Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:45

"Azərbaycanda minlərlə siyasi məhbus var"


►Prezident Administrasiyasının təmsilçisinə nədən etirazlar bildirildi?

Aprelin 19-da “Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi”nin (VCMK) “Azərbaycanda vətəndaş cəmiyyətinin çağdaş durumu: dəyişikliklər üçün nə etməli?” mövzusunda forumu keçirilib.

Müzakirələrdə onlarla QHT, KİV nümayəndəsi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı, Norveç və İsveçin Azərbaycandakı səfirləri iştirak ediblər. Maliyyə və Ədliyyə nazirlikləri foruma dəvət edilsələr də, nümayəndə göndərməyiblər.

"Bu düzəlişlər Konstitusiyaya ziddir"

“Azərbaycanda son illər QHT-lərlə bağlı qanunvericiliyə 26 düzəliş edilib. Düzəlişlər Avropa İnsan Hüquqları Konvensiyası və Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil edir. Bu gün, hansı şərait yaradılmasından asılı olmayaraq mövcud qanunvericiliklə fəaliyyət göstərmək mümkün deyil. Ya yeni qanun hazırlanmalı, ya da qanunvericilik aktları 2009-cu il səviyyəsinə gətirilməlidir”- hüquqşünas Ələsgər Məmmədli forumdakı çıxışında belə deyib.

Onun sözlərinə görə, QHT-lərə bank hesabları, qrantların qeydiyyatı, ölkədən çıxış ilə bağlı çoxsaylı problemlər yaradılıb.

Bir gün və yüz gün...

“Hüquqi şəxs olan kommersiya təşkilatı “bir pəncərə” prinsipi ilə bir gün ərzində, QHT isə 100 iş günü ərzində Ədliyyə Nazirliyində qeydiyyata alınır”-deyə hüquqşünas bildirib.

O qeyd edib ki, son iki ildə, ümumiyyətlə, qrant müqavilələri qeydə alınmayıb:

“Qrant müqavilələrinin qeydiyyatı ilə bağlı norma da yoxdur. Köhnə norma ləğv edilib, yenisi qəbul edilməyib”.

Norveç və İsveç səfirləri ölkədə vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı son zamanlar müsbət irəliləyişlərin olduğunu bildiriblər.

“Ümid edirik, bu irəliləyişlər davam edəcək və vətəndaş cəmiyyətinin fəaliyyəti daha da genişləndiriləcək”,- deyə Norveçin Azərbaycandakı səfiri Bord İvar Svendsen qeyd edib.

___________________________________________________________

Bunlara da bax:
Cəbhə xətti - Talış kəndindən yeni görüntülər
Azərbaycanlılar sərhəddə 12 kilo qızılla tutuldular

___________________________________________________________

"Şərait ağırdır"

Rasional İnkişaf Cəmiyyətinin rəhbəri Şəhla İsmayılova ölkədə QHT-lərin çox ağır şəraitdə fəaliyyət göstərdiyini bildirib. Onun deməsinə görə, hazırda fəaliyyətdə olan QHT-lər yalnız şəxsi fədakarlığın nəticəsində “ayaq üstə” qalıb:

“Biz QHT təmsilçisi olduğumuz halda, nədən adımız antihökumət təşkilatı kimi çağrılır. Bu baxış dəyişdirilməsə, fəaliyyət göstərmək çox çətindir. Regionlarda fəaliyyət göstərmək, layihələr həyata keçirmək xüsusilə çətindir. Hər bir tədbir üçün ayrıca şifahi icazə alınmalıdır”

Forumda “siyasi məhbus” mövzusu da müzakirə edilib.

Prezident Administrasiyasının əməkdaşına etiraz

“Siyasi məhbusların bir qismi həbsdən azad edilib. Ümid edirik ki, həbsdə qalan siyasi məhbuslar da azadlığa qovuşacaq. Nəhayətdə Azərbaycan siyasi məhbussuz ölkə olacaq və insanlar daha siyasi mülahizələrlə həbs edilməyəcək”-deyə hüquq müdafiəçisi Arzu Abdulllayeva bildirib.

