Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:42

Əli Əliyevə yenidən hökm oxundu


Əli Əliyev həbs edildi... helikopter qəzasına görə
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

Əli Əliyev həbs edildi... helikopter qəzasına görə

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevə noyabrın 22-də Sabunçu rayon Məhkəməsində yenidən hökm oxunub. Əvvəlki hökmlərdən üzərində qalmış cəza da nəzərə alınmaqla, o, 3 il 6 ay azadlıqdan məhrum edilib.

VİP sədri bu dəfə Bakı İstintaq Təcridxanasında Zabit Nəzərov adlı kamera yoldaşına xəsarət yetirməkdə təqsirli bilinib. Amma özü bu ittihamın saxta olduğunu deyir. Hökmdən əvvəl son sözündə də bildirib ki, son bir ildə baş verənlər həm özünə, həm də rəhbərlik etdiyi partiyaya qarşı repressiyadır.

"Bu münasibət mənə və partiyaya qarşı inkvizisiyadır, ağır repressiyadır. Məqsəd siyasi fəaliyyətimin qarşısını almaqdır. Yaxınlarıma qarşı da çox ciddi basqılar var. Ailə üzvlərimdən biri də tam saxta bir işdə - dələduzluqda ittiham olunur. Əgər fəaliyyətim ölkə üçün bu qədər narahatlıq yaradırsa, siyasətdən getməyə hazıram", – VİP sədri belə deyib.

Cəzasının 4 ilə qədər artırılması tələb olunur

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, 10 aydan çoxdur həbsdə olan Əli Əliyevin üzərindəki 1 illik cəzanın 4 ilə qədər artırılması tələb olunur. Noyabrın 22-də Sabunçu rayon Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Bu məhkəmədə VİP sədri haqqında onun təcridxanada kamera yoldaşına xəsarət yetirməsi ittihamı ilə bağlı cinayət işinə baxılır. Prokuror iddia edib ki, Əliyevə qarşı bu ittiham məhkəmədə sübuta yetirilib. Buna görə partiya rəhbərinə 3 il 11 ay həbs cəzası kəsilməsini istəyib. Lakin əvvəlki hökmlərdən çəkilməmiş təxminən 2 ayı da nəzərə almaqla, Əliyevin 4 il azadlıqdan məhrum olunmasını təklif edib. Bu halda, cəzanın çəkilmə müddəti onun ilk həbs edildiyi gündən – 13 yanvar 2022-ci ildən hesablanacaq.

Prokurordan öncə çıxış edən vəkillər isə, əksinə, VİP sədrinin təqsirsiz, sübutların isə saxta olduğunu vurğulayıblar. Vəkillər bir sıra sənədlərin, şahid ifadələrinin sübutlar siyahısından çıxarılmasını istəyiblər.

Müdafiəçi Şəhla Hümbətova deyir ki, bir neçə şahidin ifadəsi az qala nöqtə-vergülünə qədər eynidir. Müxtəlif adamların fikirlərini tamamilə eyni cümlələr, eyni sözlərlə ifadə etməsi mümkün deyil: "Avropa Məhkəməsi "Layıcov Azərbaycana qarşı" qərarında da şahid ifadələrinin bu şəkildə eyni olmasını onların şübhə altına alınması üçün əsas hesab edib".

Vəkillərin qaldırdığı vəsatətlərin heç biri təmin edilməyib.

"Siz burada özünüzü hakim yox, müstəntiq kimi aparırsız. Haqlı vəsatətlərimizi təmin etməməyiniz artıq hansı mövqedə olduğunuzu göstərir. Sizə ittiham hökmünü artıq veriblər. Siz də elan eləyin, bizim vaxtımızı almayın", – VİP sədrinin hakimə dedikləridir.

Xatırlatma

Əli Əliyev yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) polkovniki Emil Cəfərovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında Yasamal rayon Məhkəməsinin hökmü ilə 5 ay azadlıqdan məhrum edilib. O, DSX polkovnikinə böhtan atmaqda suçlanıb. Cəfərov noyabrın 30-da qəzaya uğramış helikopterdən sağ çıxdığı deyilən iki hərbçidən biridir. Apreldə isə ikinci hərbçi Ramin Cəbrayılovun da eyni məzmunlu iddiası əsasında partiya sədrinin cəzası artırılıb və 6 ay olub.

Əliyev adları çəkilən zabitlərin qəza zamanı helikopterdə olduğuna inanmadığını bildirib və bu fikrinə görə böhtan atmaqda suçlanıb.

Daha sonra Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun iddiası əsasında onun haqqında yeni hökm çıxarılıb. Hökmə əsasən, partiya sədri CM-in 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib və ona 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bu da ona kəsilmiş 6 aylıq əvvəlki cəza ilə birləşdirilib. Beləliklə, Əliyevin üzərində qəti olaraq, 1 il azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

2022-ci ilin avqustunda isə Əliyev Bakı İstintaq Təcridxanasında kamera yoldaşını döyməkdə ittiham olunaraq onun haqqında yeni cinayət işi başlanıb. VİP sədri özünü təqsirli bilmir, kimsəni vurmadığını, zərərçəkmiş qismində tanınan şəxsə heç toxunmadığını deyir. Onun sözlərinə görə, əfv diləmək təkliflərini rədd etdiyinə görə saxta ittihamlarla həbsdə saxlanma müddəti uzadılır.

XS
SM
MD
LG