Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:54

Bəxtiyar Hacıyevə qarşı 52 min manatlıq vergi borcu iddiası var


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Dövlət Vergi Xidməti həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı 52 min manatdan artıq mülki iddia qaldırıb. Bu, iyulun 19-da ictimai fəalın məhkəməsində məlum olub.

B.Hacıyevin işinə yarım ildən çoxdur Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İndi şahidlərin dindirilməsi mərhələsidir. İyulun 19-da məhkəmədə dindirilən şahidlər, əsasən, B.Hacıyevin açdığı xarici dil və təhsil kurslarında dərs verən müəllimlər, xaricdə təhsil üçün müraciət edənlər və ya onların valideynləri olub.

İstintaq dövründə dindirilən və məhkəməyə çağrılması üçün ittiham tərəfin təqdim etdiyi siyahıda adları olan şahidlərdən təxminən 15 nəfər qalıb. Onların məhkəməyə çağrılmasına ehtiyac görməyən B. Hacıyev deyir ki, dindrilib-çağrılanların istintaqdakı ifadələrini qəbul edir. İctimai fəal vaxt itkisinə yol verilməməsini, məhkəmə prosesinin tez yekunlaşıb hökm çıxarılmasını istədiyini vurğulayıb. Bu üzdən, sözügedən şahidlərin istintaqdakı ifadələrinin məhkəmədə elan olunub, qəbul edilməsinə razıdır.

Hakim bildirib ki, şahidlərə bir daha məhkəmə bildirişi göndəriləcək. Əgər yenə gəlməsələr, o halda istintaqdakı ifadələrin açıqlanması məsələsi müzakirəyə çıxarılıb, qərar veriləcək.

İctimai fəal vergi borcunun məbləğiylə razılaşmır

Dövlət Vergi Xidmətinin nümayəndəsi də iyulun 19-da məhkəmədə ifadə verib. O bildirib ki, B.Hacıyevə 52 min manatdan çox vergi borcu hesablanıb. Həmin məbləğin ödənilməsi tələbiylə hazırkı məhkəmədə də ona qarşı mülki iddia qaldırılıb.

Nümayəndə deyir ki, B.Hacıyevin gəlir və xərclərilə bağlı sənədlər onlarda olmadığından, dəqiq hesablama apara bilməyiblər. Bu üzdən, başqa oxşar işlərlə analogiya aparıb, 52 min manatdan çox vergi borcu çıxarıblar.

İctimai fəal bu məbləğlə razılaşmır. O təklif edib ki, gəlir və xərclərilə bağlı sənədlər Dövlət Vergi Xidmətinə təqdim olunsun və həmin sənədlər əsasında hesablama aparılıb qərar verilsin.

Xidmətin nümayəndəsi buna etiraz etməyib.

İctimai fəalın məhkəməsi iyulun 26-da davam edəcək.

Xatırlatma

B.Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs olunanda ona Cinayət Məcəlləsinin 221.2.2-ci (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələriylə ittiham verilmişdi. Bu ittihamlarda söhbət Yasamal rayon Məhkəməsindəki zallardan birində onunla bloger Ülviyyə Alovlu arasındakı qalmaqaldan bəhs olunur.

İstintaqın gedişində B.Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. əlavə ittihamlar irəli sürülüb.

Özünü təqsirli bilməyən ictimai fəal bütün bu ittihamları əsassız sayır. B.Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə və onun sifarişiylə həbs olunduğunu iddia edir. Ona verilən ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG