Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:04

Azərbaycan casus proqramından istifadə ilə bağlı AŞPA-nı məlumatlandırmalıdır


Gizli dinləmə
Gizli dinləmə

Avropa Şurasının (AŞ) Venesiya Komissiyası Azərbaycan daxil olmaqla, bir sıra ölkələrdə izləmə qanunvericiliyini dəyərləndirməyə çağırır. Oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) ""Pegasus", digər casus proqramları və dövlətin gizli nəzarəti" adlı hesabat qəbul olunub.

Sənəddə deyilir ki, 2021-ci ildən bəri müxtəlif araşdırmalar Avropa Şurasının bir sıra üzv ölkələrində hökumətlərin "Pegasus" casus proqramından istifadə etdiyini üzə çıxarıb: "Assambleya üzv ölkələrin casus proqramından siyasi məqsədlərlə istifadəsini pisləməlidir, bu, şəxsi həyata sayqı hüququnun, Avropa İnsan Hüquqları Konvensiyasının təmin etdiyi digər hüquqların pozulması deməkdir".

O da bildirilir ki, "Pegasus"dan qanunsuz məqsədlərlə istifadə etmiş dövlətlər AŞPA-nı və Venesiya Komissiyasını bu haqda bilgiləndirməli, effektiv araşdırma aparmalı, qurbanlara kompensasiya ödəməlidir.

Azərbaycan

"Pegasus" qalmaqalında Azərbaycanın da adı çəkilirdi. Hesabatda deyilir ki, Azərbaycanda bu proqramdan jurnalistlər, müstəqil media sahibləri, vətəndaş cəmiyyəti fəallarına qarşı istifadə olunub. Ermənistanla münaqişə dövründə isə "Pegasus"dan Ermənistanda işləyən 12 şəxsə, o cümlədən bir hökumət rəsmisinə qarşı istifadə edildiyi iddia olunur.

Bu ilin mayında yayılmış məlumata görə, aralarında jurnalistlər, hüquq müdafiəçiləri və rəsmilərin də olduğu azı 13 Ermənistan vətəndaşı 2020-2022-ci illərdə "NSO Group"un "Pegasus" casus proqramı ilə izlənib. Siyahıda AzadlıqRadiosunun erməni xidmətinin iki jurnalistinin də adı vardı. AzadlıqRadiosunun keçmiş prezidenti Ceymi Flay (Jamie Fly) jurnalistlərin şəxsi həyatının belə kobud şəkildə pozulmasından qəzəbini, buna görə Azərbaycan hökumətinin məsuliyyət daşıdığına dair güclü şübhələri olduğunu bildirib.

Azərbaycan hakimiyyəti indiyədək ictimai fəalların, jurnalistlərin "Pegasus" proqramı ilə izlənməsi iddialarını cavablandırmayıb.

Tövsiyələr

AŞPA üzv ölkələrin casus proqramından istifadəsini birmənalı pisləyir, ayrı-ayrı ölkələrlə bağlı tövsiyələr səsləndirir. Qurum Azərbaycanı "Pegasus" və digər casus proqramından istifadə ilə bağlı AŞPA və Venesiya Komissiyasını üç ay ərzində bilgiləndirməyə çağırır. Həmçinin iddia olunan izləmə halları üzrə effektiv, müstəqil araşdırma aparılması tövsiyə olunur. Sui-istifadə halları üzrə ya adekvat kriminal, yaxud inzibati sanksiyaların tətbiqi istənilir.

Assambleya Venesiya Komissiyasından xahiş edir ki, üzv ölkələrin hədəfli izləmə qanunvericiliyi və praktikasını dəyərləndirsin. Prioritet ölkələr sırasında Polşa, Macarıstan, Yunanıstan və Azərbaycanın adları çəkilir.

Hakimiyyət təmsilçiləri bu hesabata, hələlik, münasibət açıqlamayıblar.

XS
SM
MD
LG