Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:59

Aİ nümayəndəliyi dezinformasiyanı pisləyir, seçkilərə müdaxilə etmədiyini deyir


Avropa ölkələrinin səfirləri AXCP sədri ilə görüşüb
Avropa ölkələrinin səfirləri AXCP sədri ilə görüşüb

Azərbaycanda növbədənkənar parlament seçkilərinə iki həftə qaldığı bir vaxtda ölkənin bəzi ənənəvi müxalifət liderlərinin adı daha tez-tez çəkilməyə başlayıb.

Seçkiləri boykot edən əsas müxalif qüvvə olan AXCP lideri Əli Kərimliyə qarşı keçmiş partiya üzvünün böhtan və təhqir iddiası ilə qaldırdığı iddianı məhkəmə qəbul etməsə də, növbəti proses gələn həftəyə qalıb. Partiya sədri heç kəsi təhqir etmədiyini deyir, AXCP bunu ölkə başçısının birbaşa sifarişi sayır.

Bu həftə hökumətyönlü media orqanının yaydığı məqalədə həm Ə.Kərimli, həm də digər müxalifət partiyası, seçkiyə qatılan Müsavat liderləri – İsa Qəmbər Arif Hacılı hədəfə alındı.

"Qafqazinfo" saytının iddiasına görə, avqustun 12-də Avropa İttifaqının (Aİ) Bakıdakı ofisində səfir Piter Mixalko sözügedən siyasətçilərlə görüşüb, görüşə Aİ-yə daxil olan ölkələrin Azərbaycandakı səfirləri də qatılıblar. Məqalədə deyilir ki, səfir P.Mixalko müxalifəti hazırkı fəaliyyətsizliyə görə tənqid edib, Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrelin narazılığını çatdırıb. İddiaya görə, P.Mixalko müxalifətin Qərbin ayırdığı vəsaitlər qarşılığında yalnız müxalifətçiliyi imitasiya etməsindən gileylənib, seçki dövrü kütləvi tədbirlərin keçirilməsinin zəruri olduğunu deyib, müxalifəti hətta iğtişaşlardan, qarşıdurmadan çəkinməməyə çağırıb.

Məsələ bundadır ki, bu həftə adları çəkilən müxalifət liderləri həmin tarixdə həm Aİ, həm də ayrı-ayrı ölkə səfirləri ilə görüşüblər. Amma ayrı-ayrılıqda. Görüşlərdə ölkədəki irimiqyaslı repressiyaların da müzakirə olunduğu bildirilir.

Müsavat Partiyası Ali Məclisinin sədri A.Hacılı "Qafqazinfo"nun görüşdə müzakirə olunan məsələlər barədə "uydurma və böhtan" yazdığını, müxalifəti cinayət məsuliyyəti yaradan əməldə ittiham etdiyini deyərək təkzib verməyə, üzr istəməyə çağırıb. Hacılı əks halda hüquq müstəvisində tələb irəli sürüləcəyini qeyd edib.

Avropa İttifaqı dezinformasiyanı pisləyir

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi də sözügedən iddiaları "qətiyyətlə" təkzib edir, görüşlərin formatı və məzmunu barədə yazılanları "tamamilə saxta" adlandırır, reallığa uyğun gəlmədiyini bildirir.

"Avropa İttifaqına, Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə, Aİ-nin Azərbaycandakı səfiri və Azərbaycandakı nümayəndəliyinə qarşı belə dezinformasiya hücumlarına təəssüflənir və qətiyyətlə pisləyirik", – nümayəndəlikdən AzadlıqRadiosuna bildirilib.

Açıqlamada daha sonra vurğulanır ki, Aİ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir, bu ölkənin ən vacib ticari və enerji sahəsində strateji tərəfdaşı olaraq qalır.

"Aİ Azərbaycanla onun xalqının rifahı, o cümlədən insan haqlarının qorunması naminə birlikdə işləyir, Azərbaycan cəmiyyətinin bütün seqmentləri, eləcə də siyasi partiyalar və vətəndaş cəmiyyəti ilə təmaslar saxlayır. Bununla yanaşı, Aİ heç bir ölkədə heç bir seçkiyə müdaxilə etmir", – Aİ-nin Azərbaycandakı nümayəndəliyindən AzadlıqRadiosuna deyilib.

Azərbaycanın Avropaya verməyə nə qədər qazı var? (EKSPLEYNER)
Gözlə

No media source currently available

0:00 0:05:30 0:00

Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, hətta blok zaman-zaman bu ölkədə demokratiya və insan haqları kimi dəyərləri Bakı ilə enerji əməkdaşlığına qurban verməkdə ittiham olunub. Brüssel ittihamları rədd edərək fundamental dəyərlərə sadiqliyini vurğulayıb.

İkitərəfli münasibətlərdə ən qalmaqallı bəyanatlara səbəb olan məsələ Aİ-nin Ermənistandakı sərhəd missiyası olub ki, Azərbaycan hakimiyyəti bloku casus göndərməkdə belə ittiham edib. Bu baxımdan, son kampaniyanın niyyətinin sırf parlament seçkiləri öncəsi mümkün narazılığı boğmaq, yaxud daha uzaq hədəflərinin olduğunu demək asan deyil.

Bu həftə baş verənlər son illərin təcrübəsini yada salır. İlham Əliyevin üçüncü dəfə prezidentliyini təmin etdiyi 2013-cü il seçkisindən öncə hökumətyönlü saytlar iddia etmişdi ki, ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan nümayəndəliyinin direktoru Aleks Qriqorievs 3 il ərzində öz şəxsi hesabından 2 milyon dollar çəkərək Facebook-da aksiya çağırışlarına xərcləmək üçün istifadə edib. A.Qriqorievs bunları "yalan" adlandırmışdı.

Elə həmin il qeydiyyatı bitən MDİ bir il sonra Azərbaycanda fəaliyyətini dayandırdı.

Avqustun 14-də ABŞ-nin Bakıdakı səfiri Mark Libbi də Ə.Kərimli ilə görüşüb. Səfirliyin məlumatına görə, səfir müxalifət partiyası sədrinə qarşı ittihamlar barədə məlumat alıb. "Səfir Libbi ABŞ-nin demokratiya, insan haqları və əsas azadlıqlara dəstəyini bir daha vurğulayıb", – məlumatda deyilir.

Emin İbrahimov
Emin İbrahimov

Aclığı dayandıran keçmiş diplomat hökumət mediasının hədəfinə gəlir

Bu həftənin, nə qədər paradoksal görünsə də, nisbətən ürəkaçan xəbəri keçmiş diplomat Emin İbrahimovun həbsdə aclığı dayandırması oldu.

Xuliqanlıq ittihamı ilə saxlanan siyasi fəalın Rusiyaya qarşı fikirlərinə görə cəzalandırıldığı bildirilir.

Yenə "Qafqazinfo"da yer alan məqalədə bu dəfə E.İbrahimov hədəfə alınıb. Yenə Qərb Azərbaycana qarşı geniş miqyaslı hücum planı hazırlamaqda ittiham olunur. İddialara görə, COP29 və parlament seçkilərini pozmaq üçün imkanlar səfərbər edilir, məqsəd həm də Azərbaycanı Qərblə Rusiya arasında döyüş meydanına çevirməkdir. Məqalədə Gürcüstanın qəbul etdiyi "Xarici təsirin şəffaflığı haqqında" Qanunu mədh olunur, onun təsir dalğasının Gürcüstan sərhədlərini aşdığını, Qərbin Cənubi Qafqaz üzrə təxribatçı planlarını pozduğu iddia edilir.

Bu arada Qərb mediasının diqqəti getdikcə daha çox Azərbaycana yönəlir. Bu həftə "Politico" nəşri yazıb ki, dünya biznesi COP29 iqlim konfransına ya nümayəndə göndərməməyi, ya da kiçik heyət göndərməyi planlaşdırır. Bu, həm tədbirin keçirildiyi məkan, logistika, həm tədbiri avtokratik rejimin keçirməsi narahatlığı və həm də Donald Trampın Ağ evə qayıdış ehtimalı ilə bağlıdır

Hazırda Azərbaycanda azı 10 jurnalist, bloqer və ictimai-siyasi fəal həbsdədir. Onlar, əsasən, qaçaqmalçılıqda ittiham olunsalar da, yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları bu cinayət işlərini qurama sayır, hakimiyyətin fərqli düşünənləri təzyiq altında saxladığını, narazıları susdurmağa çalışdığını deyir.

XS
SM
MD
LG