Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:58

Müstəqil film biznesində boşluğu dolduranlar kinoteatrları öldürür?


“Striminq olmadan bir çox filmlərin yaradılması bəlkə də mümkünsüz olardı”

“Striminq olmadan bir çox filmlərin yaradılması bəlkə də mümkünsüz olardı”

“Mubi”, Shudder”, ya da bu yaxınlarda çıxmış “Wild Side TV” kimi ayrıca striminq xidmətləri müstəqil film biznesindəki boşluğu doldurmağa kömək edir, sənət evlərində (arthaus) yeni filmlərin çəkilməsinə töhfə verir.

Polşanın tanınmış kino rejissoru, Avropa Kino Akademiyasının prezidenti Aqniejka Holland müstəqil kino dünyası ilə bağlı həyəcan təbili çalıb və deyib ki, striminq xidmətləri kinoteatr nümayişlərini öldürə bilər.

Müstəqil, yaxud “indie” kimi tanınan filmlər iri meynstrim studiya və prodakşn şirkətlərinin istehsalı olmayan filmlərdir. Belə filmləri çəkən rejissorlarsa həmin studiyalarla çalışmayan, orta və kiçik büdcəni yetərli sayan rejissorlardır.

“İddialı və meydan oxuyan səslər üçün vuruşacağıq”

Ötən həftə Kann film bazarında onlayn çıxış edən Holland striminq platformalarını “kurasiya olunmayan iri qara dəliklər” adlandırıb.

O deyib ki, bu qara dəliklərdə “bizim ən həssas və şəxsi məhsullarımız yoxa çıxa bilər”. Hollandın fikrincə, filmlərin “yalnız alqoritmlər tərəfindən kurasiya olunmasındansa, müstəqil rejissorların gerçək kuratorlara, festivallara, akademiya və tənqidçilərə ehtiyacı var”.

O, daha sonra “biz unikal, nadir, iddialı və meydan oxuyan səslər üçün vuruşacağıq” sözlərini də deyib.

The Hollywood Reporter” yazır ki, buna baxmayaraq, kino dünyasında bir çoxları, o cümlədən Kann bazarında sayca üstün müstəqil kino rejissorları və distribütorlar üçün striminq həyat qaynağı olub. Striminq olmadan bir çox filmlərin yaradılması bəlkə də mümkünsüz olardı.

Pandemiya bütün dünyada kinoteatrların bağlanmasına, tamaşaçıların striminq xidmətlərinə üz tutmasına səbəb oldu.

Belə bir şəraitdə orta büdcəli müstəqil filmlər kinoteatrlarda göstərilə, yaxud bu yolla gəlir gətirə bilməzdi.

Ancaq striminqin yüksəlişi hər şeyi dəyişdi. Həm meynstrim, həm də xüsusi kontent arasında bütün dünyanı əhatə edən rəqabət yarandı.

74-cü Kann Film Festivalından öncə “Mubi” Leos Karaksın “Annette” və Mia Hansen-Lövün “Bergman Island” (“Berqman adası”) filmlərinin Britaniya və İrlandiyada nümayişi üçün bütün hüquqları satın alıb. “Mubi” onları kinoteatrlarda da nümayiş etdirməyi planlaşdırsa da, onun əsas auditoriyası onlayn abunəçilərdir.

“Shudder” qorxu filmləri platforması isə Filip Yan Rımşanın “Mosquito State” (“Ağcaqanad dövləti”) adlı psixoloji trillerinin Şimali Amerika, Böyük Britaniya, İrlandiya, Avstraliya və Yeni Zelandiyada nümayiş hüquqlarını satın alıb. Filmin premyerası ötən il Venesiya Kino Festivalında olub.

“Shudder”in abunəçi sayı ötən il bir milyonu keçib

“Mubi” və “Shudder” kurasiya olunan platformalardır. Başqa sözlə, onlar Hollandı narahat edən, müstəqil filmlərin itib-batdığı “iri qara dəliklər” deyil.

Sayt daha sonra yazır ki, müstəqil kino dünyası təzəlikcə reklamla dəstəklənən on-demand video (AVOD) striminqinin timsalında yeni gəlir mənbəyi tapıb.

İyun ayında “Wild Bunch” adlı alman prokat və satış şirkəti özünün “Wild Side TV” adlı AVOD tipli onlayn platformasını işə salıb. Burada auditoriyaya “Wild Bunch”ın müstəqil filmlər kataloqundan filmlər təklif olunacaq.

“Biz distribüşn dünyasının daha çox və indikindən qat-qat daha tez dəyişəcəyinə inanırıq. ABŞ təcrübəsi olduqca təsirli olub”, - “Wild Bunch”ın icraçı direktoru Vensan Qrimond deyib. O qeyd edib ki, əgər müstəqil kino şirkətləri ayaqda qalmaq istəyirlərsə, onlayn gəlirlərə ayrıca diqqət yetirməlidirlər.

Qrimond eyni zamanda Avropa şirkətlərinin öz platformalarını işə salmadıqları təqdirdə ABŞ nəhənglərinin onların daxili bazarına nüfuz etməsi təhlükəsi ilə üz-üzə qalacaqlarından narahatdır. Bu proses artıq bir çox ərazilərdə başlayıb.

“Biz Avropadan çalışan xidmətlərin olmasına inanırıq. Biz [bu bazarda] yalnız iri Amerika şirkətlərinin ağalıq etməsindən yan keçmək istəyirik”, - Qrimond deyib.

XS
SM
MD
LG