

Uşaq hüquqlarının qorunması üzrə qanuna əlavə kimi hazırlanmış layihədə deyilir ki, xarici sosial media şəbəkələri və mesajlaşma xidmətləri Qazaxıstanda qeydiyyatdan keçməli, bu Orta Asiya ölkəsində işləmək üçün yerli ofis açmalıdırlar.

Layihə prezident tərəfindən imzalanandan sonra şirkətlərin qeydiyyatdan keçmək və ofis açmaq üçün altı ay vaxtları olacaq.

Layihəni hazırlamış deputatlar vebsaytları məhkəmə qərarı olmadan bloklamağı da təklif ediblər.

İnternet ekspertləri və fəallar layihəni tənqid edib, onun hakimiyyətə sosial şəbəkə və messencerlərə nəzarəti sərtləşdirmək imkanı verəcəyini deyirlər. Son həftələr ölkədə bu layihəyə bir neçə etiraz aksiyası keçirilib.

Aydın olmayan mətnlər

İnternet istifadəçilərinin hüquqlarını qoruyan Hüquqi Media Mərkəzinin sədri Diana Okremova AzadlıqRadiosu-na deyib ki, layihə üzərində əlavə iş görülməlidir. Çünki uşaqlara qarşı kiberbullinqlə “təhlükəli informasiyanın yayılması” aydın təsnif olunmur.

Okremova sosial narazılığı qızışdırmaqla bağlı digər ziddiyyətli qanunu göstərir. Onun sözlərinə görə, həmin qanundakı “aydın olmayan təsnifatlar” son illər hakimiyyətə onlarla insan haqları fəalını, jurnalisti, bloqeri, dini qrup təmsilçisini həbs etməyə imkan verib.

İnsan haqları fəalları Qazaxıstan hakimiyyətini fərqli düşünənləri susdurmaq üçün qanunlarda bilərəkdən “aydın olmayan mətn”dən istifadədə suçlayır.

Qanun Prezident Qasım Jomart Tokayev tərəfindən imzalanandan sonra qüvvəyə minəcək.

Beynəlxalq insan haqları qrupları Qazaxıstanda sosial şəbəkələrin tez-tez bloklandığını, yaxud məhdudlaşdırıldığını deyirlər. “Freedom House” təşkilatı dünyada internet azadlığına dair illik hesabatında Qazaxıstanı “azad olmayan” ölkə kateqoriyasına salıb.

XS
SM
MD
LG