Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:10

Trampın dövlət katibi vəzifəsinə seçdiyi Marko Rubionun gözündə dünya necə görünür?


ABŞ senatoru Marko Rubio Pensilvaniya ştatının Allentaun şəhərində Donald Trampın seçki təşviqat mitinqində çıxış edir.
ABŞ senatoru Marko Rubio Pensilvaniya ştatının Allentaun şəhərində Donald Trampın seçki təşviqat mitinqində çıxış edir.

ABŞ-da yenidən prezident seçilən Donald Tramp senator Marko Rubionu öz administrasiyasında dövlət katibi vəzifəsinə seçib. Yeni administrasiya dünya üçün olduqca mürəkkəb dövrdə işə başlayacaq. Avropa və Yaxın Şərqdə savaş sürür, Çinlə də rəqabət qızışır.

Demokratiyaların Müdafiəsi Fondunun (bu qurum Vaşinqtonda yerləşir) təhlilçisi Behnam Ben Taleblu deyir ki, Tramp xarici siyasətin bir çox məsələsində sərt mövqe tutan Rubionu bu məsələlərə öz baxışlarını paylaşdığı üçün seçib.

"Rubio güc yarışı, Çin və İrana qarşı dirənmə və maksimum basqı kampaniyasının bərpası kimi bir neçə əsas milli güvənlik məsələsində Trampla ideoloji və siyasi baxışları üst-üstə düşən bir şəxsdir", - Taleblu AzadlıqRadiosuna belə deyib.

Rubio ötən həftə - dövlət katibi vəzifəsinə irəli sürülməzdən öncə mediaya geniş müsahibəsində deyib ki, SSRİ-nin çöküşündən sonra ABŞ-ın onillərlə sürən sorğulanmayan qlobal dominantlıq dövrü bitib və Soyuq Savaşa bənzər dövrlə əvəz olunub. O xəbərdarlıq edərək bildirib ki, ABŞ qlobal öhdəliklər götürməklə öz imkanlarını həddindən çox gərib zəiflədə bilməz və Vaşinqton xaricdəki fəaliyyətlərində "praqmatik" olmalıdır.

"Biz ən güclü ölkəyik, ancaq bizim də resurslarımız məhduddur… Bu üzdən, istər vaxtımızı, istərsə pulumuzu əsas milli maraqlarımıza xidmət edən şeylərə xərcləməliyik", - Rubionun noyabrın 7-də ABŞ-ın EWTN kabel şəbəkəsinə müsahibəsində dediyi sözlərdir.

Kubaəsilli amerikalı olan Rubio Trampın birinci prezidentliyi dönəmində onun Venesuelaya dair siyasətinin formalaşdırılmasında önəmli rol oynayıb. O zaman "The New York Times" Rubionu "Trampın Latın Amerikası üzrə virtual katibi" adlandırmışdı.

Üç dəfə Florida ştatından senator seçilən və 2016-cı il prezident praymerizində Trampın rəqibi olan Rubio Senatın həm Kəşfiyyat, həm də Xarici Əlaqələr komitələrində xidmət etdiyindən bu vəzifəyə bəlli xarici siyasət təcrübəsi ilə gəlir.

Senat təyinatını təsdiqlərsə, 53 yaşlı Rubio dövlət katibi vəzifəsini tutacaq ilk latın amerikalı olacaq.

Azadlıq Radiosunun əməkdaşları Todd Prins və Toni Vesolovskinin hazırladığı materialda deyilir ki, heç sözsüz, Latın Amerikası Rubiodan ötrü önəmli fokus nöqtəsi olacaq. Ancaq Çinin dünyada yüksəlişi, Yaxın Şərqdə İran təhdidi və Rusiyanın Ukraynaya hücumu ABŞ xarici siyasətində daha təcili baxılmalı məsələlərdir.

Donald Tramp Şimali Karolina ştatının Roli şəhərindəki seçkiöncəsi mitinqdə Marko Rubionu salamlayır.
Donald Tramp Şimali Karolina ştatının Roli şəhərindəki seçkiöncəsi mitinqdə Marko Rubionu salamlayır.

Bir nömrəli öncəlik: Çin

ABŞ-ın hərbi, siyasi və maliyyə resurslarına gəlincə, Rubio Çinin əsas fokus nöqtəsi olmasını istəyir.

"Məncə, XXI əsrin gələcəyi, əsasən, Hind-Sakit okeanları hövzəsində nə baş verəcəyindən asılı olacaq. Düşünürəm ki, Çin bizim Avropadakı münaqişəyə ilişib qalmağımızı və Hind-Sakit okeanları bölgəsində baş verənlərə fokuslanmamağımızı istərdi", - Rubio noyabrın 7-də belə deyib.

Konqreslə hökumətin Çin üzrə ikitərəfli komissiyasının həmsədri olmuş Rubio sürəkli şəkildə Çinlə bağlı sərt xətt tutulmasını təbliğ edib.

O, Tayvanın silahlandırılması işlərinə rəhbərlik edib, Çini adaya hücum etməkdən çəkindirmək üçün ABŞ silahlarının və öncül hərbi texnologiyalarının birbaşa Tayvana göndərilməsinə çağırıb.

Rubio Pekinin insan haqları tarixçəsinə də tez-tez münasibət bildirib, ABŞ-ın Çinlə daha yaxşı rəqabət aparmasına yol açacaq sənaye siyasətinin aparılmasına səsləyib və Çin mallarına tariflər qoyulmasını dəstəkləyib.

