Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:06

'Daha çox işgəncə verilməsin deyə, narkotiki cibimə atanın videoda adını çəkmədim...'


İlhamiz Quliyev
İlhamiz Quliyev

Bir ildir həbsdə olan ictimai fəal İlhamiz Quliyevə 3 il həbs cəzası kəsilib. Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

İ.Quliyevə Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, saxlama) maddəsi ilə ittiham verilmişdi. Prokuror bu maddəyə dayanaraq ona 7 il həbs cəzası istəmişdi. Ancaq hakimlər satış məqsədini ittihamdan çıxarıb və onu CM-in 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda narkotik əldəetmə) maddəsinə çevirib.

İctimai fəal özünü, ümumiyyətlə, təqsirli bilmir. O, hökmdən öncə də son sözündə onu şərləyib həbs etdiklərini deyib. İ.Quliyevin sözlərinə görə, cibinə narkotiki də Yasamal rayonu, 28-ci polis bölməsində Nicat Abdullayev adlı polis əməkdaşı atıb: "Cənab hakim, istintaq vaxtı çəkilmiş videoya baxdınız, orada da deyirəm ki, bu narkotikin mənə aidiyyəti yoxdur. Amma daha çox işgəncə verilməsin deyə, narkotiki cibimə atanın videoda adını çəkmədim...".

İ.Quliyev həbs olunmasını polislərin ictimai-siyasi fəalları necə şərləməsi haqda "AbzasMedia"ya müsahibəsinə görə ondan qisas alınması sayır. Deyir ki, ötən il oktyabrın 5-də ölkədən çıxışına məhdudiyyət qoyulduğunu biləndə artıq həbsi üçün hazırlıq getdiyini bildiyindən vəkillə müqavilə bağlayıb. İctimai-siyasi fəalların, əsasən, narkotiklə şərləndiyini anladığına görə öncədən gedərək narkoloji mərkəzdə müayinədən keçib və narkotik istifadəçisi olmaması haqda rəy alıb.

"Bu, qisasdır. Məhkəmədən bəraət tələb edirəm, amma ədalət gözləmirəm", - İ.Quliyev son sözündə belə deyib.

Qısa müşavirədən sonra Azər Tağıyevin sədrlik etdiyi hakimlər kollegiyası hökmü açıqlayıb.

Xatırlatma

İ.Quliyev ötən il dekabrın 4-dən həbsdədir. O, məhkəməyə ifadəsində deyib ki, əvvəllər polis orqanlarında müstəntiq köməkçisi çalışdığından həmin sistemdə baş verənləri bilirdi. "AbzasMedia"ya anonim şəkildə verdiyi müsahibədə polisdə narkotiklə şərləmə əməliyyatlarının necə gerçəkləşdirildiyi barədə danışıb. Bu materialın yayımından bir neçə gün sonra – 2023-cü ilin oktyabrında inzibati qaydada 30 sutka həbs olunub. İddia edilib ki, küçədə telefonla danışanda söyüş söyüb, həmin vaxt ondan özünü intizamlı aparmasını tələb edən polislərə tabesizlik göstərib.

İ.Quliyev inzibati həbsdən buraxılandan sonra ölkədən çıxmaq istəsə də, hava limanından geri qaytarıldığını söyləyib. Ölkədən çıxışına qadağa qoyulduğunu o vaxt öyrənib.

Daxili İşlər Nazirliyi (DİN) İ.Quliyevin şərlənməsi barədə dediklərini təkzib edib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, o, konkret fakt əsasında saxlanılıb.

DİN-in mətbuat xidməti İ.Quliyevin əvvəllər daxili işlər orqanları əməkdaşı olması barədə deyilənləri də yalanlayıb: "O, heç vaxt polis əməkdaşı olmayıb".

Hazırda Azərbaycanda onlarla ictimai-siyasi fəal narkotik ittihamı ilə həbsdədir. Onlar bu ittihamın qurama olduğunu, siyasi baxışlarına, tənqidi fikirlərinə görə şərlənib həbsə atıldıqlarını deyirlər.

Hökumət təmsilçiləri ölkədə heç kimin siyasi baxışlarına, fikirlərinə görə təqib olunmadığını iddia edir.

XS
SM
MD
LG