Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:31

Azərbaycana Qazaxıstandan buğda idxalında rekord artım


Bu ilin ilk iki ayının nəticələrinə görə, Qazaxıstandan Azərbaycana 81 min 723 ton buğda gətirilib.
Bu ilin ilk iki ayının nəticələrinə görə, Qazaxıstandan Azərbaycana 81 min 723 ton buğda gətirilib.

Buğdaya tələbatın ödənilməsi məsələsi son zamanlar Azərbaycanda ən çox müzakirəyə çıxarılan mövzulardan biridir. Yerli istehsal səviyyəsinin yetərsizliyi, qlobal bazarlarda baş verən dalğalanmalar ölkəyə ciddi risklər yaradır. Rəsmi rəqəmlərə görə, Azərbaycan öz buğda ehtiyatının 60 faizini daxili istehsal hesabına ödəyir. Əhalinin qida rasionunda mühüm yer tutan ərzaqlıq buğdanınsa cəmi 25 faizi yerli istehsal hesabına qarşılanır. Bu baxımdan, Azərbaycanda buğda təminatında xaricdən ciddi asılılıq var.

İndiki ortamda buğda idxal olunan əsas ölkələrdə yaranmış durum da Azərbaycanın işini iki qat çətinləşdirən məqamlardan sayıla bilər. Ötən il ölkəyə gətirilən buğdanın 80 faizdən çoxu Rusiyanın payına düşüb. Di gəl, iqtisadiyyatına tətbiq edilən sanksiyalar ucbatından Rusiya hökuməti, taxıl məhsulları da daxil, bir sıra məhsulların ölkədən çıxarılmasına məhdudiyyət qoyub. Bu baxımdan, Azərbaycanın idxal coğrafiyasını şaxələndirmək istəyəndə ilk ağla gələn ölkə Qazaxıstandır. Rəsmi rəqəmlər də 2022-ci il başlayandan bəri Qazaxıstandan buğda idxalında rekord artımlar olduğunu göstərir. Bu ilin ilk iki ayının nəticələrinə görə, Qazaxıstandan Azərbaycana 81 min 723 ton buğda gətirilib. Bu o deməkdir ki, ötən ilin eyni dövrüylə müqayisədə Qazaxıstandan buğda idxalı düz 27 dəfə artıb. Dəyər ifadəsində idxalın həcmi 34 dəfə artıb.

İlin ilk iki ayı boyunca Rusiyadan gətirilən buğda həcmi də ötən illə müqayisədə çoxalıb. Yanvar və fevral aylarında Rusiyadan Azərbaycana 68 min tondan çox buğda idxal edilib. Bu, ötən ilin nəticələri ilə müqayisədə üç dəfədən çox artım deməkdir. Dəyər ifadəsindəki artımsa beş dəfəni üstələyir. Hər iki əsas idxal istiqamətindən idxalın artması bu il ölkəyə toplam buğda idxalını da artırıb. İlin ilk iki ayı ərzində ölkəyə bütövlükdə 150 min tondan çox buğda gətirilib. Ölkənin toplam idxalının 3 faizə yaxını olan bu idxal Azərbaycana 52 milyon dollara başa gəlib. Başqa deyimlə, ölkədən çıxan hər 100 dolların 3-ü buğda idxalına xərclənib.

İdxalda ölkələrin payındakı ciddi dəyişiklik də diqqət çəkir. Ötən il Azərbaycana buğda idxalında Rusiyanın payı 86 faiz idisə, bu il 46 faizə enib. Başqa sözlə, buğda idxalında Rusiyanın payı, az qala, iki dəfə azalıb və əvəzində Qazaxıstanın payı 14 faizdən 54 faizə yüksəlib.

Qazaxıstanın buğda ixracını məhdudlaşdırması Azərbaycana necə təsir göstərəcək?

Qazaxıstan kimi iri buğda ixracatçısının coğrafi olaraq Azərbaycana yaxın yerləşməsi buğda idxalından ciddi asılılığı olan ölkə üçün üstünlük kimi görünə bilər. Ancaq nəzərə almaq lazımdır ki, hazırda qlobal iqtisadiyyatda baş verənlər ərzaq qiymətlərinin yüksəlməsi ilə yanaşı, ərzaq təhlükəsizliyi ilə bağlı çağırışları da gündəmə gətirir. Aprelin 15-də yayılan xəbərdə qeyd edilir ki, bugündən Qazaxıstan buğda və un ixracını üç ay müddətinə, uyğun olaraq, 1 milyon və 300 min tona salacaq. Qadağanın sonra uzadılacağı bəlli deyil. Qazaxıstanın bu il ərzində Azərbaycanın buğda təminatında ən çox paya sahib ölkə olduğu diqqətə alınsa, məhdudiyyətlərin uzanması Azərbaycana da ciddi çətinliklər törədə bilər.

Ukrayna da Azərbaycanla nisbətən yaxın regionda yerləşən iri buğda ixracatçısıdır. Ancaq indiki savaş ortamında Ukraynanın da ixrac imkanları çətinləşir. Bu baxımdan, Azərbaycan buğda idxalının coğrafi strukturunu şaxələndirmək üçün daha uzaq regionlara üz tutmalı olacaq. Bu isə, əlbəttə, daşıma xərclərini artıracaq və məhsulun maya dəyərini yüksəldəcək. Nəzərə almaq lazımdır ki, pandemiya məhdudiyyətləri tətbiq edildikdən bəri dünya iqtisadiyyatında təchizat zənciri ilə də bağlı ciddi problemlər yaranıb və daşıma xərcləri artıb.

Son dövrlər Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı qanunverici dəyişikliklər də gerçəkləşdirilir. Belə addımları da hökumətin yaranmış risklərlə bağlı narahatlığının təzahürü saymaq olar. Məsələn, bu il martın 18-də Nazirlər Kabineti minimum istehlak səbətinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə edilən malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair yeni tədbirləri açıqlayıb. Qeyd edilir ki, iqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər ucbatından dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım qeydə alınır, eləcə də qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində problemlər yaranır. Bu baxımdan, qeyd edilən məhsulların gömrük ərazisindən buraxılışı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçirilə bilər.

Milli Məclisin müzakirəsinə çıxarılan digər bir dəyişiklik təklifində isə ərzaq ehtiyatlarının səfərbərlik ehtiyatlarının tərkib hissəsi olması qeyd edilir. Bu barədə məlumat "Yeyinti məhsulları haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Hazırda qüvvədə olan qanuna əsasən, dövlət ərzaq ehtiyatları dövlət maddi ehtiyatlarının tərkib hissəsidir. Bu məsələylə bağlı bugünlərdə diqqət çəkən daha bir addım da atıldı. Prezident sərəncamı ilə Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Gürcüstan, Qazaxıstan və Türkiyə arasında fəaliyyət göstərən birgə hökumətlərarası komissiyanın tərkibinə daxil edildilər.

XS
SM
MD
LG