Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:39

'Amnesty International': Azərbaycanda siyasi motivlərlə həbslər bir ildə iki dəfə artıb


“Abzas Media işi” üzrə həbs olunmuş Elnarə Qasımova
“Abzas Media işi” üzrə həbs olunmuş Elnarə Qasımova

Nüfuzlu beynəlxalq insan haqları təşkilatı – Amnesty International “Dünyada insan haqlarının vəziyyəti 2024” adlı növbəti illik hesabatını açıqlayıb.

Hesabatda deyilir ki, bütün planet boyunca insan haqları 1948-ci il istiqamətinə geriləməkdə davam edir və hazırkı vəziyyəti 1980-ci illərlə müqayisə etmək olar.

Amnesty International təşkilatının hesabatında dünyanın demək olar bütün ölkələrində insan haqlarının hazırkı vəziyyəti təsvir və təhlil edilir.

Hesabatın Azərbaycana aid hissəsində Qarabağın etnik erməni əhalisinin bölgəni bütünlüklə tərk etməsindən, hökumətin ifadə azadlığı üzərinə hücumlarının intensivləşməsindən, etirazların boğulmasından, müstəqil media və təşkilatlara basqılardan, jurnalist və fəalların həbslərindən söhbət açılır.

Hesabatda vurğulanır ki, Azərbaycanda hökumət tənqidçisi olan jurnalistlər, media təmsilçiləri və insan haqları müdafiəçiləri artmaqda olan zorakılıq, qısnama və qanunsuz həbslərlə üzləşirlər.

Ölkənin insan haqları təşkilatlarına istinadla vurğulanır ki, son bir ildə siyasi motivlərlə həbs olunanların sayı iki dəfə artaraq 230 nəfərdən çox olub.

Qanunsuz həbslər

Hesabatda deyilir ki, Azərbaycanda media qanununun qəbul edilməsi vəziyyəti daha da ağırlaşdırıb və hakimiyyətə qeydiyyatından imtina olunmuş media qurumlarını bağlamaq imkanı verib.

Hesabatda ictimai fəal, hazırda həbsdə olan Bəxtiyar Hacıyevdən və bugünlərdə ev dustaqlığına buraxılmış tanınmış alim Qubad İbadoğlundan ayrıca bəhs edilir.

Hesabatda iddia olunur ki, ötən ilin sentyabr və oktyabr aylarında hökumətin Qarabağda keçirdiyi hərbi əməliyyatı tənqid edən onlarca fəal qanunsuz olaraq saxlanıb.

Bu da bildirilir ki, beş nəfər sosial mediada antimüharibə postlarına görə həbs olunub.

Nurlan Qəhrəmanlı, Emin İbrahimovNemət Abbasov iddia olunduğuna görə “ziyanlı informasiya yaymaqda” ittiham olunaraq 30 sutkalıq həbs olunublar.

Hesabatda habelə iddia olunduğuna görə qondarma ittihamla həbs edilmiş həmkarlar lideri Afiəddin Məmmədovun həbsxanada olduğu bildirlir.

AbzasMedia və başqaları

Hesabatda deyilir ki, hakimiyyət ötən noyabr və dekabr aylarında, başqa sözlərlə 2024-cü ilin prezident seçkisindən əvvəl 13 nəfəri, belə görünür onu tənqid etdiklərinə görə qondarma ittihamlarla həbs edib.

Bildirilir ki, tanınmış müxalifət siyasətçisi Tofiq Yaqublu sənədlərin saxtalaşdırılması iddiası ilə həbs olunub.

'Sərbəst buraxılacağımı düşünməmişdim' - 'AbzasMedia işi'ndə dindirmələr davam edir
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

Hesabatda habelə Abzas Media-nın direktoru Ülvi Həsənlinin, onun həmkarları Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Məhəmməd Kekalovun, habelə təhqiqatçı jurnalist Hafiz Babalının qaçaqmalçılıq ittihamı ilə həbs olunmasından söz açılır və vurğulanır ki, bu jurnalistlər hökumətlə bağlı korrupsiya hallarına işıq salırdılar.

Daha sonra deyilir ki, müstəqil jurnalistlər Teymur Kərimov, İbrahim Hümbətov, Əziz OrucovRüfət Muradlı, habelə fəallar Möhyəddin Orucovİlhamiz Quliyev ən müxtəlif ittihamlarla həbs olunublar.

Məmurlar saytlara rüşvət paylayır? Pul verim, məni təriflə!..
Gözlə

No media source currently available

0:00 0:08:42 0:00

Söyüdlü hadisəsi

Hesabatda qeyd olunur ki, hakimiyyət sərbəst toplaşma azadlığını qanunsuz olaraq məhdudlaşdırmaqda davam edib.

Bu xüsusda ötən il iyunun 20-də Gədəbəyin Söyüdlü kəndində polisin etirazçılara qarşı zorakılığı, etirazçı qadınlara qarşı kimyəvi maddə istifadə etməsi vurğulanır.

Bu da bildirilir ki, həmin hadisələrdə onlarca etirazçı xəsarət alıb və saxlanıb.

Azərbaycan hökuməti hələ ki, bu hesabatla bağlı münasibət bildirməyib.

Amma hakimiyyət bir qayda olaraq insan haqları ilə bağlı hesabatlardakı tənqidləri qəbul etmir, onları böhtan və qərəz adlandırır.

Rəsmilər iddia edirlər ki, ölkədə heç kəs siyasi və peşə fəaliyyətinə, habelə azadlıq və hüquqlarından istifadəyə görə təqib olunmur. Onlar bildirirlər ki, həbs və saxlanmalar konkret qanun pozuntularına görə baş verir.

Azərbaycan ölkədə siyasi məhbusların olmasına dair iddiaları rədd edir.

XS
SM
MD
LG