O, uyğurların zorakı əməyi ilə hazırlanan Çin mallarının idxalına qadağa qoyulmasına və Çinin Tramp dövründə qoyulan tariflərdən yayınmaq üçün istehsalatı Meksikaya yönəltməsinin qarşısının alınmasına çalışıb.

NATO və Ukrayna

Rubio dəfələrlə Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib və ukraynalıları "inanılmaz dərəcədə cəsur və güclü" adlandırıb.

O, 2022-ci ilin fevralında, Rusiyanın tammiqyaslı hücuma başlamasından dərhal sonra Senatda NYET Aktını təklif edənlərdən biri olub. Bu qanunun məqsədi Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi və Rusiyaya qarşı sanksiyaların tətbiqi idi.

Ancaq Rubio Rusiyanın Ukraynaya qarşı müharibəsinin durğunluq nöqtəsinə çatdığını və sonlandırılmalı olduğunu da deyib.

O bu il, Ukraynaya dəstək də daxil, 60 milyard dollarlıq xarici yardım paketinə etiraz edən senatorlardan olub. Son nəticədə apreldə qəbul edilən bu yardım paketi ilə ABŞ-ın Ukraynaya 2022-ci ilin fevralından bəri göstərdiyi yardımın toplam həcmi 175 milyard dollara çatıb. Bu, bütün Avropa ölkələrinin bütövlükdə etdiyi yardımın həcmi qədərdir.

Rubio bu qeyri-tarazlığı vurğulayıb və Vaşinqtonun Asiyada Çinlə üzləşə bilməsi üçün Avropanı öz güvənlik məsələlərində daha böyük rol oynamağa təşviq etməli olduğunu deyib.

Rubio ötən həftə EWTN-ə verdiyi müsahibədə ABŞ-ın hər 10 aydan bir Ukraynaya on milyardlarla dollar ayırmasını gözləməyin "qeyri-realist" olduğunu deyib. O deyib ki, NATO-nun avropalı üzvləri alyansdakı paylarını artırmalıdır: "Hər gün biz ölkəmizdə öz amerikalılarımıza necə yardım edəcəyimiz üçün baş sındırırıq".

Senator Marko Rubio Qərbi Mayamidə seçki kampaniyası mitinqində çıxış edir.
Senator Marko Rubio Qərbi Mayamidə seçki kampaniyası mitinqində çıxış edir.

Rubio Rusiyanı ABŞ-ın güvənliyinə təhdid saysa və Ukraynanın suverenliyi və müstəqilliyini dəstəkləsə də, Kiyevin savaşı sonlandırmağa doğru getməli olacağını söyləyib. Onun sözlərinə görə, inanılmaz itkiləri olsa da, Rusiyanın əlində savaşı sürdürməsinə imkan verəcək qədər çox resurs, o sıradan silah və canlı qüvvə var.

İran

Yaxın Şərqdə isə Rubio uzun müddətdir İranla bağlı sərt mövqe tutur, İranın teokratik hökumətini HƏMAS və "Hizbullah" kimi qrupları maliyyələşdirdiyi üçün "terrorçu rejim" adlandırır.

O, senator kimi ABŞ prezidenti Barak Obamanın 2015-ci ildə İranla nüvə sazişini kəskin tənqid edib. Bu saziş sanksiyaların yumşaldılması müqabilində Tehranın nüvə proqramının dayandırılmasını nəzərdə tuturdu.

Razılaşmanın tənqidçiləri onun İranı gücləndirdiyini, sanksiyaları həddindən artıq yumşaldaraq İrana nəfəs almaq imkanı verdiyini, əvəzində də İrandan bir gün nüvə bombası istehsal etməyəcəyinə dair təminat almadığını iddia edirlər. 2018-ci ildə, o zaman prezident olan Tramp ABŞ-ı bu sazişdən birtərəfli qaydada geri çəkərək İrana qarşı sanksiyaları bərpa etdi.

Rubio bu yaxınlarda İranın cəzalandırılması üçün üç qanun layihəsinin həmmüəllifi olub. Bu üç qanun layihəsi bu il qəbul edilib. Həmin qanunlar İranın neft ixracına, aparıcı liderlərinə və HƏMAS-ı dəstəkləyən xarici qurum və hökumətlərə sanksiya qoyulmasını nəzərdə tutur.

Sentyabrda Rubio Bayden administrasiyasını İrana qarşı neft sanksiyalarının tətbiqində çox ləng davrandığı üçün tənqid edib. Bu sanksiyaların məqsədi İran hökumətinin maliyyə imkanlarını ciddi ölçüdə zəiflətməkdir. Bayden administrasiyası insan haqlarına dair sanksiyalar məsələsində də hərəkət etməyib.

İsraili açıq dəstəkləyən Rubio İsrailin özünü İranın təhdidlərindən müdafiə etməsini də dəstəkləyir. Oktyabrın 1-də Tehranın İsrailə raket zərbələri endirməsindən sonra Rubio İrana asimmetrik cavab verilməsinə çağırıb.

Əfqanıstan

Rubio hər zaman "Taliban"la bağlı sərt mövqe tutub. O, martda Senatda ABŞ-ın "Taliban" hakimiyyəti altındakı Əfqanıstana yardımına son qoyulmasını tələb edən qanun layihəsi təklif edib. Rubionun iddiasına görə, bu pulların bir hissəsi terrorçu qruplara ötürülə bilər.

""Taliban"ın nəzarət etdiyi Əfqanıstan ABŞ-ın milli güvənlik maraqlarına və bizim Yaxın Şərq və Orta Asiyadakı müttəfiqlərimizə birbaşa təhdiddir", - Rubio Senat qarşısındakı çıxışında belə deyib.

XS
SM
MD
LG