Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:09

2010-cu illərin ən yaxşı alman filmləri


 "Berlinale" beynəlxalq kino festivalı
"Berlinale" beynəlxalq kino festivalı

Alman kinosu daim kino həvəskarlarının maraq dairəsində olub. Alman kinematoqrafçıları kinoda yeni hərəkatların əsasını qoyublar. Almaniya həm də "Berlinale" kimi elit beynəlxalq kino festivalına ev sahibliyi edir.

"Taste of Cinema" bloqu əsrin ilk onilliyində çəkilmiş ən yaxşı alman filmlərinin siyahısını dərc edib.

Siyahı Robert Şventkenin "The Captain" (Kapitan) (2017) və Lars Kraumenin "The Silent Revolution" (Sakit inqilab) (2018) filmləri ilə başlayır.

Çaşqın gəncin macəraları

Yan-Ole Qersterin "A Coffee in Berlin" (Berlində qəhvə) filmi müasir Berlində sadəcə bir fincan qəhvə içmək istəyən bir alman gəncin hipster, realist perspektivindən bəhs edir. Gözəl ağ-qara formatda çəkilmiş filmdə Qerster Berlini yetkinlik, keçid və kimlik haqqında Kafkasayağı bir hekayənin mərkəzinə yerləşdirir. Tom Şillinqin canlandırdığı Nikonun başına gün ərzində xoşagəlməz hadisələr gəlir. O, keçmiş sinif yoldaşları ilə dalaşır, tamaşa zamanı təhqirlə üzləşir, məktəbi atdığı üçün atası tərəfindən danlanır və s. Bütün bunlar yetkin adama çevrilməkdə olan çaşqın bir gəncin macəraları əsasında, özü də poetik və məzəli formada təqdim edilir.

Benyamin Hayzenberqin "The Robber" (Qarətçi) (2010) filmi gərginlik və həyəcanla doludur. Andreas Lustun oynadığı İohann əfv edilmiş cani və marafon qaçıcısıdır. Ancaq əfv dövründə özünü ehtiyatlı aparmağa çalışır. Amma həm də bank yarmağa davam edir.

Emili Atefin "3 Days in Quiberon" (Kibronda üç gün) (2018) filmində alman kinosunun ən böyük ulduzlarından biri olan Romi Şnayderin ömrünün Kibron adlı sahil şəhərciyində keçirdiyi son səhnələri canlandırılıb. Atefin filmi Şnayderin ümumi həyatından çox onun alkoqolizmlə mübarizəsi, analığın öhdəsindən gəlməsi kimi detallara fokuslanır.

Sevgi üçbucağı

Tom Tıkverin "3 (Three)" (Üçlükdə məhəbbət) (2010) filmində Devid Ştrizovla Sofi Roys və Sebastyan Şipper cütlüyü arasındakı sevgi üçbucağından söz açılır. Bu film kvir-kinonun meynstrimə çevrilməsinin mümkünlüyünü göstərən işlərdən biridir. Ərlə arvad bir-birindən xəbərləri olmadan eyni kişi ilə münasibətə başlayır. Bu seksual münasibətlər tamaşaçını itələmir, əksinə, dolaşdırır və maraqlandırır.

Tomas Ştuberin "In The Aisles" (Sıralar) (2018) filmində hadisələr böyük bir mağaza anbarında cərəyan edir. Alman kinosunun iki yüksəlməkdə olan ulduzu Frants Roqovski və Sandra Hüllerin personajları arasında alovlanmaqda olan sevgi hekayəsi yaşanır.

Florian Henkel fon Donnersmarkın "Never Look Away" (Heç vaxt gözünü çəkmə) (2018) filmi XX əsr Almaniya tarixinin əsas məqamlarını əhatə edən tarixi romantik filmdir. İkinci Dünya müharibəsinin başlanğıcından 1960-cı illərə qədər yenidən Tom Şillinqi görürük. Zamanın axını baş qəhrəmanın gözləri qarşısında baş verir. Filmin görüntüləri uzun müddət tamaşaçının yaddaşında qalır.

Ata-qız münasibətləri

Maren Adenin "Toni Erdmann" (2016) filmi müasirləşməkdə olan dünyada ata-qız münasibətləri haqdadır. Sandra Hüllerin işə fokuslanan qəhrəmanı İnes və Peter Simonişekin canlandırdığı Vinfred və Toni ilə onların münasibətləri hekayənin mərkəzində durur. Vinfred İnesin son dərəcə məşğul həyatının bir parçası olmaq istəyir. İnes isə tələbkar işdə çalışır və işinə fokuslanmağa çalışır. Vinfredin əsl hissləri ortaya çıxmağa başlayır. Filmin əsas fokusu ata-qız münasibətləri olsa da, burada Almaniyanın müasir dünyada vəziyyəti haqda da bəzi fikirlər ifadə edilir. Bu filmə təkcə gülmək üçün yox, həm də qəlbi isidən anlara görə baxmağa dəyər.

XS
SM
MD
LG