Prezident Administrasiyasının ictimia-siyasi məsələlər şöbəsinin əməkdaşı Gülsel Səfərova isə ölkədə insanların siyasi mülahizələrlə həbs edilmədiyini və siyasi məhbusların olmadığını deyib.

Bu zaman müzakirələrdə iştirak edən keçmiş məhbuslar Əvəz Zeynallı Hilal Məmmədov etiraz edib.

“Bu gün siyasi məhbus məsələsində hökumətin mövqeyi dəyişməyib. Siyasi mülahizələrlə məni həbs edib, sonra azad edib tərif gözləyirlər. Şəxsən mən qəzet redaktoru kimi tənqidi məqalələrimə görə, siyasi sifarişlə həbs edilmişəm. Biz əfv istəmirik, bəraət uğrunda hərəkat yaratmalıyıq”-deyə Əvəz Zeynallı qeyd edib.

Hilal Məmmədov: “Siyasi məhbsuların sayı yüzlərlə yox minlərlədir”

Hilal Məmmədov isə uzuan müddət müəllimlik fəaliyyəti ilə məşğul olduğunu, narkotikin rənginin belə bilmədiyini deyib:

“Məni narkotik ittihamı ilə həbs etdilər. Həbsimə qədər narkotikin rənginin və iyinin necə olması barədə təsəvvürüm yox idi. Həbsxanada narkotik ittihamı ilə həbsdə olan çoxsaylı insan görəndən sonra onun “nə olduğunu” başa düşdüm. Tikinti maqnatını narkotiklə həbs ediblər. Belə insanların, yəni siyasi məhbsuların sayı yüzlərlə yox minlərlədir. Tikinti maqnatının narkotiklə həbsi siyasi deyil, bəs nədir?”

“Media təbliğat vasitəsidir və idarə olunur”

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə medianın durumunun daha ağır olduğunu diqqətə çatdırıb:

“Ölkədə media kommersiya təşkilatı deyil. Media təbliğat vasitəsidir və idarə olunur”.

O deyib ki, 2013-cü ildə media ilə bağlı qanunvericilik daha da sərtləşdirilib:

“Amma nədənsə jurnalistlər narkomaniya, xuliqanlıq, dələduzluq, dövlətə xəyanət ittihamları ilə həbs edilir. Diffamasiya ittihamı ilə həbs edilən jurnalist yoxdur. Digər tərəfdən isə böhran dövründə hökumət bir qrup jurnalistlərə ev verir, yeni saytlar yaradılır”

Qadağalar aradan qalxır?

Konstitusiya Araşdımaları Fondunun rəhbəri Əliməmməd Nuriyev isə QHT və mediyaya qarşı münasibətin dəyişdiyini deyib. Onun sözlərinə görə, QHT liderlərinin və media təmsilçilərinin həbsdən azad edilməsi davam edəcək:

“Artıq QHT-lərin və onların rəhbərlərinin bank hesablarına qoyulmuş həbslər, xaricə çıxışlarına məhdudiyyətlər aradan qaldırılıb. Qrantlarla bağlı problemlər həllini tapır”

Tədbirin moderatoru, “ Azərbaycan Demokratiya və Rifah” Hərəkatının rəhbəri Qubad İbadoğlu da vətəndaş cəmiyyəti institutlarının mövcud durumunu dəyərləndirib. O, bu forumu hakimiyyətin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı baxımından yeni şans adlandırıb.

Bəzi müsbət dəyişikliklər var

O qeyd edib ki, hazırkı situasiyada müşahidə olunan bəzi müsbət dəyişikliklər vətəndaş cəmiyyətinin inkişafına keçid dövrünün başlanğıcı ola bilər. Lakin bu dəyişikliklərin dayanıqlı və uzunmüddətli olmalıdır. Onun geniş müstəvidə tətbiq olunması zəruridir:

“Odur ki, QHT-lər üçün yeni və vahid baza qanunu işlənilməli, bütün mühafizəkar qaydalar ləğv olunmalıdır. Yerli və xarici QHT-lərin fəaliyyət mühiti yaxşılaşdırılmalıdır ”.-deyə o qeyd edib.

Buna da bax: Serj Sarkisian Qarabağa gedib

Serj Sarkisian Qarabağa gedib
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

XS
SM
MD
LG