Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:15

Lavrovun Mirzoyan ilə 'qısa' söhbəti. Kremlin Paşinyanı görmək ümidi


Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan noyabrın 30-da ATƏT  xarici işlər nazirlərinin Skopyedə keçirilən iclasının əsnasında görüşüblər
Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan noyabrın 30-da ATƏT  xarici işlər nazirlərinin Skopyedə keçirilən iclasının əsnasında görüşüblər

Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey LavrovArarat Mirzoyan noyabrın 30-da ATƏT xarici işlər nazirlərinin Skopyedə keçirilən iclasının əsnasında görüşüblər.

Rusiya XİN “qısa söhbət” adlandırdığı görüş zamanı Lavrov və Mirzoyanın Rusiya-Ermənistan münasibətlərini və Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdikl'rini bildirib.

Məlumatda hər hansı konkret qarşılıqlı anlaşmadan söz açılmır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Ermənistan XİN-in “son dərəcə qısa” məlumatında bildirilir ki, “Mirzoyan bir daha Rusiyanın siyasəti və qarşılıqlı və regional məsələlərdə atdığı addımlara Yerevanın münasibətini bildirib”.

Azatutyun yazır ki, Rusiya və Ermənistan arasındakı münasibətlərdə son ayların soyuqluğu davam edir.

Yerevan Moskvanı Ermənistanın təhlükəsizliyinə dair öhdəliklərinə əməl etməməkdə günahlandırır.

Öz növbəsində Moskva baş nazir Nikol Paşinyanı Rusiya-Ermənistan münasibətlərini “dağıtmaqda”, ölkənin səmtini Qərbə tərəf çevirməkdə ittiham edir.

Borrel Mirzoyanla görüşü “əsaslı” adlandırıb

Skopye toplantısında Ararat Mirzoyan Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrellə də görüşüb.

Borrel noyabrın 30-da X sosial media platformasında yazdığı postda bu görüşü “əsaslı” adlandırıb və qeyd edib ki, onlar Ermənistanla “münasibətlərin dərinləşdirilməsi yollarını və Aİ-nin Yerevana dəstəyini” müzakirə ediblər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Ermənistan XİN-in məlumatına istinadla yazır ki, bu görüş zamanı Azərbaycanla münaqişə də gündəlikdə olub.

Mirzoyan görüş zamanı “Ermənistanın ərazi bütövlüyü və suverenliyinə qarşı hədələrin dəf olunmasının mühümlüyünü” vurğulayıb.

Borrelin postunda deyilir ki, Aİ Cənubi Qafqazda davamlı və hərtərəfli sülhün əldə olunmasına sadiq qalır.

Yardım “kreditlər” şəklində ediləcək

Azatutyun yazır ki, bu görüş Avropa Komissiyası və Aİ Xarici Fəaliyyət Xidməti nümayəndə heyətinin Yerevana üçgünlük səfərinin başa çatdığı bir vaxta təsadüf edib.

Aİ-nin bəyanatında bu görüşün nəticələri barədə deyilir:

“Görüşlərdə Ermənistan və Avropa İttifaqı arasında təhlükəsizlik və müdafiə sahəsində dialoq və əməkdaşlığın davam etdirilməsində qarşılıqlı maraq bir daha təsdiqlənib. Aİ, məsələn, Avropa Sülh Fondu vasitəsilə Ermənistan hərbiyyəsinə qeyri-döyüş dəstəyinin verilməsi məsələsini öyrənəcək”.

Azatutyunun yazdığına görə Ermənistan parlamentinin spikeri Alen Simonyan iyul ayında demişdi ki, Yerevan bu fonddan “texniki yardım” istəsə də onun bu ricası Brüssel tərəfindən qəbul edilməyib.

Aİ-nin bəyanatında deyilir ki, blok Ermənistana iqtisadi və sosial dəstək üçün 500 milyon avro vəsait “səfərbər edib”.

Bu da qeyd olunur ki, bu vəsaitin əksər hissəsi Ermənistana Avropa Yenidənqurma və İnkişaf Bankının kreditləri şəklində verilməlidir.

Peskov: “Əgər cənab Paşinyan gəlsə...”

Bu arada Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov ümid etdiyini bildirib ki, baş nazir Nikol Paşinyan keçmiş sovet respublikaları başçılarının qarşıdan gələn görüşündə iştirak edəcək.

Bu görüşün dekabrın sonlarında ənənəvi olaraq Sankt Peterburqda keçiriləcəyi gözlənilir.

Peskov deyib ki, Putin Paşinyanla həm də MDB, həm də Avrasiya İqtisadi İttifaqı sammitlərinin əsnasında ayrıca görüşə bilər:

“Əgər cənab Paşinyan gəlsə və onu da burada hamı kimi gözləyirlər, bu, danışqılar üçün əla imkan olardı”.

Paşinyan MDB-nin oktyabrın əvvəllərində Qırğızıstanın Bişkek şəhərində keçirilən sammitinə qatılmayıb.

Azatutyun yazır ki, o habelə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ötən həftə keçirilən sammitini də boykot edib.

Azatutyunun yazdığına görə Paşinyanın administrasiyası onun Sankt Peterburq görüşünə gedib-getməyəcəyi barədə məlumat verməyib.

Putinin xarici siyasət müşaviri Yuri Uşakov bu həftənin əvvəlində demişdi ki, Paşinyanın qarşıdan gələn tədbirlərə qatılacağını gözləyir.

Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan noyabrın 28-də demişdi ki, Paşinyan Avrasiya İqtisadi İttifaqının sammitinə getməlidir, çünki Ermənistan bu təşkilata rotasiyalı sədrliyi qəbul edəcək.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG