Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:16

Paşinyanın hökumətinə qarşı çıxan partiya liderlərinin evlərində axtarış keçirilib    


Jirayr Sefilyan
Jirayr Sefilyan

Ermənistanda hüquq-mühafizə orqanları martın 29-da səhər saatlarından Milli Demokratik Alyans (MDA) partiyası liderlərinin və tərəfdarlarının evlərində və ofislərində axtarış aparır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu axtarışlar, belə görünür, ötən bazar günü Nor Nork rayonu polis idarəsində baş vermiş insidentlə bağlıdır.

Hakimiyətin “terrorçu insident” adlandırdığı bu hadisə zamanı MDA-nın üç tərəfdarı polis məntəqəsinə silahlı müdaxiləyə cəhd etdiyi xəbər verilirdi.

Yerevanın Nor Nork rayonunda polis idarəsinə hücum edənlər martın 24-də qurumun kandarında əl qumbarası partlatmışdılar.

Onlardan ikisi partlayışdan yaralanmış, Stepan Hovakimyan adlı üçüncü şəxs əlindəki qumbaranı partladacağı ilə hədələsə də təhlükəsizlik qüvvələrinə təslim olmuşdu.

Hazırda həmin şəxslər terrorçuluqda və qanunsuz silah qaçaqmalçılığında ittiham edilir.

Kəndlərin Azərbaycana qaytarılmasından narazı olanlar

Bu hücumdan az əvvəl Facebook-da yaydığı videoda Hovakimyan Ermənistanın Azərbaycanla sərhədindəki Tavuş mərzinə gedənlərin saxlanmasını pisləmişdi.

Saxlananlar iddia edirdilər ki, Nikol Paşinyan bu rayondakı əraziləri birtərəfli qaydada Azərbaycana təhvil vermək istəyir.

Söhbət Azərbaycanın Qazax rayonuna aid dörd kəndindən gedirdi.

Azatutyun yazır ki, martın 29-da partiya liderlərindən Jirayr Sefilyan, Qaregin Çuxasızyan, Ara Papyanın və başqa partiya tərəfdarlarının evlərində və iş yerlərində axtarış aparılıb.

Sefilyanın oğlu Vahaqn deyib ki, axtarış saat səhər 7-dən 15 saata yaxın aparılıb.

"Onlar hər yeri dağıtdılar, hər şeyi yoxladılar, dolabları acdılar, mənim otağıma girdilər, kompüterimdəki materiallara baxdılar, kitab rəflərini aşırdılar...”

“Qiyam etmək hüququ”

Azatutyun yazır ki, alyansın saat 13-ə təyin edilmiş mətbuat konfransı axtarışa görə açıq havada keçirilib.

Ara Papyan deyib ki, bütün bunlar alyansı gözdən salmaq üçün edilir:

"Məqsəd fürsətdən istifadə edərək Milli Demokratik Alyansı gözdən salmaqdır. Onlar ayrı-ayrı fərdlərin hərəkətlərini alyansa bağlamağa çalışırlar...”

Alyansın rəhbərliyi polis məntəqəsindəki insidentlə heç bir əlaqəsinin olmadığında israr edir, amma buna baxmayaraq Papyan polisə hücum edənlərin hərəkətlərinə haqq qazandırmağa çalışıb və deyib ki, onların “qiyam qaldırmaq hüququ” var:

"Nəzərə almaq lazımdır ki, onların üçü də (polis məntəqəsindəki insidentin iştirakçıları-red) müharibə iştirakçısıdır, xüsusilə Artur Movsesyan müharibədə övladını itirib...Mən təkrar edirəm: Əgər bunun qiyam olduğunu etiraf etməyim tələb olunursa, bəli, mən bunu qiyam adlandırıram. Onların qiyam etmək hüququ var”.

Qərbyönlü, amma millətçi

Azatutyun yazır ki, Alyans keçmiş Sasna Tsrer partiyasının bazasında yaradılıb.

Bu partiya 2016-cı ildə Yerevandakı polis idarələrindən birini zəbt etmişdi.

O vaxt partiya prezident Serj Sarkisyanın Qarabağ siyasətinə qarşı çıxırdı.

30-dək silahlının iştirak etdiyi həmin basqında üç polis zabiti öldürülmüşdü.

Lakin 2018-ci ildə Paşinyanın “məxməri inqilabı” Sarkisyanı devirəndən az sonra polis məntəqəsinə basqına görə həbs edilənlərin ikisi istisna olunmaqla hamısı sərbəst buraxılmışdılar.

Bununla belə Sasna Tsrer kimi tanınan qruplaşmanın 7 üzvü 2022-ci ilin mayında yenidən həbs olunmuşdular.

2016-cı ilin aprelində baş vermiş 4 günlük müharibədən sonra Ermənistan ictimai rəyində belə bir fikir geniş yayılmışdı ki, Sarkisyan Bakıya güzəştlərə getməyə hazırlaşır.

Sasna Tsrer özünü qərbyönlü və anti-Rusiya təmayüllü partiya adlandırsa da, Qarabağ da daxil, vahid Ermənistan yaradılmasına çağırır.

'Paşinyan özü gəlib yalvarır ki...'
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG