Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:28

Son həbslərin pərdəarxası. 'Trampa arxayındırlar'


'MeydanTV işi': Yeddi jurnalist eyni maddə ilə həbs edildi
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00

'MeydanTV işi': Yeddi jurnalist eyni maddə ilə həbs edildi

İlin son ayı, Qərbdə Milad bayramı öncəsi Azərbaycanda müstəqil mediaya, vətəndaş cəmiyyətinə hücumlar artdı. Məhkəmə bir gündə yeddi jurnalist barəsində həbs qərarı çıxardı. Hakimiyyətin Rusiyanın yanında yer aldığını deyən daha bir politoloq həbs edildi. Bu dəfə ölkədə baş verənlərə kənarda yaşayan təhlilçilərlə nəzər salırıq.

+++

Dekabrın əvvəlindən müstəqil media və vətəndaş cəmiyyətinə qarşı yenidən tətiklənmiş həbs dalğası bu həftə də davam etdi. Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı barəsində hədə-qorxu ilə tələbetmə ittihamı ilə 4 ay həbs-qətimkan tədbiri seçildi. O, həbsini siyasi sifariş sayır.

ABŞ-dən repressiyaları dayandırmaq çağırışı

Elə həmin gün ABŞ-nin dövlət katibi Antoni Blinken həbsdə olan jurnalist, "AbzasMedia" nəşrinin baş redaktoru Sevinc Vaqifqızını qlobal Antikorrupsiya Çempionu elan etdi. Bir gün sonra isə A.Blinken ötən həftə həbs olunmuş hüquq müdafiəçisi Rüfət Səfərova qiyabi olaraq İnsan Hüquqları Müdafiəçisi Mükafatı təqdim etdi.

Dövlət katibi vəzifədən gedərayaq Azərbaycan hökumətinə çağırış edərək həm R.Səfərovu, həm də digər haqsız yerə həbs olunan jurnalistləri, hüquq müdafiəçilərini, siyasi opponentləri azad etməyə çağırdı.

Burada bir məqamı qeyd edək: Ötən həftə ABŞ səfirliyi də jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı repressiyaları dayandırmaq çağırdı. Son illər səfirlik bəyanatlarında daha çox fundamental azadlıqlara hörmət çağırışları səsləndirirdi.

Azərbaycan rəsmiləri bu təltiflərə, hələlik, reaksiya verməyiblər. Ancaq ailəsi R.Səfərovun dekabrın 3-də saxlanmasını elə ABŞ-yə səfərini önləmək məqsədi güddüyünü deyirdi. Yaxud ötən həftə MeydanTV jurnalistlərinin kütləvi həbsinin S.Vaqifqızının mükafatından bir neçə gün öncə baş verməsi diqqət çəkir.

Nə baş verir?

Azərbaycanda son günlər baş verənlərin arxasında nə dayanır? Bunca sərtləşmənin səbəbi nədir? Ötən ilin sonundan başlanan həbs dalğası bir neçə aylıq fasilələrlə davam edib. Artıq 30-dək jurnalist və fəal qaçaqmalçılıq və digər ittihamlarla həbsdədir. Onların hamısı ittihamları qurama sayırlar, peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Milli Məclis üzvləri hamının qanun qarşısında bərabər olduğunu, adamların cinayətlərə görə həbs edildiyini deyirlər. Yerli hüquq müdafiəçiləri isə son günlər həbslərin intensivləşməsini ifadə azadlığının pozulması sayırlar. Onların fikrincə, bütün bunlar cəmiyyətdə qorxu mühiti formalaşdırmaq niyyəti güdür. Üstəlik, Bakıda bir sıra tənqidçilər bu fikirdədirlər ki, Azərbaycan Rusiyanın xeyrinə geopolitik seçim edib, diktaturanın yarım addımlığındadır və repressiyalara da bu kontekstdə baxılmalıdır.

Hakimiyyət təmsilçiləri bu fikirləri qəbul etmirlər, ölkənin xarici siyasətində milli maraqların əsas götürüldüyünü deyirlər. Onlar ölkənin əsas iqtisadi layihələrinin də məhz Qərblə bağlı olduğunu vurğulayırlar.

Altay Göyüşov
Altay Göyüşov

Bakı Tədqiqatlar İnstitutunun rəhbəri, tarixçi Altay Göyüşov Rusiyaya sığınmaq kimi geosiyasi gedişləri taktiki məsələ sayır. Onun fikrincə, əsas məsələ "mahiyyətcə diktaturaya çevrilən" hakimiyyətin qorxması, sabahından əmin olmamasıdır: "Beynində bir fikir var - sülalə hakimiyyətini saxlamaq və davamını təmin etmək. Məhz buna görə də ölkədə hər cür fərqli fikirdən qorxur və tamamilə sıradan çıxarmağa cəhd edir. Belə hakimiyyətin inkişafı daimi sərtləşməni - cəmiyyəti daimi qorxu altında saxlamağı, daimi repressiyaları, azadlıqları addım-addım məhv etməyi ehtiva edir. Yəni, hakimiyyət tutduğu yolda inkişafını davam etdirir. Sadəcə bu inkişaf tərəqqiyə deyil, hazırda Suriyada gördüyümüz kimi, hakimiyyəti uçuruma aparır".

Dekabrın 8-də Suriyada Əsəd rejimi çöküb. Bu həftə Azərbaycan və Türkiyə prezidentləri də Suriya xalqına humanitar yardımı, dəstəyi müzakirə ediblər.

"Trampa arxayındırlar"

ABŞ-dən təhlilçi Pol Qobl isə Azərbaycan hakimiyyətinin müxtəlif qüvvələrlə oynadığını deyir: "İlham Əliyev çoxdan avtoritarlaşıb. Ancaq o bilir ki, xaricdəki müxtəlif qüvvələrin əlinə oynasa, ölkəni idarə edə bilər. Beləliklə, o, bir müddət Moskvaya doğru əyilə bilər, ancaq sonradan müstəqilliyini göstərmək üçün ondan uzaqlaşacaq. Qərbdə sağ-qanad populist qüvvələrin qələbəsi və Çinin yüksəlişi isə ona bunu gerçəkləşdirməyə daha çox fürsət verir".

Azərbaycan prezidenti İlham Əliyev ABŞ-də yenidən hakimiyyətə gələn respublikaçılarla daha yaxşı münasibəti olduğunu gizlətməyib. Üstəlik, son bir ildə Vaşinqtonla Bakının münasibətləri xeyli gərginləşib.

Pol Qobl
Pol Qobl

Elə amerikalı təhlilçi P.Qobl da son həbs dalğası ilə bağlı bu məqama diqqət çəkir. Onun fikrincə, Bakıda güman edirlər ki, ABŞ-də hakimiyyət keçidi onlara hərəkətə keçmək fürsəti yaradır: "Bayden administrasiyasından kiminsə reaksiya verəcəyi ehtimalı azdır. Digər yandan, inanırlar ki, nə edəcəklərindən asılı olmayaraq, İsraillə əlaqələri və İranın qarşısını almaqda potensial rolları səbəbindən (yeni seçilmiş Donald) Tramp administrasiyası arxalarında möhkəm dayanacaq".

Ancaq təhlilçi əlavə edir ki, bunun hətta Azərbaycan hakimiyyətinin özü üçün yaxşı təxmin olub-olmamasını zaman göstərəcək.

Nyu-York Siti Universitetinin professoru Culi Corc isə ABŞ-də seçkilərdən bir neçə gün sonra eurasianet.org portalına deyirdi ki, Tramp ümumilikdə Qafqaz regionunda elə də maraqlı deyil: "Gözləntim budur ki, Tramp administrasiyası Qafqazla bağlı fəallıq göstərməyəcək, özəlliklə də demokratiyanın təbliği və iqtisadi yardım məsələsində".

"Yanlış tərəfə gedirlər"

Bir aya Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) mandatının məsələsinə baxılmalıdır. Qurum ötən ilin yanvarında Bakının öhdəlikləri yerinə yetirməməsini əsas gətirərək mandatı təsdiqləməyib.

Oktyabrın 1-də AŞPA-da keçirilən müzakirədə bildirildi ki, Bakının qurumla əməkdaşlıq yönündə dəyişiklik baş verməyib. Azərbaycandan ən son açıqlama isə belə olub ki, Bakı AŞPA ilə əməkdaşlığa həmişə hazırdır, ancaq bundan ötrü qurum mandatı bərpa etməlidir.

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Liz Kristoffersen AzadlıqRadiosuna deyir ki, əgər 2025-ci ilin yanvarında Azərbaycanın AŞPA-dakı mandatı bərpa olunmalıdırsa, bundan ötrü Bakı bu ilin yanvarında üzləşdiyi tənqidlərlə bağlı irəliləyişə nail olmalıdır. "Təəssüf ki, yanlış tərəfə gedirlər, görünən budur", - həmməruzəçi sözlərinə əlavə edib.

XS
SM
MD
LG