Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:01

Dəfn üçün birdəfəlik müavinət niyə hamıya verilmir?


Dəbdəbəli qəbirüstü abidələr daha mümkün olmayacaq?
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

Dəbdəbəli qəbirüstü abidələr daha mümkün olmayacaq? (Arxiv. 2017)

Gələn il dəfn üçün birdəfəlik sosial müavinətin 960 manat olması proqnozlaşdırılır. Bu, 2025-ci il üçün büdcə zərfində əksini tapıb. Lakin sözügedən müavinət hamıya şamil edilmir.

Mövcud olan qaydalara görə, dəfn üçün müavinət sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə məcburi dövlət sosial sığorta haqları hesabına verilir.

Sığortaolunanlara dəfn üçün müavinətin məbləği 500 manat, əmək pensiyaçılarına isə onun vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli miqdarında müəyyən olunub. Bu il üçün əmək pensiyaçılarına ödənilən müavinətin məbləği 840 manat təşkil edir.

Bəziləri isə həmin məbləğin azlığından şikayət edir. Ayrı-ayrı şikayətçilər qeyd edirlər ki, məzar yeri qanunla pulsuz olsa da, əslində pulla satılır. Məzarın qazılması və dəfnlə bağlı digər ənənəvi prosedurlar da xeyli pul tələb edir.

"Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2018-ci il dekabrın 4-də verdiyi qərara əsasən, Azərbaycanda qəbiristanlıqlarda məzar yerləri əhaliyə pulsuz verilir, yalnız dəfn xərcləri rüsum şəklində ödənilir.

"Qəbiristanlıqda qiymət oxudular"

Bakıda yaşayan Elçin Məmmədov (adı şərtidir) Azadlıq Radiosuna deyib ki, yaxını vəfat edib: "Qəbiristanlıqda qiymət oxudular. Yerin qiyməti 1300 manat, məzarı qazmaq üçün pul, rəhmətə gedəni yumaq üçün pul. Hələ yasları demirəm. Rəhmətə gedənimiz pensiyaya çıxmamışdı. İşi də rəsmi deyildi. Heç bilmirəm, bizə bu dəfn pulunu verəcəklər, yoxsa yox".

Elşad Musayev
Elşad Musayev

"Nə qədər imkan var, o qədər artırılıb"

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev "Turan"a bildirib ki, bu müavinət məsələsi komitələrdə müzakirə olunub, "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsi artıq ikinci oxunuşdan keçib, ona görə də hər hansı əlavə dəyişiklik gözlənilmir: "Dövlətimizin büdcəsi genişləndikcə sosial yardımlar da artmalıdır. İndi nə qədər imkan var, o qədər artıb. Mənim fikrim odur ki, sosial yardımlar, müavinətlərin miqdarı daha çox artsın. Amma bu, bizim büdcəmizdən asılıdır, büdcəmizdə nə qədər vəsait varsa, ona uyğun da onlar artır. Hazırda büdcədə olan vəsaitlər ədalətli bölünüb".

Gələn il üzrə dövlət büdcəsinin gəlirləri 38.3 milyard manat, xərcləri 41.4 milyard manat proqnozlaşdırılır. Bu il ilə müqayisədə həm gəlirdə, həm də xərcdə 1 milyard manatdan çox artım var.

Deputat əlavə edib ki, gələn ilin büdcəsi sosialyönlü büdcədir: "20.3 faiz bizim müdafiə və təhlükəsizlik xərclərimizdir. Eyni zamanda, Qarabağda bərpa və quruculuq işlərinə gələn il 4 milyarddan çox vəsait gedəcək. Amma xərclərin 41 faizi məhz sosial xərclərdir".

Rəşad Həsənov
Rəşad Həsənov

"Sığorta ödənişi etməyən insanlara tətbiq olunmur"

İqtisadçı Rəşad Həsənov isə AzadlıqRadiosuna mövzu ilə bağlı deyib ki, dəfn üçün müavinətlər sığorta yığımları hesabına formalaşır - bu, vətəndaşın ödədiyi sığorta ödənişlərinin hesabına maliyyələşən mexanizmdir: "Ona görə də bu, sığorta hadisəsi sayılır və heç bir sığorta ödənişi etməyən insanlara tətbiq olunmur. Bu, əmək bazarının leqallaşması istiqamətində, kiçik də olsa, təşviqedici mexanizm kimi təqdim olunur".

Ekspertin sözlərinə görə, gələcəkdə bu müavinətin hamıya verilməsi məsələsi gündəmə gələrsə, bu, iki yolla ola bilər: ya sığorta ödəyənlərin, ya da dövlət büdcəsinin hesabına: "Əslində mən bunun sığorta ödəyənlərin hesabına maliyyələşməsini doğru hesab etmirəm".

R.Həsənov hesab edir ki, məzar yerinin baha olması Azərbaycanda yerli özünüidarəetmə mexanizminin zəif inkişafının fəsadlarıdır: "Normalda icmanın bu kimi qayğıları bələdiyyə institutu tərəfindən həll olunmalıdır. Bələdiyyələrə bu məqsədlə torpaqlar ayrılır. Yalnız bu torpaqlara, məzarlara qulluq məqsədilə büdcə lazım ola bilər ki, istifadəçilərdən müəyyən ödənişlər tələb etməklə məsələni çözmək olar".

Mövzu ilə bağlı bələdiyyələrin mövqeyini almaq mümkün olmayıb.

XS
SM
MD
LG